AZ

Astronomlar kainatın "itirilmiş maddəsi" haqqında yeni sübutlar tapdı

Astronomlar qalaktikalar arası boşluqlara yayıldığı düşünülən maddənin izlərini "sürətli radio partlayışları" (FRB) vasitəsilə aşkar etdiklərini elan edib. Bu inkişaf, kainatın maddə paylanmasına dair uzun müddətdir davam edən suallara cavab axtaranlar üçün diqqətçəkən bir addım ola bilər.

HİT.az xəbər verir ki, kainatın böyük hissəsinin hansı maddələrdən təşkil olunduğu elm dünyasında uzun müddətdir müzakirə olunan mövzular arasındadır. Qaranlıq maddənin mövcudluğu qalaktikaları bir yerdə tutan görünməyən qüvvə kimi irəli sürülsə də, bu fikir hər kəs tərəfindən qəbul edilmir. Qaranlıq maddəni birbaşa aşkar etmək bu günə qədər mümkün olmasa da, astronomlar indi başqa bir sualın cavabına yaxınlaşa bilər: Kainatın görünən maddə baxımından çatışmadığı düşünülən hissəsi, yəni "itirilmiş maddə" haradadır?

Yeni bir tədqiqat bu itirilmiş maddəyə dair güclü sübutlar ortaya qoyub. "Nature Astronomy "jurnalında dərc olunan araşdırmaya görə, Kaliforniya Texnologiya İnstitutu (Caltech) və Harvard & Smithsonian Astrofizika Mərkəzindən (CfA) olan tədqiqatçılar bu maddənin yerini təyin etdiklərini bildiriblər. Astronomlar qeyd edir ki, maddə qalaktikalar arasındakı boşluqlarda və halolar ətrafında son dərəcə seyrək şəkildə yayılmışdır və buna görə də indiyədək müşahidə edilməsi son dərəcə çətin olub.

Tədqiqatın əsasında "sürətli radio partlayışları" (FRB) adlanan güclü və qısamüddətli kosmik siqnallar durur. Bu ani enerji partlayışları milyardlarla işıq ili uzaqlıqdan gələn radio dalğaları şəklində Yerə çatır. FRB-lərin keçdiyi yol boyu qarşılaşdığı maddələr bu siqnalların sürətində və yayılma şəklində kiçik dəyişikliklərə səbəb olur. Alimlər də məhz bu dəyişikliklərdən istifadə edərək siqnalların arasından keçən görünməyən maddəni ölçməyi bacarıblar.

"Caltech"dən edilən açıqlamada tədqiqatın baş müəllifi Liam Konnor FRB-ləri "qalaktikalar arası mühitin dumanı içərisində parlayan fənərlər" kimi təsvir edir. Bu işıq siqnallarının nə qədər yavaşladığı həssas şəkildə ölçülərək aralıqda yerləşən maddə miqdarı hesablana bilir. Beləliklə, birbaşa müşahidə edilə bilməyən, lakin varlığı hiss edilən bu maddə haqqında əhəmiyyətli məlumatlar əldə edilir.

Tədqiqat qrupu kainatın müxtəlif bölgələrində yerləşən cəmi 69 FRB məlumatını təhlil edib. Araşdırılan siqnallar bizdən 11.7 milyon ilə 9.1 milyard işıq ili uzaqlıqda olan mənbələrdən gəlirdi. Bunlar arasında indiyədək qeydə alınan ən uzaq FRB olan FRB 20230521B də var. Hərçənd bu günə qədər minlərlə FRB qeydə alınıb, lakin yalnız təxminən 100-ünün hansı qalaktikadan gəldiyi dəqiq müəyyən edilə bilib.

Əvvəlki tədqiqatlar kainatda olması gözlənilən maddənin bir hissəsinin çatışmadığını və bunun çox gümanla qalaktikalar arası boşluqlarda səpələnmiş halda olduğunu irəli sürürdü. Lakin FRB əsaslı bu yeni yanaşma itirilmiş maddənin izini ilk dəfə bu qədər aydın şəkildə ortaya qoyur.

Bu tapıntılar yalnız maddə paylanmasına dair deyil, eyni zamanda kainatın necə inkişaf etdiyinə və genişləndiyinə dair əhəmiyyətli suallara da işıq tuta bilər. Xüsusilə qalaktikaların formalaşması, kütlə çəkimi təsirləri və Böyük Partlayışdan sonrakı inkişaf kimi mövzular bu cür məlumatlar sayəsində daha yaxşı başa düşülə biləcək.

Samir
 

Seçilən
4
hit.az

1Mənbələr