Yenisabah saytına istinadən ain.az xəbər verir.
Son illər Azərbaycanın həlli vacib olan ictimai məsələləri sırasında aktuallığı qətiyyən azalmayan problemlərdən biri də erkən nikahların statistikasında dinamikanın azalmamasıdır. Bu istiqamətdə istər dövlət səviyyəsində həyata keçirilən tədbirlər, istərsə də vətəndaş cəmiyyəti subyektləri tərəfindən görülən işlər övladlarını yetkinlik yaşına çatmadan evləndirməkdə israrlı olan bir çox valideynləri dayandıra bilmir. Nəticədə hər il ölkə üzrə erkən nikahların sayı artıq onlarla deyil, yüzlərlə ifadə olunur.
Tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, ekspertlər düşünürlər ki, həyəcan təbili çalmağın vaxtı çatıb. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bu problemin ciddi xarakter almasında müxtəlif tərəflərin məsuliyyət daşıdığına bildirib: “Çox təəsüf ki, övladları üzərində mütləq hakimiyyətə malik olduqlarını düşünən, onların yerinə istənilən qərarı qəbul edə biləcəklərinə inanan ata-analar nə hüquqi məsuliyyəti, nə də ictimai qınağı nəzərə almaq fikrindən çox uzaq kimi görünürlər. O baxımdan, ictimai bəla həddinə çatmış bu problemin tədricən də olsa, aradan qaldırılması əsas vəzifələrdən birinə çevrilib”.
Müşfiq Ələsgərli deyib ki, ölkə gündəmini hərtərəfli işıqlandıran media orqanları cəmiyyəti informasiya ilə təmin etməklə yanaşı, həm də insanların maarifləndirilməsi funksiyasını yerinə yetirməkdədir: “Əlbəttə, erkən nikahların qarşısının alınmasında, bu tendensiyanın zəiflədilməsi və dayandırılmasında, insanları şagird partasını tərk etməmiş övladlarını bəy-gəlin masasına əyləşdirməkdən çəkindirməkdə ən effektli vasitə olaraq medianın imkanları xüsusi qeyd edilməlidir.
Hər halda, yerli televiziya kanalları ilə media resurslarının erkən nikah problemini daim diqqət mərkəzində saxlayaraq bu məsələdə məsuliyyətli və güzəştsiz davrandıqlarını söyləmək mümkündür. Çox yaxşı haldır ki, KİV orqanları erkən nikah problemini gündəmdə saxlamaqla kifayətlənmir, eyni zamanda, belə halların qarşısının alınmasında da müstəsna rol oynayır.
Bu məsələyə dair materialları araşdırdıqda, ölkənin müxtəlif bölgələrində erkən nikah cəhdlərinin qarşısının bir çox hallarda məhz medianın müdaxiləsi sayəsində alındığı gerçəyi ortaya çıxır. Ona görə də mətbuatın bu sahədə göstərdiyi fəaliyyətin təsirini etiraf etməmək olmaz. Başqa sözlə desək, bu və digər bölgədə erkən nikah hazırlığı haqda məlumatın mediada işıqlandırılması o prosesin yarıda qalması anlamına gəlir. Yəni bununla bağlı məlumatın ictimailəşməsindən az sonra hüquq-mühafizə orqanları da daxil olmaqla, aidiyyəti dövlət qurumları həmən vəziyyətə müdaxilə edərək bunun qarşısını alırlar”.
Müşfiq Ələsgərli hesab edir ki, bəhs edilən problemin həllinin, yaxud miqyasının kiçildilməsinin sadəcə, medianın sayıqlığından, bu məsələni daim gündəmdə saxlamasından asılı olmadığı aydındır. Erkən nikah probleminin həlli üçün kompleks tədbirlərin həyata keçirilməsi zəruridir: “Bu sırada cəza qanunvericiliyinin daha da sərləşdirilməsi, həmçinin bütün səviyyələrdə maarifləndirmə fəaliyyətinin genişləndirilməsi təklif olunur. Mütəxəssislərin fikrincə, erkən nikahlara görə cəzaların ağırlaşdırılması ciddi çəkindirici təsirə malik olacaq, maarifləndirici tədbirlər isə insanların bu arzuedilməz yanaşmadan tədricən şüurlu şəkildə imtina etmələrinə gətirib çıxaracaq. Mövcud reallıq isə bundan ibarətdir ki, yaranmış duruma təcili müdaxilə edilməzsə, qarşıdakı dönəmdə erkən nikah probleminin həlli daha da çətinləşəcək. Bu üzdən zəruri addımların atılmasında yubanmaya yol verilməməsi arzuediləndir”.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.