BAKI, 21 iyun. TELEQRAF
“Tələbələrimiz İslamı öyrənərkən məzhəblərə bölmürük.Məzhəbləri İslam dininin reallığı kimi təqdim edirik. İnstitutumuz İslam dünyasında nadir ali təhsil müəssisələrindəndir ki, məzhəbüzərində qurulan tədris mövcud deyil”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov məzun günü tədbirində çıxış edərək bildirib.
“Bu gün həm İnstitutumuzun məzun günüdür, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 24 illiyi qeyd olunur. Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə yaradılıb və əsas məqsədimiz ölkəmizin ehtiyac duyduğu, elmi əsaslarla İslamı öyrənən, qanunlara hörmət edən din xadimləri hazırlamaqdır.”
Rektor əlavə edib ki, tədris prosesi vəhdət kontekstində qurulub:
“İnstitut məzunları artıq dini ocaqlarda – məscidlərdə fəaliyyət göstərir, xaricdə də əlaqələr qurulub. Dünyanın 33 ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalamışıq. Bu əməkdaşlıqlar kağız üzərində qalmayıb – tələbə mübadiləsi həyata keçirilir.”