BAKI, 20 iyun. TELEQRAF
İsmayıllı rayonunun Mollaisaqlı kəndində yanğın hadisəsi baş verib. Kənd sakini Nofəl Mürsəlova məxsus ev tamamilə yanaraq külə dönüb.
Teleqraf-a danışan ev sahibi bildirib ki, yanğın baş verən zaman ailə evdə olmayıb:
“Noyabr ayından evdən çıxmışıq. Övladlarımın təhsili ilə bağlı Bakıda kirayədə qalırıq. Ara-sıra gəlib evi yoxlayırdım. Evi tam sönülü vəziyyətdə tərk etmişdik – işığı, qazı söndürüb çıxmışdıq. Sayğacda da problem olmayıb. Elektrik sistemini yeniləmişdim, kabellər təzə idi. Hələ ki, yanğının səbəbi məlum deyil”, – o bildirib.
N. Mürsəlovun sözlərinə görə, hadisədən qonşular xəbər tutub, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar.
“Bütün əşyalar yanaraq məhv olub. İcra Hakimiyyətindən gəliblər, amma sığorta olmadığı üçün maddi yardım göstərilməyəcəyi bildirildi. 3 övladımdan 2-si universitetdə oxuyur, biri isə məktəblidir. Hadisə zamanı ev tamamilə boş olub”, – Nofəl Mürsəlov əlavə edib.