AZ

Ver yeyim, ört yatım, gözlə canım çıxmasın – REPLİKA

“Neftçi” indiyə qədər 10 futbolçu ilə yolları ayırsa da, transfer dosyesinin “gedənlər” siyahısına Ramil Şeydayevin adını daxil edə bilməyib. Halbuki baş məşqçi Samir Abasov təcrübəli hücumçu haqda müsbət fikirdə deyil. İnsafən, mütəxəssisin yetərincə ciddi əsasları var. Axı Ramil 2024/25 mövsümündə meydana çıxdığı 27 matçda cəmi 2 qol, 4 məhsuldar ötürməylə yadda qalıb. Təbii ki, bu statistika 29 yaşlı mərkəz hücumçusu üçün qənaətbəxş deyil. Hələ onu demirik ki, 800 min avro dəyərində olan Şeydayevin “ikinci baharını yaşaması” çətin görünür.

Xatırlayırsızsa, Ramilin karyerasındakı eniş dövrü “Qarabağ”dan ayrılandan sonra başladı. Əvvəl Taylandın “Buriram Yunayted” komandasında (16 matçda 1 qol, 3 məhsuldar ötürmə) özünü doğrultmadı, ardından Türkiyənin 1-ci liqa təmsilçisi “Kocaelispor”da (16 matçda 1 qol). Tər tökdüyü oyunların sayını nəzərə alsaq, aparıcı futbolçu statusuna yiyələnə bilmədiyi də göz önündədi. Odu ki, “Neftçi”nin səviyyəsi o qədər də yüksək olmayan çempionatlarda belə möhkəmlənə bilməyən və gündən-günə geriləyən oyunçuyla 3 illik müqavilə imzalaması anlaşılan qərar deyil. Özü də illik 550 min dollar məvacib şərtiylə. Paytaxt təmsilçisi ötən il iyulun 16-da yol verdiyi səhvin cəriməsini ödəməyə davam edir və görünən odu ki, hələ azı bir il də davam edəcək. Çünki Ramilin müqaviləyə qarşılıq razılıq əsasında xitam vermək fikri yoxdu.

Nə düşünür? Böyük ehtimalla, ya Məşədi İbad kimi “mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana” deyib növbəti mövsüm parlayacağını zənn edir, ya da karyerasına “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” prinsipiylə davam etmək niyyətindədi.

Hər halda, bəxtinə qızıl balıq düşüb və onu üç diləyini yerinə yetirmədən dənizə buraxmaq istəmir...

KƏNAN BAHADIR

Seçilən
13
1
football-plus.az

2Mənbələr