AZ

"Müəllimlərin böyük bir qismi sertifikasiya imtahanının suallarından razı qalıblar"

19 may 2025-ci il tarixində keçirilən sertifikasiya imtahanında maksimal bal toplayan müəllimlərin əksəriyyəti rayon məktəblərinin müəllimləri olub.

Bunun səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, sertifikasiya imtahanında yüksək nəticə göstərənlərin əksəriyyəti kənd məktəblərinin müəllimləridir:

"Ümumiyyətlə şəhər məktəblərinin müəllimləri də sertifikasiya imtahanına həqiqətən ciddi hazırlaşırdılar. Çünki sertifikasiya imtahanı əvvəlki illərdə keçiriləndə nəticə almayan müəllimlərin sayının çox olması istər-istəməz müəllimlərdə ciddiyyəti artırdı, amma nəticə olaraq şəhər məktəblərinə nisbətən kənd məktəblərinin sertifikasiya imtahanına daha ciddi hazırlaşdığı ortaya çıxdı".

Ekspert qeyd etdi ki, şəhərdəki müəllimlərinin əksəriyyəti repetitorluqla məşğul olduğuna görə, sertifikasiya imtahanını ikinci plana qoyublar:

"İkinci planda olduğu halda, onların məqsədi isə sadəcə sertifikasiyadan keçmək idi. "Maksimal bal olmasa da keçək" fikri maksimum bal toplayanların sayına təsir etdi.

Amma düşünməmək lazımdır ki, şəhər məktəblərinin müəllimləri kənd məktəblərinin müəllimlərindən zəifdir. Elə bir şey yoxdur. Əslində şəhər məktəblərinin müəllimlərinində yüksək nəticə göstərənlər kifayət qədərdir. Maksimal bal olmasa da, 50 baldan yuxarı bal toplayanların sayına baxdığımızda şəhər məktəblərinin müəllimlərinin də sayının kifayət qədər olduğunu görərik".

Həmsöhbətimiz bu halın baş verməsini sertifikasiya imtahanına ciddi hazırlıqla əlaqəlandirir.

"Çünki kənd, rayon məktəblərinin müəllimləri daha çox sertifikasiya imtahanına diqqət ayırıb, hazırlaşdıqları üçün hesab edirəm ki, maksimal bal toplayanların sayında təsir gücü var. Bu da təbii ki, nəticələrdə özünü biruzə verir.

Ümumi baxanda düşünürəm ki, sertifikasiya imtahanının nəticəsi əvvəlkilərə nisbətən daha qənaətbəxşdir. Düşünürəm ki, müəllimlərin böyük bir qismi sertifikasiya imtahanının suallarından da razı qalıblar. Suallar o qədər də çətin suallar deyildi.

Ümidvaram ki, əmək müqaviləsinə davam edəcək müəllimlərin sayı keçən ilə nisbətən daha çox olacaq. Ümumiyyətlə müəllimələr imtahanlara nə qədər ciddi, məsuliyyətlə yanaşsalar o qədər yaxşı nəticə əldə edərlər",- deyə Ramin Nurəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
4
3
redaktor.az

4Mənbələr