AZ

Emosional aclığın əlamətləri nələrdir?

Emosional aclıq bədənin deyil, beynin və hisslərin aclığıdır. Əslində ac olmadığınız halda yemək istəyi duymaq, xüsusən də stresli, narahat, yorğun və ya kədərli olduğunuz zamanlarda daha çox yeməyə yönəlmək, emosional aclığın əsas əlamətlərindəndir.

News24.az Foodinfo.az-a istinadən emosional aclığın tipik əlamətlərini təqdim edir:

1. Birdən, qəfil yemək istəyi yaranır

Fiziki aclıq adətən tədricən yaranır. Amma emosional aclıq qəfil və şiddətli yemək istəyilə gəlir. Bir anda içəridə “nəsə yeməliyəm!” hissi yaranır.

2. Xüsusi qidalara qarşı güclü istək

Emosional aclıq zamanı insan adətən şirniyyat, çips, fast-food, şokolad, xəmir işi kimi yüksək kalorili və rahatlıq verən qidaları arzulayır. Bu, bədəni doyurmaq deyil, hissləri sakitləşdirmək məqsədi daşıyır.

3. Doymaq bilməmək

Əsl aclıqda yemək yedikcə doymaq hissi yaranır. Emosional aclıqda isə nə qədər yesəniz də doyduğunuzu hiss etmirsiniz, çünki problemin kökü bədəndə deyil, emosiyalardadır.

4. Yedikdən sonra peşmanlıq və vicdan əzabı

Emosional yeməkdən sonra adətən peşmanlıq, günahkarlıq və ya öz-özünü qınama hissləri gəlir. “Niyə yedim?”, “Heç ehtiyacım yox idi” kimi fikirlər yaranır.

5. Yemək stresə, narahatlığa “sakitləşdirici” kimi istifadə olunur

Əgər yeməyi sakitləşmək, əsəbləri yumşaltmaq, kədəri unutmaq və ya boşluğu doldurmaq üçün yeyirsinizsə, bu da emosional aclığın göstəricisidir.

6. Yemək diqqətsiz şəkildə yeyilir

Emosional aclıqda insan yeməyi tez-tez ekran qarşısında, ayaqüstü, avtomatik şəkildə yeyir. Yemək prosesi ilə zehni bağ qurulmur, sadəcə “ağız işləyir”.

7. Fiziki aclıq əlamətləri olmur

Əsl aclıqda mədə quruldama, zəiflik, başgicəllənmə ola bilər. Emosional aclıqda isə belə fiziki siqnallar olmur, aclıq yalnız zehni və emosional səviyyədə hiss olunur.

8. Tez-tez təkrarlanır

Əgər gün ərzində tez-tez “nəsə yemək istəyirəm” deyirsinizsə və bu hal vərdiş halını alıbsa, bu da emosional aclığın bir göstəricisi ola bilər.

Əgər bu vəziyyət uzun müddət davam edirsə və özünüzü nəzarətdə saxlaya bilmirsinizsə, psixoloq və ya dietoloq dəstəyi almaq faydalı olar.

Seçilən
8
news24.az

1Mənbələr