AZ

Nadalın raketkası 157 minə satıldı

Rafael Nadalın raketkası “Prestige Memorabilia” hərracında 157,3 min dollara satılıb.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı tennisçi 2017-ci ildə keçirilən “Rolan Qarros”un finalında məhz həmin raketka ilə oynamış, isveçrəli Sten Vavrinkaya qalib gəlməklə 10-cu dəfə bu turniri qazanmışdı. 157,3 min dollar indiyə qədər tennis raketkalarının hərracda satışı ilə bağlı ən yüksək məbləğdi. Əvvəlki rekord da Nadala məxsus idi. İspaniyalı əfsanənin 2022-ci ildə “Australian Open”in finalında – rusiyalı Dmitri Medvedevi məğlub etdiyi oyunda yararlandığı raketka 2023-cü ildə “Sotheby's” hərracında 139,7 min dollara satılmışdı.

Yeri gəlmişkən, Nadal “Rolan Qarros”un səfiri ola bilər. Bununla bağlı açıqlamanı turnirin direktoru Ameli Moresmo verib:
“Rolan Qarros”la Rafa arasında bu və ya başqa formada əməkdaşlıq qurmaqla bağlı razılıq var. Müzakirələrimiz davam edir. Son 20 ildə Rafa ilə bağlı olan turnirin tarixində onun xüsusi yer tutmasını istəyirik”.

Nadal karyerasını ötən il – 38 yaşında bitirib. O, “Rolan Qarros”da qələbə sayına (14) görə rekordçudu. İspaniyalı əfsanə ümumilikdə 22 dəfə “Böyük dəbilqə” turnirlərində qələbə qazanıb.
Seçilən
11
1
football-plus.az

2Mənbələr