AZ

“Bütün klublarımızın bəxtinə ən arzuolunmaz rəqiblər düşdü” – Vaqif Sadıqov

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klubların rəqibləri məlumdu. Belə ki, “Qarabağ” “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi, “Sabah” “Selye” (Sloveniya), “Zirə” “Hayduk” (Xorvatiya), “Araz-Naxçıvan” isə “Aris” (Yunanıstan) ilə qarşılaşacaq.

“Football-plus.az” avrokubokda mübarizə aparacaq klubların şansını dəyərləndirməsi üçün Vaqif Sadıqova müraciət edib:
“Hesab edirəm ki, bütün klublarımızın bəxtinə ən arzuolunmaz rəqiblər düşdü. “Qarabağ” favorit sayılır, amma Şimalı İrlandiya məktəbi də çətin hesab olunur. Uzun səfəri də nəzərə almaq lazımdı. Bütün nüanslara baxmayaraq, “Qarabağ”ın mərhələ keçəcəyinə inanıram. “Selye” çempionatı 4-cü yerdə bitirsə də, ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər gəlib. Amma bu dediklərimiz hamısı kağız üzərindədi. “Sabah” mövcud problemlərini həll edə, tam hazır ola bilər. Bu cütün qalibi “Partizan”la qarşılaşa bilər. “Sabah”ın da “Partizan”la oynaması çox maraqlı olardı. Çünki “Sabah” məhz “Partizan”a məğlub olmaqla avrokubokları tərk etmişdi. “Zirə”nin rəqibi çox güclüdü. “Hayduk” Xorvatiyanın adlı-sanlı klublarından biridi. Lakin “Hayduk” çempionat boyunca lider olub, nəticədə çempionatı üçüncu bitirdi. Buna görə baş məşqçi Cennaro Qattuzo ilə də yolları ayırdılar. Vacib olan odu ki, ötən mövsüm “Zirə”nin performansını gördük. Hər rəqibə qarşı oynamağa hazırdı. “Zirə”yə inanıram. “Araz-Naxçıvan”ın rəqibi “Aris” də ölkəsinin tanınan klublarından biridi. Mövsümü beşinci pillədə bitiriblər. “Araz-Naxçıvan”ın təcrübəsizliyi narahatlıq yarada bilər. Amma “Araz-Naxçıvan” həmişə iddialıdı. Bunu nəzərə alsaq, rəqibi ilə başabaş, bərabər səviyyəli oyun keçirə bilər. Bütün klublarımıza inanıram, hər birinə uğurlar arzulayıram”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
4
1
football-plus.az

2Mənbələr