Bakının Səbail rayonu, Badandar qəsəbəsi ərazisində işıqforlar işləmir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəsəbənin 1-ci massiv adlanan ərazisində nəqliyyatın hərəkətini tənzimləmək üçün quraşdırılmış 4 işıqfor fəaliyyət göstərmir. Bu da həmin yoldan istifadə edən sürücülər və piyadalar üçün xeyli çətinlik yaradıb.
"Ərazidə 4 işıqforun heç biri işləmir. Maşınlar necə gəldi hərəkət edir. Piyada zolağı olmadığı üçün piyadalar yolu keçməkdə çətinlik çəkir. Qorxuruq ki qəza olar", - deyə şikayətçi vurğulayıb.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə bildirilib ki, qeyd olunan yolda kabel-kommunikasiya xətlərinin yenilənməsi üçün yolda qazıntı işləri aparılmalıdır və bu məqsədlə bir müddət əvvəl aidiyyəti dövlət qurumuna rəsmi müraciət olunub. Razılıq verilərsə, yolda xətlərin yenilənməsi işlərinə başlanılacaq.