ABŞ artilleriya sursatları istehsalı hədəfinə çata bilməyib. 2025-ci ildə ölkə ayda 100 min vahid planlaşdırılan əvəzinə cəmi 40 min vahid istehsal edir.
HİT.az xəbər verir ki, bunu "Defense Express" yazıb.
Milyardlıq investisiyalara baxmayaraq, ABŞ, o cümlədən Ukraynada uzunmüddətli döyüş əməliyyatlarını dəstəkləmək üçün lazım olan səviyyəyə çatmaq üzrə 155 millimetrlik artilleriya sursatlarının istehsalını artıra bilmir. 2025-ci ilin iyun ayına olan məlumata görə aylıq istehsal həcmi cəmi 40 min vahiddir.
2024-cü ilin fevralında Pentagon özünə aşağıdakı hədəflər qoymuşdu:
* 2025-ci ilin aprelinə qədər ayda 75 min sursat;
* 2025-ci ilin oktyabrına qədər 100 min sursat.
Lakin ABŞ Ordusunun Silahlanma Proqramı rəhbəri Con Remin bildirdiyinə görə, faktiki temp planlaşdırılandan iki dəfə aşağıdır. İllik bir milyon sursat həddinə çatmağın ən yaxşı halda 2026-cı ildən əvvəl mümkün olmayacağı gözlənilir.
Rem bildirib: "Biz 40 min səviyyəsinə çatdıq, lakin temp ancaq gələn il artırıla biləcək".
2024-cü ilin sentyabrında ABŞ artıq 40 min mərmi istehsal edirdi, lakin partlayıcı və detonator çatışmazlığı səbəbindən bunlardan cəmi 18 mini tam sursat (mərmi + partlayıcı yük + barıt qabığı) idi. Səbəb barıt çatışmazlığıdır.
Partlayıcı yüklərin istehsalı hazırda yalnız "General Dynamics" şirkətinə məxsus olan Valleyfield zavodunda (Kanada) həyata keçirilir. ABŞ bu istehsalı fəal şəkildə öz ərazisinə – Ayova və Arkanzas ştatlarındakı, "American Ordnance" şirkətinin zavodlarına köçürür.
"Defense Express" qeyd edir ki, ABŞ mərmidən barıt və partlayıcı maddələrə qədər tam istehsal dövrünü işə saldıqda, əsl sıçrayış mümkün olacaq.
Ayda 100 min sursat istehsal etmək üçün 66 min ton partlayıcı maddə lazımdır, bunun əhəmiyyətli hissəsini ABŞ idxal etməyə məcburdur.
Gecikməyə baxmayaraq, ABŞ 8 ay ərzində sursat istehsalını iki dəfə artıra bilmişdir və yeni zavodlar 2026-cı ildə hədəfə çatmağı təmin etməlidir.
Samir