İyunun 20-də BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutması ilə əlaqədar təcili iclas keçirəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Ukrayna xarici işlər nazirinin müavini Andrey Sibiqa məlumat verib.
Onun sözlərinə görə, rəsmi Kiyev gözləyir ki, BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər Rusiyanın çoxsaylı mülki əhalinin tələfatına səbəb olan zərbələri ilə bağlı prinsipial mövqe tutacaqlar və Rusiya Federasiyasına təzyiqlərin artırılmasının zəruriliyi barədə aydın siqnal verəcəklər.
Ukrayna, həmçinin beynəlxalq ictimaiyyəti onu daha fəal dəstəkləməyə, xüsusən də əlavə hava hücumundan müdafiə vasitələri ilə təmin etməyə çağırır.
Sibiqa xatırladıb ki, Kiyev Amerikanın tam atəşkəs təşəbbüsü ilə razılaşdıqdan 100 gün keçib. Bununla yanaşı, Moskva, diplomatın dediyi kimi, sülh təkliflərini rədd etməkdə davam edir və mülki infrastruktura hücumları davam etdirir.
İyunun 17-də Rusiya hərbçiləri 16 qanadlı raket, iki “Kinjal” raketi və onlarla PUA-dan istifadə etməklə Kiyevə genişmiqyaslı birləşmiş hücuma keçib. Şəhərin bir sıra ərazilərində dağıntılar qeydə alınıb, 23 nəfər ölüb, onlarla insan yaralanıb.