AZ

Dənizaşırı ərazilərdə internetə məhdudiyyət, Fransa ilə müqayisədə zəif sürət, yüksək qiymət

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Fransanın Dənizaşırı ərazilərində internetin vəziyyəti, sürət göstəriciləri, qiymət siyasəti və rəqəmsal məhdudiyyətlər üzrə məqsədli şəkildə həyata keçirilən siyasətə dair araşdırma aparılıb.

Publika.az xəbər verir ki, araşdırmada Fransanın Dənizaşırı ərazilərində internet xidmətlərinin mövcud vəziyyəti qiymətləndirilib, internet infrastrukturunun inkişafında mövcud olan əsas məhdudiyyətlər və regionların rəqəmsal transformasiyasını ləngidən başlıca amillər müəyyən olunub.

Araşdırmanın məqsədi Dənizaşırı ərazilərdə rəqəmsal bərabərsizliyin aradan qaldırılması üçün aktual problemləri və perspektivləri elmi əsaslarla təqdim etməkdir.

Dənizaşırı ərazilərdə internetə məhdudiyyət

Araşdırmanın nəticələri göstərir ki, Fransanın Dənizaşırı ərazilərində internet infrastrukturu, habelə internetin sürət və keyfiyyəti Fransanın özü ilə müqayisədə əhəmiyyətli dərəcədə zəif səviyyədədir.

İnternetə çıxış imkanlarının məhdudluğu və texnoloji resursların çatışmazlığı bu regionların sosial və iqtisadi inkişafına mənfi təsir göstərir. Xüsusilə, sosial media və digər onlayn platformalara məhdud çıxış, eləcə də aşağı sürətli internet bağlantıları söz azadlığı və informasiya mübadiləsi sahəsində ciddi çətinliklərə yol açır. Əhali arasında internet istifadəsində yaş, təhsil səviyyəsi və sosial-iqtisadi vəziyyət kimi demoqrafik faktorlar üzrə fərqliliklər müşahidə edilir: Martinik, Qvadelup, Reyunyon, Mayot və Fransız Polineziyası kimi regionlarda yaşlı və az təhsilli qruplar arasında internet istifadəsi daha aşağı səviyyədədir. Bu hallar rəqəmsal bərabərsizliyin mövcudluğunu və regionların rəqəmsal inkişafının qarşısında duran əsas əngəlləri ortaya qoyur.

Fransada və Dənişarı ərazilərdə internetin sürətində kəskin fərq

2025-ci ilin 14 may tarixində aparılmış internetin müvafiq göstəricilər üzrə ölçü vahidləri göstərir ki, Fransanın Lion şəhərində orta internet sürəti 749.62 Mbit/s təşkil etdiyi halda, Kanaki (Yeni Kaledoniya) kimi dənizaşırı ərazilərdə internet sürəti yalnız 0.02-dən 24 Mbit/s-ə qədər dəyişir. Reyunyon, Martinik, Qvadelup, Mayot və Fransız Polineziyasında da internet sürətləri eyni qaydada aşağı səviyyədə qalır. Qeyd edilənlər hökumətin diskriminasiya siyasətini açıq şəkildə ortaya qoyur.

https://x.com/bakuinitiative/status/1936299072027058511

İnternet qiymətləri

Kanakidə (Yeni Kaledoniya) aylıq internet xidmətlərinin qiymətləri 35 ilə 85 avro arasında dəyişir və əsasən köhnəlmiş ADSL texnologiyasına əsaslanır. Bu qiymətlər kontinental Fransada təklif olunan fiber-optik internet xidmətlərinin aylıq 20-30 avro aralığında olması və sürətlərin 100-300 Mbit/s arasında dəyişməsi ilə müqayisədə xeyli yüksəkdir. Dənizaşırı ərazilərdə fiber-optik texnologiyanın geniş tətbiqinə baxmayaraq, infrastrukturun əsasən ADSL üzərində qurulması həm xidmətlərin keyfiyyətinin aşağı olmasına, həm də qiymətlərin yüksək qalmasına səbəb olur. Bu vəziyyət rəqəmsal infrastrukturun modernləşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması sahəsində ciddi çağırışlar yaradır.

Peyk interneti sahəsində Starlink kimi xidmətlərin avadanlıq qiyməti təxminən 350 avro, aylıq abunə haqqı isə 190 avro səviyyəsində müəyyən edilmişdir. Lakin, Fransa bəzi Dənizaşırı ərazilərdə peyk internet xidmətlərinin istifadəsini ARCEP (Elektron Kommunikasiyalar, Poçt və Çap Məhsullarının Paylanması üzrə Tənzimləmə Orqanı) tərəfindən verilən rəsmi lisenziya olmadan qadağan etmişdir. Bu məhdudiyyətlər əsasən milli suverenlik və məlumat təhlükəsizliyi səbəbləri ilə əsaslandırılır. Nəticədə, həm yüksək xidmət və avadanlıq qiymətləri, həm də hüquqi tənzimləmələr peyk internet xidmətlərinin geniş yayılmasının qarşısında ciddi maneələr yaradır.

Seçilən
5
8
publika.az

9Mənbələr