AZ

“Qərbi Azərbaycan - Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Şabranda “Qərbi Azərbaycan - Yurd yerimiz” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcması (QAİ) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində baş tutub.

Konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Milli Məclisin deputatları, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycana qayıdış ideyasının təməlinin hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini bildirib.

Natiq qeyd edib ki, son 200 ildə ilk dəfə olaraq Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı üçün real zəmin yaranıb. Tarixi torpaqlarından qovularkən hüquqları pozulmuş Qərbi azərbaycanlıların problemləri ilə bağlı İcma tərəfindən beynəlxalq təşkilatlar məlumatlandırılır və onların qarşısında konkret istəklər irəli sürülür.

Konfrans, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin tanıdılması, eləcə də azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkədə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndələri, Milli Məclisin deputatları və başqaları çıxış ediblər.

Seçilən
9
2
yeniazerbaycan.com

3Mənbələr