AZ

İranda çox ziddiyyətli mənzərə yaranıb - Tofiq Zülfüqarov

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə, əsasən, İsrailin İrana son hücumu, onun səbəbləri, dünyadakı digər proseslərə təsiri və İran dövlətinin gələcəyi haqda danışdıq.

- Necə hesab edirsiniz, İsrailin İrana son hücumu, doğrudanmı, Yaxın Şərqin yenidən dizayn olunmasıyla bağlıdır?

- Əslində bu, İsraillə İran arasında bir neçə ildir ki, başlanmış müharibənin növbəti mərhələsidir. İkincisi, bu gərginliklə yanaşı, İran rəhbərliyi ABŞ ilə yüksək səviyyədə danışıqlar aparırdı. Həmin danışıqlar yalnız nüvə proqramını əhatə etmirdi. Bu danışıqların digər bir formatı vardı: “6+1” və orada geniş müzakirələr mövzusu mövcud idi. İstistna etmirəm ki, İrandakı bəzi siyasi qüvvələrin ABŞ tərəfi ilə təmaslarında, artıq İranın gələcəyi barəsində müxtəlif fikirlər səsləndirilirdi. Məhz ona görə də biz gördük ki, İsrail və ABŞ arasında mövqelər fərqlənirdi. Bayden dönəmində, hətta İsrail tərəfi açıq şəkildə Ağ ev administrasiyasını tənqid edirdi. Tramp administrasiyası gələndən sonra gördük ki, ilk təmaslardan sonra hansısa mərhələdə yenə də fikir ayrılıqları üzə çıxdı. İndiki mərhələdə də bu mövqelərin fərqliliyi görünməkdədir. ABŞ özünü elə göstərir ki, guya, İsrail son hücumlarının tərəfdarı olmayıb. Trampın, guya, hətta Xameneinin öldürülməsinə veto qoyması haqqında da məlumat yayıblar. Bu da bir növ ona işarədir ki, İran-ABŞ təmaslarında İranın gələcəyi də müzakirə olunub... O da hamıya bəllidir ki, İran onsuz da böyük dəyişikliklər ərəfəsində idi. Ali dini rəhbərin dəyişməsi, onun varisinin kim olması, keçmiş prezidentin vertolyotda qəzaya uğraması və digər hadisələr göstərirdi ki, İran elitasının nümayəndələri fərqli mövqelərdədirlər. Mən belə bir məsələni qeyd edərdim ki, “SEPAH”ın kurasiya etdiyi mövzularda, layihələrdə ardıcıl şəkildə böyük problemlər ortaya çıxmağa başlamışdı. İranın Yaxın Şərqdəki müqavimət cəbhəsi addımbaaddım dağıdıldı: “HƏMAS”, “Hizbullah”, Suriyada olan qüvvələr və s. Digər məsələ - daxildə təhlükəsizliyin təmin olunması da böyük problem kimi ortaya çıxdı. Belə ki, Tehranın mərkəzində dövlətə aid binada “HƏMAS”ın rəhbəri öldürüldü. İndi də görürük ki, hərbi rəhbərlik, sanki elə daxildən sifarişlə aradan götürülüb. Hətta belə məlumatlar yayılıb ki, İsrailin ilk hücum etdiyi gecə İran rəhbərliyi daxilində kimlərsə “SEPAH”ın öldürülmüş generallarını bilərəkdən birlikdə heç planlaşdırılmamış iclasa çağırıb, onların birlikdə məhvinə şərait yaradıblar. Digər tərəfdən də “SEPAH”ın və digər qurumların təhlükəsizlik sistemini təmin etmək vəzifəsini yerinə yetirə bilməməsi də göz qabağındadır. Onu da bilirik ki, digər dövlət qurumları, məsələn, İran Müdafiə Nazirliyi “SEPAH”la açıq rəqabət aparırdı. Qərbin sanksiyalarına rəğmən neftin dolayı yollarla satışından külli miqdarda pullar qazanılıb. İranlıların sosial şəbəkələrdə yayılan paylaşımlarını izləsək, görərik ki, İranın ali rəhbərləri, “SEPAH” liderlərinin və digərlərinin övladlarının, ailə üzvlərinin dünyanın müxtəlif ölkələrində eyş-işrət içərisində yaşamasını göstərən faktlar, görüntülər var. Bir sözlə, İranda çox ziddiyyətli bir mənzərə yaranıb ki, bu da mənə SSRİ-nin son dövrünü yada salır. Sonradan məlum olurdu ki, bir çox dağıdıcı, təxribat addımlar “KQB”nin özü tərəfindən atılırdı. Bu gün İranda da sanki hansısa dövlət strukturunun sıradan çıxması üçün ardıcıl addımlar atılır. Odur ki, buradakı proseslər ilk baxışda göründüyündən daha mürəkkəbdir və İsraillə müharibədə kimin reallıqda hansı oyunlar oynadığı aydın deyil...

- Bəzi şərhçilər, analitiklər iddia edir ki, İsrail–İran savaşı bir neçə həftəyə bitməsə, III Dünya müharibəsinə keçə bilər. Bilirik ki, Dünya müharibəsi hansısa qütbləşmiş iki müxtəlif ittifaq, blok arasında baş verir. Bəs indiki halda, – İsrail ətrafındakı koalisiya təxmini formalaşıb və məlumdur, – İran ətrafında hansı bloklar formalaşa bilər?

– Dünya müharibəsinin başlanacağını və bunun hansı ittifaqlar, bloklar arasında baş verəcəyini söyləmək çətindir. Bir məsələni də yada salaq. Bu yaxınlarda Pakistanla Hindistan arasında qısamüddətli hərbi qarşıdurma oldu. Pakistan da Çinin ən yaxın və böyük hərbi müttəfiqlərindəndir. Vaxtilə İranın ən böyük ümidləri Çin ilə bağlı idi. Öz neftini satmaq Tehran üçün ən strateji vəzifələrdən biri idi. Bu proseslə sonradan Amerikanın raket atəşi ilə qətlə yetirilmiş İran generalı Qasım Süleymani və digər “SEPAH” fəalları məşğul idilər... Biz gördük ki, Pakistanla dediyimiz toqquşmada İran, az qala, Hindistana hərbi dəstək verəcəkdi. Bəyanatlar-filan vermişdi. Bu dövlətin Pakistana qarşı olması İslam həmrəyliyindən əlavə, siyasi strateji baxımdan da məntiqsiz idi. Eyni zamanda bu, dediyim kimi, İranın özünün də, Pakistanın da müttəfiqi kimi Çinə qarşı bir gediş idi... Bütün bunları və digər amilləri düşünəndə mən, guya, İsrail–İran savaşının III Dünya müharibəsinə çevriləcəyi haqqında fikir söyləmək istəmirəm. Əvvəla, hələlik İran ətrafında hər hansı bloklaşmadan danışmaq mümkün deyil. İkincisi, dünyada müəyyən qütbləşmə olsa da, bunun sonda hansı mənzərəyə gətirib-çıxaracağı məlum deyil. Üçüncüsü, mən planet üzrə hansısa bloklar arasında total hərbi əməliyyatların başlayacağına inanmıram və əminəm ki, bu, mümkün deyil. Ona görə ki, bu, sonda nüvə silahlarının işlənməsinə gətirib-çıxara bilər. Sivilizasiyanın indiki inkişafı dövründə də ağlı başında olan hansısa nüvə dövlətinin lideri başa düşür ki, o atacağı nüvə bombası ilə düşmənini məhv edə bilsə də, sonra özü də, bütün planet də məhv ola bilər...

- Hələlik, dünyanın aparıcı güclərindən olan ABŞ və Rusiya arasında kəskin ziddiyyət yoxdur, əksinə, Tramp dövründə münasibətlər gündən-günə yumşalır. Bu da dünya savaşı üçün qütbləşmə ehtimalını azaltmırmı?

- Əlbəttə, Tramp dövründə ABŞ–Rusiya gərginliyi sıfıra endirildi. İndi isə Tramp da Ukrayna savaşı ilə bağlı deyir ki, bir-birinizi qırmaq istəyirsiz - qırın, biz bu məsələdə iştirak etmirik... Rusiya ilə Ukraynanın isə nə vaxt müharibəni dayandıracaqları bəlli deyil, çünki bu müharibənin qalibi olmayacaq – hər iki tərəf uduzacaq...

- Ukraynadan söz düşmüşkən, sizcə, İsrail–İran savaşı Ukraynadakı proseslərə necə təsir göstərəcək? Doğrudanmı, Putinə İrandakı savaş sərf edir: həm diqqətin Ukraynadan yayınması baxımından, həm də neftin qiymətinin qalxması baxımından?

- Əslinə qalsa, İsrail–İran müharibəsində uduş edən tərəflər çoxdur. Kimi neftin qiymətinin artmasından, kimi də İranın başının qarışmasından udur. Bu siyahını artırmaq da olar. Odur ki, məntiqlə Rusiyaya diqqətin Ukraynadan yayınması və neftin qiymətlərinin artması baxımından İrana qarşı savaş sərfəlidir... Belə bir şəraitdə hesab edirəm, Azərbaycanın İran tərəfdəki sağlam qüvvələrlə sıx şəkildə əməkdaşlığı qurulmalıdır ki, ölkəmizə qarşı təxribatlara yol verilməsin. Biz görürük ki, indiki mərhələdə də Azərbaycana qarşı müxtəlif bəyanatlar səslənməkdə davam edir...

- Eyni zamanda, İran ərazisində - Güney Azərbaycandakı soydaşlarımızın da qorunması üçün mümkün tədbirlər də görməliyik, elə deyilmi?

- Əlbəttə, İran vətəndaşları olan soydaşlarımızın qorunmasını unutmamalıyıq. Onları idarə edən öz tərəflərindən seçilmiş rəhbərlərdir. Bəllidir ki, Azərbaycanın İsraillə yaxın münasibətləri var. Eyni zamanda, İranın sağlam qüvvələri ilə geniş münasibətlərin bərpasında irəliləyişlər var. O cümlədən İran Prezidenti Məsud Pezeşkianın Bakıya son səfəri də buna xidmət edən bir hadisə idi. Azərbaycan hər iki imkandan yararlanaraq əgər buna fürsət olarsa, bu və ya digər xoş xidmətlər göstərmək ənənəsini davam etdirəcəkdir; hansısa təcili əlaqələr qurmaq, hansısa qruplara humanitar yardım göstərmək və s.

- Tofiq müəllim, öncə “SEPAH” barəsindəki söylədiklərinizin də kontekstindən yanaşsaq, İranın bundan sonrakı taleyi ilə bağlı hansı ssenarilər baş tuta bilər?

- İran hakimiyyəti daxilində sistemli böhranın olması hələ müharibədən öncə hiss olunurdu. İnsanların kütləvi etirazları baş verirdi ki, bunların kökündə həm sosial, həm də milli problemlər dayanırdı. Bilirik ki, İran çoxmillətli bir ölkədir. İslam dinində millət məfhumu o qədər də qabardılmır, milliyyətindən asılı olmayaraq, bütün müsəlmanlar bir ümmət hesab edilir. Son onilliklərdə İrandakı proseslərdə milli problemlər özünü ciddi şəkildə göstərməyə başlayıb. Urmiya ərazisində azərbaycanlılarla kürdlər, yaxud ölkənin cənubunda şiələr və sünnilər arasındakı gərginlik də buna bir misaldır. İranın cənubunda, hətta silahlı müxalifət də peyda olub. Ahvazdakı terror aktı, yaxud İran parlamentindəki terror aktı bu gərginliklərə misaldır. Yəni bayaq xatırlatdığımız kimi, SSRİ-nin son illərində də millətlərarası, etnik münaqişələr, separatizm baş qaldırmışdı. Bütün bunlarla yanaşı, İranın dövlət quruluşu da çox mürəkkəbdir. Bir yandan, dünyəvi dövlət qurumları var və bunlarla paralel olaraq, sanki həmin qurumların ali dini liderə birbaşa tabe olan kopiyaları mövcuddur. Məsələn, bir yandan Müdafiə Nazirliyi, digər yandan “SEPAH” var. Onu da bilirik ki, İranın dövlət büdcəsinin böyük bir hissəsi neft satışından qaynaqlanır və neft satışı isə tam şəkildə “SEPAH”ın inhisarındadır. Öncə dediyimiz kimi, Qərbin sanksiyalarına rəğmən, “SEPAH” müxtəlif qaçaqmalçı yollarla nefti satdırıb milyardlar qazanırdı. Bütün bunlar da İran rəhbərliyindəki müxtəlif qruplar arasında kəskin ziddiyyətlər yaratmağa başlayırdı. Bu da uzun müddətdir ki, dövlətin idarəçiliyində sistemli böhrana səbəb olub. Belə bir durumda isə əgər həm bütöv dövlət strukturunda, həm də xalqa münasibətlə bağlı, milli münasibətlərlə bağlı ciddi islahatlar aparılmasa, İranın gələcəyi üçün hər cür ssenari gözləmək mümkündür...

 

Seçilən
8
hafta.az

1Mənbələr