AZ

"Riyaziyyat uğursuzluğu" məktəblərin günahıdır, ya DİM-in?..


Nadir İsrafilov: “Riyaziyyat elmi anlaşıqlı dildə təqdim edilməlidir ki, lazımi nəticə əldə edilə bilsin”

Azərbaycanda hər zaman riyaziyyata və elmə maraq yüksək səviyyədə olub. Riyaziyyat elmi bizim üçün önəmli elmdir. Ancaq son illər riyaziyyat fənni üzrə keçirilən imtahanlarda göstəricilərin aşağı olduğu məlum olub. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin "Hədəf" verilişində deyib ki, riyaziyyat fənni üzrə nəticələr istədiyimiz səviyyədən aşağıdır.

Maraqlıdır, bunun səbəbi nədir? Adıçəkilən fənn müəllimlər tərəfindən zəif tədris olunur, yoxsa başqa səbəblər var?

“Məktəbdə riyaziyyat fənninin tədrisi və müəllim yanaşması şagirdlərin bu sahəyə müsbət və ya mənfi münasibətlərinin formalaşmasında böyük rol oynayır”

Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, riyaziyyat fənnini öyrənməkdə çətinlik çəkən təkcə şagirdlər deyil: “Həyatımızda önəmli yer tutan riyaziyyat qədim zamanlardan bugünə qədər insanların müxtəlif situasiyalarla qarşısına çıxan bir elmdir. Riyaziyyat müxtəlif sahələrdə özünə yer tapır. Riyaziyyatı həyatda baş verən konkret təcrübələr vasitəsilə dərk etmək bəşər tarixinin riyaziyyata verdiyi dəyəri və əhəmiyyəti artırır. Riyaziyyat təhsili şagirdlərə gündəlik həyatda lazımlı olan hesablama bacarıqları ilə yanaşı, analiz, sintez və qiymətləndirmə kimi yuxarı səviyyəli idraki bacarıqlar da verir. Lakin bunlar sadə, anlaşıqlı dildə təqdim edilməlidir ki, lazımi nəticə əldə edilə bilsin. Bu gün informasiya və texnologiyanın sürətlə inkişaf etdiyini nəzərə alaraq, cəmiyyətin riyazi təfəkkür qabiliyyətinə malik fərdlərə ehtiyacı olduğu fikrini söyləmək mümkündür. Məktəbdə riyaziyyat fənninin tədrisi və müəllim yanaşması şagirdlərin bu sahəyə müsbət və ya mənfi münasibətlərinin formalaşmasında böyük rol oynayır. Lakin şagirdlərin riyazi düşünmək və danışmaq bacarıqlarına yiyələnmələri onlar üçün son dərəcə vacibdir. Şagirdin dərsə marağı isə onun müstəqilliyindən, prosesdə fəal iştirak etməsindən asılıdır. Bu işdə nəzəri material ilə praktik iş arasında əlaqə yaratmaq vacibdir. Bir sıra mövzulara maraq yaratmaq üçün əyləncəli elementlərdən istifadə etmək lazımdır”.

Günel CƏLİLOVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr