AZ

Bir ailə dağılanda cəmiyyət sarsılır …

Tanınmış insanların boşanma xəbərləri, filmlərdə və sosial verilişlərdə boşanmanın adi və bəzən hətta "cazibədar" hal kimi təqdim edilməsi ictimai rəyə və cütlüklərin qərarlarına müəyyən təsir göstərə bilər

Son illərdə Azərbaycanda ailə institutunun üzləşdiyi əsas problemlərdən biri də boşanmaların artmasıdır. Bu problem təkcə iki insan arasındakı münasibətin sonlanması ilə yekunlaşmır, eyni zamanda, cəmiyyətin sosial və demoqrafik strukturuna mənfi təsir göstərir. Boşanmaların ən böyük fəsadlarından biri odur ki, bu poses cəmiyyətdə ailə təməllərinin, ailə institutunun sarılmasına gətirib çıxarır. Bununla yanaşı, boşanmalar mənfi təcrübəyə səbəb olaraq digər evli cütlüklərin də belə desək, boşanmaya həvəslənməsi ilə nəticələnir. Mediada boşanma hallarının adi, bəzən isə həvəsləndirici şəkildə təqdim edilməsi, xüsusilə gənc ailələrin bu qərarı daha asan qəbul etməsinə zəmin yaradır. Boşanmanın səbəbləri çoxşaxəlidir və sosial, maddi, psixoloji amillərlə sıx bağlıdır. Məhz buna görə də boşanma məsələsinə sadəcə şəxsi münasibət prizmasından deyil, sosial-psixoloji fenomen kimi yanaşmaq vacibdir.

Mövzu ilə bağlı müsahibimiz “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevadır.

-Sizcə, boşanmalarının artmasının səbəbləri nədir?

- Son zamanlar  demək olar ki, gündəlik həyatımızda hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biri də boşanmalardır. Heç də xoş olmayan hallardan biri olan boşanmaların sayının artması cəmiyyətimiz üçün həyəcan təbilinin çalınmasını tələb edir. İstər aidiyyəti qurumların açıqladıqları statistikalar, istərsə də gündəlik həyatımızda müşahidələrimiz son illərdə boşanma sayının artdığını bir daha sübut edir. Nikahlarla müqayisədə boşanmaların sayının da artması balansın pozulmasına və hətta demoqrafik stabilliyin göstəricilərinin dəyişməsinə gətirib çıxarır. Diqqət edilməli olan digər məsələlərdə biri də yeni ailə həyatı qurmuş cütlüklərin çox zaman keçmədən ayrılmasıdır. Təbii ki, gənc cütlüklər arasında boşanma halları çoxluq təşkil edir. Bu gün boşanmaların səbəblərini bir yox, bir neçə amillərlə əlaqələndirmək mümkündür. Müşahidələr də göstərir ki, səbəblər müxtəlif və çoxsaylıdır. Lakin daha çox qarşılaşılan hallar sırasında sosial, maddi, psixoloji və digər səbəblər üstünlük təşkil edir. Belə ki, boşanma saylarını nisbi faizlə müqayisə edərkən  boşanan cütlüklər tərəfindən daha çox səbəblər kimi ailənin maddi durumunun yaxşı olmaması, ailədaxili şiddət və zorakılıq, psixoloji problemlər, zərərli vərdişlərə aludəçilik, müxtəlif xəstəliklər və digər amillər bildirilir.

-Necə düşünürsünüz, tanınmış şəxslərin ayrılıq xəbərləri, bəzi yerli və xarici filmlərdə, eləcə də sosial verilişlərdə boşanmanın adi bir hal kimi təqdimatı cütlükləri boşanmaya həvəsləndirirmi?

 - Bəli, çox yerində və düşündürücü sualdır. Tanınmış insanların boşanma xəbərləri, filmlərdə və sosial verilişlərdə boşanmanın adi və bəzən hətta "cazibədar" hal kimi təqdim edilməsi ictimai rəyə və cütlüklərin qərarlarına müəyyən təsir göstərə bilər. Televiziya, film və sosial media vasitəsilə boşanmanın tez-tez və emosiyasız şəkildə təqdim olunması onu normal və qaçılmaz bir proses kimi göstərə bilər. Bu isə cütlüklərin boşanmanı daha az qorxulu və sosial baxımdan qəbulolunan hesab etməsinə səbəb olur. Digər tərəfdən, məşhurların şəxsi həyatları tez-tez mediada işıqlandırılır. Eyni zamanda Bəzi filmlər və seriallar boşanmanı azadlığın, yeni həyatın başlanğıcı kimi təqdim edir. Onların boşanması bəzən “öz həyatını yaşamaq”, “azad olmaq” və ya “xoşbəxtliyə gedən yol” kimi göstərilir. Psixologiyada “social contagion” adlanan fenomen var: bir davranışın başqaları tərəfindən təkrar olunması. Yaxın ətrafda və ya mediada tez-tez boşanma halları görən insanlar bu qərarı daha əlçatan və qəbulolunan hesab edə bilərlər. Odur ki, bu məsələdə xüsusilə TV, media və film sənayesində boşanma və ailə münasibətlərinə dair daha balanslı və real yanaşma vacibdir.

-Boşanmalar cütlüklərin psixologiyasına necə təsir edir?

-Boşanma həm qadın, həm də kişi üçün dərin psixoloji təsirlərə səbəb ola bilən emosional cəhətdən yüklü bir prosesdir. Bu təsirlər fərdin şəxsiyyətinə, həyat təcrübəsinə, sosial dəstəyinə və boşanmanın necə baş verdiyinə görə dəyişə bilər? Bu, cütlüklərin psixologiyasına təsirini əsas istiqamətləri kimi Stres və emosional pozğunluq, depressiya, özünütəcrid, qorxu, həyəcan, adaptasiya, günahkarlıq və digər psixoloji və fiziki təsirlərlə özünü nümayiş etdirə bilir.

-Sizcə, bu problemdən çıxış yolu varmı? Boşanmaların sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?

- Əslində, evlilikdən əvvəl və sonra diqqət ediləcək bəzi nüanslar və münasibət strategiyaları var ki, cütlüklər onları bilsələr və tətbiq etsələr boşanma riski əhəmiyyətli dərəcədə azalar. Aşağıda bu mövzu üzrə gələcəkdə boşanma ilə nəticələnməyən sağlam münasibət üçün əsas məqamları bölüşürəm: Özünü tanımaq və evliliyə hazır olmaq - Evlilik sadəcə sevgi yox, yetkinlik, məsuliyyət və emosional sabitlik tələb edir. İnsan öz dəyərini, ehtiyaclarını və zəif tərəflərini tanımalıdır ki, münasibətdə sağlam sərhədlər qura bilsin. Effektiv və empatik ünsiyyət - Münasibətin əsası dinləmək, anlamaq və qarşı tərəfi ittiham etmədən danışa bilməkdir. Münaqişə hər münasibətdə var, amma onu necə idarə etdiyimiz nəticəni təyin edir. Birgə vaxt keçirmək və emosional bağ - Uşaqlar, iş, ailə qayğıları olsa da, iki nəfərlik keyfiyyətli vaxt mütləq ayrılmalıdır (kiçik görüşlər, həftəsonu planları və s.). Bu, münasibəti canlı və dərin saxlayır. Evlilik öncəsi maarifləndirmə və psixoloji hazırlıq - Cütlüklər evlənmədən əvvəl ailə həyatı, ünsiyyət, emosional tənzimləmə, konfliktin həlli kimi mövzularda maarifləndirilməlidir. Cütlüklərə bir-birini dinləmə, empati qurma, hörmət və sevgi ilə danışma bacarıqları öyrədilməlidir. Unutmayaq ki, boşanma hallarının artması təkcə fərdi məsələ deyil, cəmiyyətin ümumi sosial və psixoloji sağlamlığına da təsir edir.

Boşanmaların artması fərdlərin psixoloji sağlamlığına mənfi təsir göstərməklə yanaşı, ümumilikdə cəmiyyətin mənəvi dayaqlarını da zəiflədir. Ailə anlayışını möhkəmləndirmək üçün gənc cütlüklərin evlilikdən əvvəl psixoloji maarifləndirmədən keçməsi, effektiv ünsiyyət bacarıqlarının aşılanması və evlilik prosesində qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması vacibdir. Media və cəmiyyət boşanma ilə bağlı mövzulara daha məsuliyyətli və balanslı yanaşmalı, ailə dəyərlərini təbliğ edən modelləri önə çəkməlidir. Yalnız bu halda sağlam və davamlı ailə münasibətlərini qorumaq mümkün olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
10
ikisahil.az

1Mənbələr