AZ

Düşünülmüş siyasətin real nəticəsi

Cari ilin birinci rübündə Azərbaycanın strateji valyuta aktivləri 2,5 milyard dollar artaraq 73,5 milyard dollara çatıb ki, bu da xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.

İqtisadi müstəvidə ölkənin ən böyük nailiyyətlərindən biri də Azərbaycana davamlı valyuta axınının təmin edilməsidir. Xüsusən də indiki şəraitdə, qlobal ticarət müharibələrinin genişləndiyi bir vaxtda bu məsələ böyük əhəmiyyət kəsb edir. Ən azı o baxımdan ki, beynəlxalq maliyyə bazarlarında baş verənlərin Azərbaycana təsiri minimal həddə enir. Eyni zamanda, bunun nəticəsində manatın sabitliyi daha etibarlı şəkildə qorunur. Yeri gəlmişkən, cari ilin birinci rübündə strateji valyuta aktivləri 2,5 milyard dollar artaraq 73,5 milyard dollara çatıb.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin direktoru Samir Nəsirov cari ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına dair keçirilən brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, həmin dövrdə Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti təxminən 74 dollar, Azərbaycan təbii qazının 1000 kubmetrinin orta ixrac qiyməti isə 320 dollar təşkil edib.

Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir. Özü də bu ehtiyatlar təkcə neft və qaz satışı hesabına artmır. Qeyri-neft sektoru üzrə ixracın çoxalması, Azərbaycanın xaricdə öz sərmayəsi hesabına reallaşdırdğı layihələrin gəlir gətirməsi də valyuta ehtiyatlarını sürətlə artırır. Ekspertlər vurğulayır ki, bunlar fonunda qeyri-neft sektoru ölkəyə valyuta gətirən əsas sahələrdən birinə çevrilib. Bu da onu göstərir ki, qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar nəticəsini verir. Belə  ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalı 26 milyard 449.5 milyon manata bərabər olub. Hesabat dövründə ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı 67,3 faiz təşkil edib ki, bu da illik müqayisədə 3.1 faiz bəndi artım deməkdir. Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı 64.2 faizə bərabər olub.

Azərbaycanın böyük valyuta ehtiyatları ona yarana biləcək yeni iqtisadi böhranın fəsadlarını daha asanlıqla neytrallaşdırmağa imkan verir. Digər tərəfdən, Azərbaycan xarici borc məsələsində indi daha ehtiyatlı və uğurlu siyasət həyata keçirir. 2025-ci il 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 26 milyard 615,2 milyon manat və ya 2025-ci il üzrə 130 milyard 662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 20,4 faizini təşkil etmişdir. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Ümumi dövlət borcunun 8 milyard 613,9 milyon manatı (5 milyard 067,0 milyon ABŞ dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18 milyard 1,3 milyon manatı və ya 67,6 faizi daxili dövlət borcunun payına düşür. Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsində (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30 faizdən çox olmaması və xarici dövlət borcunun 2025-ci ilin sonunadək 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir. 1 aprel 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 067,0 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 62,7 milyon ABŞ dolları məbləğində azalmışdır.

Ümumiyyətlə, ölkənin strateji valyuta ehtiyatlarının çoxalması, ilk növbədə, kredit reytinqinin yüksəlməsinə təsir edən başlıca amillərdəndir. Belə ki, valyuta ehtiyatlarının artması xarici investorlar üçün ölkənin cəlbediciliyini artırır. Həmçinin, valyuta ehtiyatlarının sürətlə artması ölkənin ödəniş qabiliyyətli olması, öhdəliklərin vaxtında yerinə yetirilməsi deməkdir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü “makroiqtisadi bufer” formalaşdıran amildir. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesabatlarında qeyd olunur ki, Azərbaycan hökuməti strateji valyuta ehtiyatlarının idarə olunması istiqamətində çevik siyasət yürüdür. Bu siyasət dünyada maliyyə böhranının davam etdiyi dövrdə böyük valyuta ehtiyatlarına malik ölkə üçün böhranın hər hansı təsirini tamamilə məhdudlaşdırmaq iqtidarına malikdir. Beynəlxalq maliyyə institutları Azərbaycanda dərin makroiqtisadi təməllərin yaradıldığını, maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində çevik iqtisadi addımların atıldığını, ümumilikdə, valyuta bazarının bütün seqmentlərində inkişaf templərinin müşahidə olunduğunu bəyan ediblər. Bu tendensiya valyuta ehtiyatlarının artması ilə bərabər, həm də milli valyutanın-manatın aktiv siyasət aləti kimi nüfuzunun artmasına imkan yaradır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr