AZ

NAXÇIVANIN “ALİ VƏZİFƏLİ ŞƏXSİ” KİM HESAB OLUNACAQ? “Bunun üçün Azərbaycan Konstitusiyasında da dəyişiklik edilməlidir”

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fuad Ağayev: “Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələrinə istinad etməyə ehtiyac görmürəm”

Konstitusiya qanunvericiliyi üzrə tanınmış hüquqşünas, vəkil Fuad Ağayev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklikləri “AzPolitika”-ya şərh edib. O, bu dəyişikliklərə olan zərurəti izah edib, daha sonra bunun üçün Azərbaycanda Konstitusiya referendumunun keçirilib-keçirilməyəcəyi barədə suala aydınıq gətirib.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Fuad müəllim, Naxçıvan Muxtar Respublikasının (NMR) Konstitusiyasına hazırda müzakirə olunan dəyişikliyi ümumlikdə necə dəyərləndirirsiniz, bu, hansı zərurətdən yaranıb? 

- Söhbət Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərə dair Azərbaycan Respublikasının Konstitusiya qanunu layihəsindən gedir. Belə bir dəyişikliyə ehtiyac vardımı? Əslində, buna hakimiyyət orqanları qərar verir. Ancaq deyə bilərəm ki, Muxtar Respublikanın Konstitusiyasında dəyişikliklərə ehtiyac vardı. Deməzdim ki, bu dəyişikliklərin hamısını bəyənirəm. Amma Naxçıvanın indiki reallığı ilə keçmiş Ali Məclis sədrinin istefaya göndərilməsindən əvvəlki reallıq arasında ciddi fərqlər mövcuddur. Yəqin ki, bu layihə hazırlanarkən həmin fərqlər də nəzərə alınıb və belə qərara gəlinib ki, bu vəziyyət, bu ziddiyyət aradan qaldırılsın.

Məsələn, təklif olunur ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına bir maddə əlavə olunsun — “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi”. Bilirsiniz ki, belə bir nümayəndəlik artıq xeyli müddətdir fəaliyyət göstərir. Amma indi təklif olunan layihəyə əsasən, həmin səlahiyyətli nümayəndəlik Konstitusiya səviyyəsinə qaldırılır.

- Yeni layihədə Naxçıvan MR-in Ali Məclisinin Sədri artıq ali vəzifəli şəxs sayılmayacaq. Nazirlər Kabineti isə Prezidentə tabe olacaq və icra başçıları da Prezident tərəfindən təyin olunacaq... 

- Bəli, NMR-in Konstitusiyasında Ali Məclisin Sədri artıq “muxtar respublikanın ali vəzifəli şəxsi” adlandırılmır. Yəni, Konstitusiyanın 5-ci maddəsi ümumiyyətlə mətndən çıxarılır. Lakin mən başqa bir maddəyə istinad etmək istərdim. Azərbaycan Respublikası Konstitusiyasının 136-cı maddəsi var və orada göstərilir ki, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi onun Ali Məclisinin sədridir. Maddə özü də belə adlanır: “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi”. Belə olacağı təqdirdə, Naxçıvan MR Konstitusiyasından bu müddəa çıxarılsa belə, hüquqi baxımdan daha yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Ali Məclisin Sədri həmin respublikanın ali vəzifəli şəxsi sayılmağa davam edəcək. Bu da o vaxta qədər belə olacaq ki, Azərbaycan Respublikası Konstitusiyasında müvafiq dəyişiklik edilsin. Bilirsiniz ki, bu dəyişikliklər yalnız referendum yolu ilə mümkündür.

Gələk digər məsələyə. Birbaşa da olmasa, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə tabe idi. İcra başçıları bundan əvvəl də Azərbaycan Prezidenti tərəfindən təyin olunurdular. Yəni, burada deməzdim ki, ciddi dəyişikliklər olub.

Hazırkı Konstitusiyanın 5-ci maddəsinin ikinci hissəsinin 11-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Ali Məclisin Sədri Azərbaycan Prezidentinə təqdimat verir. Bu hissədə mən deməzdim ki, hansısa əhəmiyyətli fərq var. Sadəcə olaraq, təklif olunan yeni layihədə Konstitusiyanın 32-ci maddəsinə yeni bənd əlavə olunur. Orada göstərilir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir. Yəni, fərq ondan ibarətdir ki, burada “azad edilməsinə dair təqdimat” məsələsi yoxdur.

- Fuad müəllim, təklif olunan ən ciddi dəyişikliklərdən biri Konstitusiyadan Moskva və Qars müqavilələrinin adlarının çıxarılmasıdır. Bu hansı hüquqi anlama gəlir? Buna Türkiyə və Rusiyanın müdaxiləsi mümkündürmü?

- Təqdim olunan layihədə bu müqavilələrə dair cümlələrin iki yerdən götürülməsi təklif olunur. Birincisi, Preambuladan. Yəni, yeni Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müqəddiməsinin birinci abzasından bu müqavilələrin adı tamamilə çıxarılır. İkincisi isə Konstitusiyanın birinci maddəsinin ikinci hissəsindən. Mən şəxsən fikirləşirəm ki, müqəddimədən bu hissənin götürülməsinə ehtiyac yoxdur. Çünki bu hissədə Naxçıvan Muxtar Respublikasının yaranmasının hüquqi əsasları, əvvəllər nəyə əsaslandığı və sonradan hansı konstitusiyalar əsasında fəaliyyət göstərdiyi qeyd olunub. Bu, bir növ tarixi-siyasi-hüquqi ekskursdur və preambulalar üçün bu cür yanaşma normaldır. Mən şəxsən hesab edirəm ki, müqəddimədən bu müddəanın çıxarılmasına ehtiyac yoxdur.

Hazırda Konstitusiyanın birinci maddəsinin ikinci hissəsində yazılıb: “Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir”. Yəni, Azərbaycan Respublikası Konstitusiyası artıq Naxçıvan Muxtar Respublikasının statusunu müəyyən edir. Əlavə olaraq, beynəlxalq müqavilələrin Konstitusiya mətnində ayrıca göstərilməsi, Azərbaycan Respublikası Konstitusiyasından fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında yer alıb. Amma düşünürəm ki, buna artıq ehtiyac yoxdur.

Türkiyə və Rusiya buna etiraz edəcəkmi? Mən inanmıram. Etiraz etmələri də lazım deyil. Çünki istənilən dövlətin ayrılmaz tərkib hissəsi olan ərazi onun öz Konstitusiyasına uyğun şəkildə idarə olunmalıdır. Əgər əvvəlki illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına təhlükə mövcud idisə, indi belə əsaslar yoxdur.

- Konstitusiyada qeyd olunub ki, Naxçıvan MR “Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”. Dəyişiklikdən sonra bu statusun aradan qaldırılması zərurəti yaranırmı?

- Şəxsən mən düşünürəm ki, bu dəyişikliklərdən sonra da Naxçıvan “muxtar respublika” adlandırılmağa davam edəcək. İndi ola bilsin, bir müddət keçdikdən sonra bu məsələyə yenidən qayıdılsın. Amma hazırda Konstitusiyada “muxtar respublika” kimi qalır. Bu da o deməkdir ki, “muxtar respublika” kimi qalması məsələsi xüsusi olaraq yenidən müzakirə predmeti deyil.

- Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi üçün Azərbaycanda referendum keçirilə bilərmi? 

- Azərbaycan Respublikası qanunvericiliyində bu, yalnız bir halda tətbiq olunur: əgər ali hakimiyyət orqanları istəyirsə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bundan sonra ali vəzifəli şəxs hesab olunmasın. Yəni, təkcə Naxçıvan Konstitusiyasından bu barədə müddəanı çıxarmaq kifayət etmir. Bununla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməlidir.

E.Rüstəmli

E.Bəyməmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
azpolitika.info

1Mənbələr