Astronomlar təxminən altı milyard işıq ili uzaqlıqdakı bir qalaksinin mərkəzində yerləşən və Günəşin kütləsinin 36 milyard qatına bərabər olduğu müəyyən edilən “ultranəhəng” bir qara dəliyi kəşf ediblər. Bu inanılmaz kəşf, qara dəliklərin maksimal ölçüsü və təkamülü ilə bağlı elm dünyasında yeni suallar yaradıb.
HİT.az xəbər verir ki, bu nəhəng qara dəlik, 2007-ci ildə ilk dəfə müşahidə edilən nadir bir cazibə linzası sistemi – "Kozmik At Nalı" araşdırılarkən müəyyən edilib. Cisim birbaşa müşahidə üçün çox uzaq və zəif olduğundan, alimlər birbaşa baxmaq əvəzinə dolayı üsullara üstünlük veriblər.
Tədqiqatçılar Avropa Cənub Rəsədxanasına (ESO) aid Çox Böyük Teleskopda yerləşən Çox Bölməli Spektroskopik Kaşif (MUSE) alətindən alınan məlumatları “Hubble” kosmik teleskopunun çəkdiyi yüksək ayırdetməli görüntülərlə birləşdirərək qalaksinin ümumi xüsusiyyətlərini və qara dəliyin kütləsini hesablaya biliblər. Alimlər bildiriblər ki, bu, bu günə qədər ölçülmüş ən ağır qara dəlikdir.
Araşdırmaçılar bu ultranəhəng qara dəliyin ölçüsünü ulduzların hərəkəti və kütləçəkmə linzalanmasının yaratdığı görüntü təhriflərini birləşdirərək müəyyən ediblər. Maraqlıdır ki, bu kütlə qalaktika ilə qara dəlik arasındakı tanınmış ölçüləmə qanunlarını pozur. Bu da həmin qalaksidə fövqəladə bir hadisənin yaşandığını və ya hələ də davam etdiyini düşündürür.
Alimlər bu kəşfin qara dəliklərin təkamülü ilə bağlı mövcud nəzəriyyələri yenidən gözdən keçirməyə və kainatdakı maddə paylanması və qalaktikaların formalaşma mexanizmi kimi fundamental sahələrə yeni perspektivlər gətirəcəyini bildirirlər.
Tədqiqatçılar gələcək illərdə bu ultrakütləli qara dəliyi və onun yerləşdiyi qalaktik sistemi daha dərindən müşahidə etməyə davam edəcək. Məqsəd bu fövqəladə kosmik obyektin ölçüsü, davranışı və kainata təsiri haqqında daha ətraflı ipucları əldə etməkdir.
Samir