AZ

35 yaşlı sahibkarın məşhur robot şirkəti 1,7 milyard dollar dəyərində qiymətləndirildi

Çinli gənc sahibkar Vanq Şinşinin qurucusu olduğu “Unitree Robotics” şirkəti C mərhələli investisiya raundunu uğurla başa çatdırıb.

Valyuta.az xəbər verir ki, Hangjouda yerləşən və humanoid (insana bənzər) robotlar istehsal edən şirkət bu mərhələdə 12 milyard yuan (təxminən 1,7 milyard ABŞ dolları) dəyərində qiymətləndirilib.

Yeni raundda “Unitree” bir sıra nəhəng investorların diqqətini cəlb edib. Məlumata görə, "Geely", "Ant Group" və "HongShan Capital Group" (əvvəllər Sequoia Capital China) şirkətə sərmayə yatırıb. Həmçinin, "Tencent", "Alibaba" və "China Mobile" ilə əlaqəli fondun da bu investisiya mərhələsində iştirak etdiyi bildirilir.

Şirkətin nümayəndəsi investisiya raundunun tamamlandığını təsdiqləsə də, maliyyə detalları ilə bağlı əlavə açıqlama verməyib.

Qeyd edək ki, 35 yaşlı Vanq Şinşin bu il fevral ayında Çin Prezidenti Si Cinpinlə keçirilən xüsusi görüşdə iştirak edib. Görüş Pekin Böyük Xalq Yığıncağı Sarayında baş tutub. Müzakirələrdə Alibaba-nın həmtəsisçisi Cek Ma, Tencent rəhbəri Ma Huateng və DeepSeekin qurucusu da iştirak ediblər. 

2016-cı ildə təsis olunan “Unitree Robotics” hazırda Çin robot sənayesinin öncül adlarından sayılır. Şirkət həm robot itlər (qiyməti 1600 dollardan başlayır), həm də humanoid robotlar (16000 dollar və yuxarı) istehsal edir.

Şirkətin iddiasına görə, “Unitree” hazırda dünya üzrə dördayaqlı robot it bazarının üçdə ikisinə, humanoid sahəsində isə satış baxımından liderliyə sahibdir. Onların robotları yalnız sərgilərdə deyil, həm də Çin Bahar Festivalı, marafonlar, hətta boks döyüşlərində də çıxış edib və böyük maraqla qarşılanıb.

“Unitree”nin humanoid robotları funksionallığı baxımından "Tesla"nın Optimus modeli ilə müqayisə olunur. "Tesla" bu tip robotları 20-30 min dollar aralığında qiymətləndirdiyini açıqlayıb. Unitree-nin robotları isə təxminən 16 min dollardan başlayır və rəqs, masa yığışdırmaq, zibil atmaq kimi gündəlik işləri yerinə yetirmək qabiliyyətinə malikdir.

Vanq Şinşin robotlara marağının 2013-cü ildə başladığını deyir. O, Şanxay Universitetində magistratura təhsili alarkən hazırladığı XDog adlı dördayaqlı robotla yerli müsabiqədə ikinci yerə layiq görülüb.

Bir müddət DJI dron istehsalçısında işlədikdən sonra 2016-cı ildə “Unitree Robotics”i təsis edib. Şirkət 2017-ci ildə ilkin investisiya raundunu başa vurub, 2024-cü ildə isə 1 milyard yuanlıq B mərhələsi üzrə maliyyə cəlb edib. O dövrdə Meituan, Source Code Capital və Shenzhen Capital Group kimi nəhəng investorlar bu raundda iştirak etmişdi.

Sərvanə Rəmixanova

Seçilən
7
valyuta.az

1Mənbələr