AZ

Bu vulkanlardan qızıl püskürür - Yer nüvəsindən heyrətamiz sızma

Yer kürəsinin 3 000 kilometr dərinliyində yerləşən qızğın metal nüvəsi səssiz şəkildə səthə qızıl sızdırır. Yeni tədqiqatlar Yer nüvəsinin əvvəllər düşünüldüyü qədər təcrid olunmadığını göstərir.

Valyuta.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, qızıl da daxil olmaqla, qiymətli metallar nüvədən mantiyaya, oradan isə vulkanik fəaliyyət nəticəsində səthə çıxır.

Almaniyanın "Göttingen Universiteti"ndən olan tədqiqatçılar Havay adalarındakı vulkanik süxurlar üzərində apardıqları izotop analizləri zamanı nüvədə daha bol olan nadir rutenium izotopunun bu süxurlarda yüksək səviyyədə olduğunu aşkarlayıblar. Bu, Havay lavalarının Yer kürəsinin dərin qatlarından qaynaqlandığını göstərir.

Geokimyaçı doktor Nils Messlin deyib: “Məlumatlarımız sübut etdi ki, nüvədən gələn material – o cümlədən qızıl və digər qiymətli metallar – Yer mantiyasına sızır”.

Qeyd olunur ki, Yer kürəsinin 4,5 milyard il əvvəl formalaşmış nüvəsində planetin qızıl ehtiyatlarının 99,999%-dən çoxu cəmlənib. Uzun illər bu ehtiyatların əlçatmaz olduğu güman edilsə də, son tapıntılar onların kiçik miqdarda da olsa, səthə qədər qalxa bildiyini göstərir.

Bu kəşf Yer daxili proseslərə dair mövcud elmi təsəvvürlərə yenidən baxmağa əsas yaradır və geoloji fəaliyyətin mürəkkəbliyini bir daha ortaya qoyur.

Seçilən
6
valyuta.az

1Mənbələr