ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda dəmir yolunun ilkin quruluş tarixi 145 il əvvələ gedib çıxsa da, bu istiqamətdə inkişafa son bir neçə ildə daha çox nail ola bilmişik. Bunun da səbəbi Azərbaycan Dəmir Yolları QSC-nin artıq dünya standartlarına uyğun qatarların təşkili və yeni qaydaların tətbiqi olub. Buna baxmayaraq, bu gün hələ də dəmir yollarının inkişafına mane olan bir sıra amillər görünür.
Avtosfer.az xəbər verir ki, belə amillərdən başlıcası da məhz dəmir yollarının yaxınlığında tikilən evlərdir. Bu mövzuda mütəxəssislər dəfələrlə vətəndaşlara müraciətlər etsə də, vətəndaşların dəmir yolları yaxınlığında məskunlaşma prosesi hələ də davam edir. Bölgələrə qatarla səyahət zamanı, eləcə də Abşeron dairəvi dəmir yolu marşrutu ilə istər Sumqayıta, istər Pirşağıya gedən şəxslər dəmir yollarının az qala 10 metrliyində fərdi evlərin tikildiyinin şahidi ola bilərlər. Diqqətinizə onu da çatdırmaq istərdim ki, əvvəllər dəmir yollarında hərəkət edən qatarların sürəti aşağı idi və qanunazidd olsa da, vətəndaşların qatar gələnə qədər reyslər üzərində hərəkəti çox da təhlükəli görünmürdü. Lakin bu gün bölgələr üzrə hərəkət edən qatarların əksəriyyəti sürətli qatarlardır. Buna görə də reyslər üzərindəki istənilən məsuliyyətsiz davranışın ağır nəticələri ortaya çıxa bilər. Bu baxımdan dəmir yollarının yaxınlığında yaşayan şəxslərin daha diqqətli və məsuliyyətli olması əhəmiyyət daşıyır.
Mövzunun əhəmiyyətini nəzərə alaraq, həm Azərbaycan Dəmir Yolları QSC-nin, həm də nəqliyyat ekspertinin rəyini öyrəndik.
ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev deyir ki, bəzi hallarda vətəndaşlar sürət və sürətli qatarın fərqini bilmir:
“Qeyd edim ki, 90 kilometr-saata qədər sürətlə hərəkət edən qatarlar sürət qatarı, 90 kilometr-saatdan yuxarı sürətlə hərəkət edə bilən qatarlar isə sürətli qatarlar adlanır. Azərbaycan dəmir yollarında maksimum 140 kilometr-sat sürətlə hərəkətə icazə var. bəzən vətəndaşlar qatarların sürətindən şikayət edir. Bunun səbəbi odur ki, Abşeron dairəvi dəmir yolunda qatarların sürətinin 90 kilometr-saatdan yuxarı olmasına icazə verilmir. Ona görə ki, məhz həmin istiqamətdə dəmir yollarının ətrafında çox sıx məskunlaşma var. Vətəndaşlar dəmir yollarına çox yaxın məsafədə ev, obyekt tikirlər, həmin ərazidən qatarlar mütləq aşağı sürətlə keçməlidir. Azərbaycan Dəmir Yolları QSC üçün vacib olan həm sərnişinlərin, həm də reyslərə yaxın məskunlaşan vətəndaşların təhlükəsizliyidir”.
Məsələ ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə, dəmir yolları özü ilə hər bir regiona xüsusi inkişaf gətirir:
“Azərbaycanda dəmir yollarının uzun tarixi var və bu tarix özü ilə reyslər çəkilən bölgələrdə sıx məskunlaşmalara səbəb olub. Həmin dövrdən bu yana ölkəmizdə də əhalinin sayı artıb. Dəmir yollarının keçdiyi ərazilərdə piyadalar üçün nəzərdə tutulan keçidlərin sayı çoxaldılmalıdır. İstər vətəndaşların, istərsə də qatarın hərəkətinə maneə yaradacaq amillər aradan qaldırılmalıdır. Həm avtomobillər, həm də fermer təsərrüfatı üçün, münasib şərait yaradılmalıdır. Üstəlik reyslər ətrafında çəpərləmə işləri aparılmalıdır ki, qatarın hərəkətinə heç bir maneə yaranmasın. Məsələn, qatarın sürəti 70 kilometr-saatla hərəkət edərkən, onun tormoz məsafəsi 1000 metr olursa, ölkəmizdə icazə verilən maksimal 140 kilometr-saatla hərəkəti zamanı tormoz məsafəsi 2 kilometrə yüksəlir”.
Səfər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.