AZ

Burun əməliyyatından sonra ölən Nəzrinin həkiminin məhkəməsi başladı

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən cərrah Sənan Mehdiyevin məhkəmə prosesi başlayıb.

Publika.az Teleqraf.az-a istinadənxəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Sənan Mehdiyevin vəkili vəsatətlə çıxış edib.

Vəkil istintaq zamanı müstəntiqin kobud qanun pozuntularına yol verdiyini əsas gətirərək, müstəntiqin məhkəməyə çağırılmasını və ifadə verməsini istəyib.

Müdafiəçi məhkəməyə bildirib ki, mərhum Nəzrin Mansurlu özünü pis hiss etdiyi zaman onu yoxlamağa gələn həkim əlavə dərmanlar verib və heç bir sənədləşmə olmadan mənzili tərk edib. Təcili Tibbi Yardım personalının hüquq və vəzifələri ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-ə sorğular vermişik. Amma cavabsız qalıb. Məhkəmədən bu qurumlara sorğu verilməsini xahiş edirik.

Vəkilin sözlərinə görə, müvəkkil zərərçəkmişin ailəsi ilə əlaqə saxlayıb:

“Nəzrin xanım yanvarın 3-ü əməliyyat olunub. Sənan Mehdiyev 6-7 dəfə zəng edib. Bununla bağlı məlumatlar da var. Məhkəmədən xahiş edirəm ki, həmin sənəd zərərçəkənlərə, proses iştirakçılarına nümayiş etdirilsin.

Bəzi sənədlərdə müvəkkilimin adı ilə sənədlər imzalanıb. O sənədlərə Sənan Mehdiyev imza çəkməyib. Biz məhkəmədən xəttşünaslıqla bağlı ekspertizanın təyin edilməsini xahiş edirik".

Hakim sorğuların verilməsi ilə bağlı vəsatətləri təmin edib.

Xəttşünaslıqla bağlı ekspertizanın verilməsi və müstəntiqin məhkəməyə çağırılması ilə bağlı vəsatət baxılmamış saxlanılıb.

Zərərçəkən tərəfin vəkili məhkəməyə bildirib ki, Nəzrin Mansurlu vəfat etdikdən sonra Səhiyyə Nazirliyi həmin xəstəxanada yoxlama aparıb:

“Yoxlamalardan sonra həkim barəsində protokol tərtib olunub. Səhiyyə Nazirliyinə sorğu verdik. Lakin sorğumuz cavabsız qaldı. Məhkəmədən həmin sorğuların əldə olunması üçün Səhiyyə Nazirliyinə sorğu verilməsini xahiş edirik”.

Təqsirləndirilən şəxs Sənan Mehdiyev vəsatətə münasibət bildirib:

Qarşı tərəfin protokol məsələsinə gəldikdə qəbul şöbəsində anket var. Mən özümə aid olan hissəni hər zaman doldurmuşam. Bir hissə boş qalıb. Çalışdığım bütün yerlərdə oranı qəbul şöbəsinin həkimi doldurub. Səhiyyə Nazirliyinin əməkdaşları mənə dedi ki, oranı siz doldurmalısınız. Mən də onların yanında oranı doldurdum. Onlar mənə dedi ki, buranı indi yox, vaxtında doldurmaq lazım idi. Bunun üçün də mənə protokol tərtib olunub”.

Daha sonra təqsirləndirilən şəxs Sənan Mehdiyev ifadə verib.

O bildirib ki, özünü təqsirli bilmir:
"Nəzrin xanım burun əməliyyatı üçün müraciət etmişdi. Ona burun çəpər əyriliyi diaqnozu qoyulmuşdu. Xəstəxanaya gələndə onun yanında heç kim yox idi. Əməliyyat bitəndə də xəstə yaxınlarından heç kimi görməmişəm. Əməliyyatdan sonra dəfələrlə Fərid bəylə danışmışam. Fərid bəy mənə Nəzrinin baş ağrısı olduğunu və çox yatdığını demişdi. Bunlar xəstədə çox rast gəlinən normal haldır. Mən də xəstənin yatıb dincəlməyini məsləhət gördüm. Əgər mənə başqa hansısa pis olduğu məqamları desəydilər, mən niyə axı “evdə yatsın, dincəlsin” deyim ki? Mən Tibb Universitetini 2002-ci ildə bitirmişəm. Bununla yanaşı İran, Türkiyə və Almaniyada ixtisas artırmaq üçün kurslar keçmişəm."

Seçilən
14
4
publika.az

5Mənbələr