AZ

İqlim dəyişikliyi tənəffüs problemlərinin ağırlaşmasına səbəb ola bilər ARAŞDIRMA

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 iyun, AZƏRTAC

Flinders Universitetindən mütəxəssisləri iqlim dəyişikliyinin insan sağlamlığına yeni bir təhlükə yaradacağı barədə xəbərdarlıq edirlər. “Nature Communications” jurnalında dərc olunan tədqiqatda bildirilib ki, qlobal istiləşmə nəticəsində artan ətraf mühit temperaturları obstruktiv yuxu apnesi (OSA) hallarını daha da ağırlaşdıracaq.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Qlobal istiləşmə obstruktiv yuxu apnesinin yükünü artıra bilər” adlı araşdırma OSA-nın şiddətində temperaturla bağlı artım müşahidə edir və yaxın 75 ildə bu vəziyyətin sosial və iqtisadi yükünün əksər ölkələrdə ikiqat artacağını proqnozlaşdırır.

Tədqiqatın baş müəllifi, DOKTOR Bastian Leşa qeyd edir ki, araşdırma ətraf mühit temperaturunun yuxu zamanı tənəffüs pozuntularına necə təsir etdiyini ilk dəfə elmi əsaslarla ortaya qoyur: “Ətraf mühit faktorlarının sağlamlığa təsirini başa düşmək baxımından bu nəticələr olduqca əhəmiyyətlidir. Araşdırma göstərir ki, temperaturun yüksəlməsi yuxuda OSA keçirmə ehtimalını 45 faiz artırır”.

Maraqlıdır ki, bu təsirin regionlara görə fərqli olduğu müşahidə olunub. Məsələn, Avropa ölkələrində temperatur artımı ilə OSA hallarının daha da artdığı halda, Avstraliya və ABŞ-da bu artım nisbətən az olub. Bu fərqlərin əsas səbəblərindən biri kimi kondisioner istifadəsinin müxtəlifliyi göstərilir. Yuxu apnesi dünya üzrə təxminən 1 milyard insanı təsir edən və müalicə olunmadıqda ciddi nevroloji, kardiovaskulyar və psixi sağlamlıq fəsadlarına yol açan bir vəziyyətdir. Təkcə Avstraliyada OSA və digər yuxu pozuntuları ilə əlaqədar iqtisadi yükün illik 66 milyard dollar olduğu təxmin edilir. Tədqiqatda FDA tərəfindən təsdiqlənmiş döşəkaltı sensorlarla toplanan və 116 mindən çox iştirakçının 500 gecəlik yuxu məlumatları iqlim modellərindən əldə edilən sutkalıq temperatur göstəriciləri ilə uzlaşdırılıb.

Araşdırmada Ümumdünya Səhiyyə Təşkilatının sağlamlıq iqtisadiyyatı modelləşdirilməsində istifadə etdiyi əlilliyə uyğunlaşdırılmış ömür illəri (DALY) göstəricisindən istifadə olunub. 2023-cü il üçün aparılan modelləşdirməyə əsasən, qlobal istiləşmə səbəbindən OSA hallarının artması 29 ölkədə təxminən 800 min sağlam həyat ilinin itirilməsi ilə nəticələnib. Bu göstərici, bipolyar pozğunluq, Parkinson xəstəliyi və xroniki böyrək xəstəliyi kimi digər tibbi vəziyyətlərlə müqayisə olunur. İqtisadi baxımdan isə ümumi zərər 98 milyard ABŞ dolları olaraq hesablanmış, bunun 68 milyardı rifah itkisi, 30 milyardı isə məhsuldarlığın azalması ilə bağlı olub.

Professor Denni Ekert araşdırmanın əsasən yüksək gəlirli ölkələrdə aparıldığını və nəticələrin daha az inkişaf etmiş bölgələr üçün daha ağır ola biləcəyini qeyd edir: “Əldə etdiyimiz nəticələr qlobal istiləşmənin sağlamlıq təsirlərini tam şəkildə əks etdirməyə bilər”.

Professor, həmçinin bildirir ki, bu tapıntılar yalnız qlobal istiləşmənin qarşısını almağa yönəlik daha sərt siyasət tədbirlərinin deyil, həm də OSA-nın diaqnostika və müalicəsinə dair yeni strategiyaların zəruriliyini ortaya qoyur: “Diaqnostika və müalicə imkanlarının artırılması iqlimlə əlaqəli sağlamlıq və məhsuldarlıq itkilərinin qarşısını almaqda mühüm rol oynaya bilər”.

Tədqiqatçılar müdaxilə strategiyalarının inkişaf etdirilməsi və temperatur dəyişikliklərinin OSA şiddətinə təsirini izah edən fizioloji mexanizmlərin daha dərindən öyrənilməsinin vacibliyini vurğulayırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
azertag.az

2Mənbələr