AZ

Müzəffər Azərbaycan Ordusu:Qürur mənbəyimiz

Azərbaycan Ordusu bu gün yalnız ölkəmizin ərazi bütövlüyünün təminatçısı deyil, həm də xalqımızın gücünün, birliyinin və qürurunun simvoludur. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması, hərbi təhsil müəssisələrinin yaradılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində mühüm addımlar atıldı. Onun rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən işlər gələcəkdə daha da qüdrətli və peşəkar Azərbaycan Ordusunun təşkili  üçün möhkəm təməl yaratdı.

Ulu Öndər Heydər Əliyevin hər zaman vurğuladığı kimi, ordu mövzusu, onun formalaşması və inkişafı Azərbaycan cəmiyyətinin həyatında əsas mövzulardan biri olmalıdır. Ümummilli Liderin 1996-cı ilin fevralında söylədiyi fikirlərdə də bu məqam xüsusi olaraq qeyd olunmuşdu: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”. 

Bu çağırışlar təkcə hərbi siyasətin istiqamətini müəyyən etməklə kifayətlənmədi, eyni zamanda ,milli-mənəvi birlik üçün mühüm ideoloji əsas oldu. Ulu Öndərin liderliyi ilə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi təhsil müəssisələrinin yaradılması və hərbi kadrların peşəkar şəkildə hazırlanması prosesinə start verildi. 1971-ci ildə dahi rəhbərin təşəbbüsü və şəxsi səyləri nəticəsində Azərbaycanda hərbi kadr hazırlayan ilk ixtisaslaşmış təhsil müəssisəsi - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycan gəncləri arasında hərb sənətinə marağın artmasına, milli zabit kadrların formalaşmasına və peşəkar orduya aparan yolun əsasının qoyulmasına böyük təkan verdi. Ulu Öndərin təşəbbüsü ilə azərbaycanlı gənclərin  Azərbaycan  Ali Hərbi Dənizçilik Məktəbi  və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi kimi nüfuzlu hərbi təhsil ocaqlarında təhsil alması təmin edildi. Bununla yanaşı, SSRİ-nin müxtəlif şəhərlərində yerləşən ali hərbi məktəblərə də azərbaycanlı gənclərin güzəştli şərtlərlə qəbul olunmasına şərait yaradıldı. Bu mühüm qərarlar nəticəsində Azərbaycanda ordu quruculuğu sahəsində yeni mərhələ başlandı və gələcəkdə qüdrətli Silahlı Qüvvələrin formalaşması üçün əsaslı zəmin yarandı.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında biz artıq 26 iyun tarixini qalib ordu, qalib xalq olaraq qeyd edirik.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib və bu prosesin təməli məhz həmin illərdə qoyulmuşdur. Bu gün qürurla deyə bilərik ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin arxasında dayanan əsas amillərdən biri də məhz Ulu Öndərin müəyyən etdiyi ordu siyasəti və xalq-ordu birliyidir.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilir.

 Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Bunun sübutunu  44 günlük Vətən Müharibəsində hər kəs müşahidə etdi. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır. Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya  Azərbaycanın şanlı qələbəsinin, “Dəmir yumruğ”unun şahidi oldu. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu ordunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Xankəndidə 8 Noyabr-Zəfər Günü münasibətilə hərbi paradın keçirilməsi hər bir azərbaycanlıda sözlə ifadə olunmayacaq qədər böyük qürur hissi yaşatdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli Bayrağımız əzəmətlə dalğalanır. Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.

Dövlət başçımızın təşəbbüsü ilə Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Həmin orden və  medalların təsis olunması Qələbənin əbədiləşdirməsi və Vətən müharibəsi  iştirakçılarına ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olunub.

Prezident İlham Əliyevin göstərişinə əsasən 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
17
ikisahil.az

1Mənbələr