AZ

Güntaya, Güntayın taylarına- Azərbaycanı hədəf alan bütün tölgələrə və kölgələrə!

İsrail-İran savaşı bütün dünyanın gündəmindədir. Davam edən hərbi əməliyyatlar fonunda təkcə İranın yox, bütövlükdə Yaxın Şərqin aqibəti ilə xeyli suallar var. Yaranan suallara elmi, rasional cavablar verənlər də var, münaqişə tərəflərinin propoqandasının təsirinə düşüb dərviş Məstəli kimi Təl-Əvəvi yerlə-yeksan edənlər, yaxud istənilən savaşın qaçılmaz sonucu kimi cənubdakı qonşumuzun üzləşdiyi humanitar problemləri görməzlikdən gələnlər də. Amma bu günkü mövzumuz savaş deyil, tarix, modernləşmə və bir də tarix bilinci olmayanların ortaya atdığı sarsaq iddialardır. Bu iddialardan birinin də müəllifi Güntay Tölgədir.

Tölgə yazır:

“İranın dini yapısı Səfəvi işğalından sonra tamamən dəyişmişdir. İranın sekulyarlaşması və demokratiklşəməsi yolunda iki əsas əngəl var: 1- Səfəvizədəlik, 2- Türk varlığı”.

Səfəvilərin rəsmi ideologiyası qızılbaşlıq idi və sonradan şiələşmiş bu təriqət hakimiyyəti altındakı ərazilərdə 12 imamın qutsallığını təbliğ edirdi. Nətəcədə islamnın şiə məzhəbi Səfəvilər sayəsində güclü siyasi dayaq əldə etdi, imperiya ideologiyasına çevirildi. Lakin Səfəvilər şiəliyi deyil, sünniliyi də yaymış olsaydılar, Yaxın Şərqdə dəyişən bir şey olmayacaqdı. Çünki Şərq xalqları renessans dövrünü keçməyib və bu problem birbaşa nə Səfəvilərlə əlaqədardır, nə də islamla.

Əvvəla, Qərb xalqlarının renessansı coğrafi kəşflər və ticarət yolları üzərində nəzarət vasitəsilə sərvət əldə etmələri ilə əlaqəli idi. Bu, elmi və mədəni inkişafa böyük dəstək oldu. Şərq xalqları, xüsusilə Yaxın Şərq və Orta Asiya təbii sərvət bolluğu və əkinçilik əsaslı iqtisadiyyatları ilə yeni iqtisadi arayışlar içərisində deyildilər. Bu isə cəmiyyətlərin xarici dünyaya açılmasına və rəqabətə az ehtiyac yaradırdı.

Digər tərəfdən, Avropada universitetlər və akademiyalar intellektual azadlıq mühitində fəaliyyət göstərirdi. Əksinə, Şərqdə elmi təfəkkür əsasən məscidlər və dini məktəblərlə məhdudlaşmışdı. Bu təhsil sistemi din mərkəzli olduğu üçün elmin dünyəvi aspektləri inkişaf edə bilmədi. Qərbdə çap texnologiyasının sürətli yayılması biliklərin əlçatan olmasını təmin etdi. Şərqdə isə bu texnologiyanın yayılması gecikdi və bilik mübadiləsi dar çərçivədə qaldı. Diqqət edin: burada problem dinin özündə deyil, sosial sistemdədir. Qərbdə xristianlıq da elmi azad buraxmaq istəmirdi, amma sosial dinamikalar sayəsində ondan ayrılmağa məcbur oldu. Şərqdə çatışmayan məhz bu sosial dinamika idi.

Nəhayət, Avropada müxtəlif krallıqlar və şəhər-dövlətlər arasında rəqabət elmi və mədəni inkişafı təşviq etdi. Şərqdə isə mərkəzləşdirilmiş geniş ərazilərə hökm etmək iddiası, imperiya ənənəsi mövcud idi. Səfəvilər Şərqdəki imperiyaların, o cümlədən tarixdəki Türk imperiyalarının nə birincisidir, nə də sonuncusu. Odur ki, Şərq xalqlarının renessans dövrünü keçməməsi Səfəvilərə bağlamaq, nəinki islamın bir məzhəbinə, bütünlükdə islama bağlamaq yanlışdır, kobud səhv, açıq savadsızlıqdır. Şərq xalqlarının tarixi inkişaf yolu onları Qərbin keçdiyi müstəsna renessans təcrübəsindən uzaqlaşdırmışdı. Bu problemləri şərh etmək üçün tarixi oxumaq azdır, onu anlamaq da lazımdır. Ki, Güntayda belə bir qabiliyyət, sadəcə olaraq, yoxdur.

Güntayın tezisində diqqətdən qaçmayacaq bir nüans da var. O, Səfəvilərin İranı işğal etdiyini deyir. Sezmək çətin deyil ki, o, “İran” dedikdə bu günkü İslam Respublikasını nəzərdə tutur, hansı ki, bir hissəsini Arazın o tayındakı Azərbaycan təşkil edir. Səfəvilərin Azərbaycanı işğal etməsini iddia etmək üçün istənilən müəllif, Anadolu türkləri demiş, qafasını yeməlidir. Səfəvilər sırf Azərbaycan mənşəli sülalədir, ocaqları, gorgahları Ərdəbildədir. Şah İsmayılın Təbrizdə cülus edərkən oturduğu taxt isə ana tərəfdən babası Uzun Həsənə məxsusdur. Səfəvilər əslində yeni dövlət deyil, Ağqoyunlu dövlətçilik ənənələrinə söykənən yeni sülalədir. Odur ki, Ağqoyunluya tabe olan ərazilərdə Səfəvilərin mərkəzi hakimiyyəti bərpa etməsi işğal sayıla bilməz. Əgər söhbət Fars əyalətindən, yaxud İrandilli tayfaların yaşadığı digər ərazilərdən, İraqdan gedirsə, Ərəbistandan gedirsə, Səfəvilər bir imperiya kimi genişlənməyi düşünürdü, işğal edirdi, hakimiyyət qururdu. Bu, hansı imperiyaya məxsus keyfiyyət deyildi ki? Əlbəttə, Güntayın məqsədi aydındır. O, sadəcə, Səfəvilərin Azərbaycanı işğal etdiyinə eyham vurmaq istəyir və “Azərbaycan” adını qabartması ağalarının xoşu gəlməz deyə, bunu dolayı yolla edir.

Onun türkləri, yəni İrandakı azərbaycanlıları demokratiyanın inkişafına əngəl göstərmək cəhdi də puçdur, əbəsdir. Məgər məzhəbindən asılı olmayaraq, hansı ərəb ölkəsində, hansı ari diyarında demokratiya fışqırır ki, İrandakı azərbaycanlılar ondan geri qalıb? Tam əksinə, 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş məşhur Məşrutə İnqilabının həm hədəfində, həm də mərkəzində türklər dayanır.

Seçilən
6
aznews.az

1Mənbələr