AZ

İnnovasiya və rifah:Kimə nə vəd edir?

21-ci əsrdə qlobal bazarlarda artan rəqabət və innovativ dəyişikliklər iqtisadi artım templərini də sürətləndirir.  Bəs bu tendensiya sosial rifaha necə təsir edir?

Mövzunu "İki sahil"ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov bildirib ki, qabaqcıl iqtisadiyyatlarda biliyə verilən əhəmiyyət və bu sahəyə qoyulan investisiyalar hər il artır. Bilikdən istifadə innovasiyaların inkişafı üçün əlverişli zəmin hazırlayır. Yeni ideyalar, innovativ texnologiyalar, kreativ məhsullar və ya xidmətlər – bunların hamısı innovasiya proseslərinin nümunələridir. Bazar iqtisadiyyatı şəraitində innovasiyalara qlobal texnosahibkarlar daha böyük investisiyalar qoyur. Şirkətlər innovativ fəaliyyətləri ilə yeni məhsullar ərsəyə gətirir, bazar payını artırmağa çalışır və daha çox gəlir əldə etməyi hədəfləyirlər. Bununla belə, maraqlıdır ki, bu cür innovasiyalar həmişə cəmiyyətin ümumi rifahına böyük təsir göstərmir.

İsa Qasımov hesab edir ki, innovasiyalar bəzən iqtisadi artıma səbəb olsa da, bunun müqabilində sosial problemlər öz həllini yetərincə tapa bilmir, bərabərsizlik qalır (hətta bəzən artır), həyat səviyyəsi gözlənildiyi kimi yüksəlmir.

Qlobal bazarda özəl sektor innovasiyaların ən böyük lokomotivlərindəndir. İnnovasiyalara əhəmiyyət verən şirkətlər bazarda rəqabət aparmaq, müştərilərin tələblərinə cavab vermək və şirkətin gəlirlərini artırmaq üçün daim yeni məhsullar və ya xidmətlər formalaşdırırlar. İnnovasiya proseslərinə əhəmiyyət verən iqtisadiyyatlar daha güclü ola bilirlər. Başqa sözlə, bilikdən istifadəni daha çox təmin etməklə, daha çox əlavə dəyər formalaşdıran iqtisadiyyatlar rəqabətdə ön plana çıxır.

2023-cü ildə dünyanın tədqiqat və inkişaf xərcləri təqribən 3 trilyon ABŞ dolları olub. Bu rəqəm əvvəlki illərlə müqayisədə yüksək göstəricidir.

Özəl sektorun əsas məqsədi qazanc əldə etməkdir. Buna görə də innovasiyalar daha çox məhsul və ya xidmət satmağa, istehlakı artırımağa yönəlir. Bu zaman sosial rifah və ya ətraf mühitin qorunması kimi məsələlər ikinci planda qala bilər. Məsələn, şirkətlər biznes fəaliyyətlərində daha çox məhsul satmağa, daha çox gəlir qazanmağa fokuslanır. Bu da ehtiyacdan artıq istehlakın formalaşmasına gətirib çıxarır. Beləliklə, özəl sektorun innovasiya fəaliyyəti iqtisadi artıma səbəb olsa da, bu artım heç də həmişə cəmiyyətin ümumi rifahına bərabər səviyyədə təsir etmir.

İsa Qasımovun sözlərinə görə, innovasiya sahəsində uzunmüddətli və dayanıqlı inkişafın təminatı elm və təhsilə investisiyaların artırılmasıdır. Elm yalnız yeni texnologiyalar formalaşdırmaqla kifayətlənmir, həm də cəmiyyətin müxtəlif problemlərinin həll yollarını tapmağa çalışır. Tarix göstərir ki, çox böyük və təsirli innovasiyalar məhz elmi tədqiqatlar nəticəsində yaranıb. Məsələn, internetin özü dövlət və elmi institutların birgə səyi ilə inkişaf etdirilib. Peyvəndlər və digər tibbi kəşflər insan sağlamlığını xeyli yaxşılaşdırıb. Təhsil sahəsində inkişaf edən yeni metod və texnologiyalar isə daha çox insana biliyə çıxış imkanı verir.

Elm və təhsil müəssisələri innovasiya prosesində risk almağa və uzunmüddətli layihələrə yönəlməyə hazır olmalıdırlar. Onların məqsədi yalnız qazanc deyil, həm də ictimai fayda, biliklərin paylaşılması və davamlı inkişafdır. III nəsil universitetlərin məqsədləri təhsil, tədqiqat və bilikdən istifadə etməkdir. Bu məqsədlərin formalaşdırdığı əlavə dəyər isə təhlil və analitik bacarıqlara malik mütəxəssislər, eləcə də sosial sahibkarlardır.   Bu proseslərdə elm və özəl sektor arasındakı əlaqə olduqca vacibdir. Hər iki sahə bir-birini tamamlayaraq, daha uğurlu və genişmiqyaslı innovasiyaların yaranmasına şərait yaradır. Lakin bu işdə universitetlər zəif qaldığı halda, istənilən biznes bazardakı mövqeyini qorumaq məqsədilə yollar axtarır. Universitetlərdən intellektual dəstək ala bilməyən sektor belə vəziyyətdən əziyyət çəksə də, güclü bizneslər öz maraqlarına uyğun innovasiya prosesini qurmağa cəhdlər edə bilirlər. Nəticədə, innovasiyalara müstəqil nail ola bilən tərəflər daha da güclənir və bazar payının artırılması istiqamətində startegiyalar tətbiq edirlər. Proseslərin belə davam etdiyi şəraitdə sosial bərabərsizlik artır və cəmiyyət daha çox istehlakçı mövqeyində qalır.

İsa Qasımov hesab edir ki, bazar iqtisadiyyatı şəraitində ənənəvi innovasiyalar çox vaxt yalnız mənfəətə yönəlir. Amma bu gün daha çox sosial məsuliyyət daşıyan, cəmiyyətin və ətraf mühitin rifahını əsas götürən innovasiya modellərinə ehtiyac var. Belə yanaşmaya sosial innovasiyalar deyilir. Sosial innovasiyalar yalnız biznesin uğuru üçün deyil, həm də sosial problemlərin həlli, davamlılığın və bərabərliyin artırılması, ekoloji davamlılığın təmin olunması kimi məsələlərə fokuslanır. Burada əsas məqsəd cəmiyyətə real fayda verərək, biznesin davamlılığına nail olmaqdır. Bu cür yanaşmalar sosial sahibkarlığı inkişaf etdirir. Sosial sahibkarlar həm sosial, həm də iqtisadi məqsədləri birləşdirir, cəmiyyətin ehtiyaclarına cavab verən, davamlı həllər təklif edir.

İnnovasiyalara əhəmiyyət verməyən təşkilatlar bazarda dayanıqlılıq göstərə bilmirlər. Elm və təhsil ilə məşğul olan bilik müəssisləri (universitetlər və tədqiqat institutları) bazardan olan biznes tərəfdaşları ilə birlikdə daha effektiv təsirlər formalaşdıra bilirlər. Şübhəsiz ki, bu əməkdaşlıq olmadığı halda, bizneslər bilik müəssisələrindən ayrı da olsa (qlobal bazar tendensiyalarının tələbinə uyğun), innovasiya etməyə cəhdlər edə bilərlər. Ancaq bu zaman əldə edilən nəticələr sosial rifahla yox, yalnız iqtisadi artımla müşahidə olunar.

Yekun olaraq, bilik istehsalı ilə məşğul olan müəssislərin (beyin mərkəzləri, universitetlər, tədqiqat institutları və digər) innovasiya proseslərindən kənar qalmaları və ya bu prosesdə lokomotiv rol formalaşdıra bilməmələri həmin müəssisələrin təsirsizləşməsinə gətirib çıxarır. Belə vəziyyət isə cəmiyyətin istehlak asılılığını artırır, eləcə də gələcək rifah üçün yaxşı vədlər vermir.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr