AZ

Bloqerin əxlaqsız qadınlarla sərgüzəştləri: Onları videoya çəkdi, şantaj etdi – TƏFƏRRÜAT

Bakıda qadınlara hədə-qorxu gələrək şantaj etməkdə ittiham olunan 1987-ci il təvəllüdlü bloqer Cəmil Quliyevin işinə Ali Məhkəmədə baxılıb.

Oxu.Az “Teleqraf”a istinadən xəbər verir ki, Cəmil Quliyev sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. Həmin qadınlarla görüşərək münasibətdə olarkən, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6800, digərindən 2400 manat alıb. Zərərçəkmişlərdən biri model kimi tanınan şəxs olub.

Qeyd edək ki, Cəmil Quliyev “Instagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.

İstintaq orqanı tərəfindən Cəmilin barəsində Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2 (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“Gördüm ki, mənə müraciət edirlər”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Yeni Azərbaycan Partiyasının üzvüdür:

“Hər zaman çalışmışam ki, cəmiyyətdə layiqli vətəndaş olum. Azərbaycançılıq hissi ilə yaşamışam, milli dəyərləri qorumuşam. Gürcüstanın Batumi şəhərində yerləşən, baş ofisi isə Rusiya Federasiyasının Moskva şəhərində olan “XOX Tobacco” tütün məmulatları istehsal fabrikinin təsisçisi və baş direktoru olmuşam. Rəhbərlik etdiyim müəssisədə 87 azərbaycanlı işlə təmin olunub.

Bu biznes fəaliyyətini vətəndə də davam etdirmək məqsədilə 2019-cu ildə Azərbaycana qayıtmışam. Həmin fabriki Batumi şəhərindən Quba rayonuna gətirmək istədim. Bu məqsədlə lizinq yolu ilə xarici markalı 7 maşın aldım. Avtomobillər lizinq şirkəti tərəfindən qanunsuz yolla mənimsənildiyi üçün bu barədə şikayət etsəm də, şikayətə baxan olmadı.

Bununla bağlı “İnstagram” və “TikTok” sosial şəbəkələrində özümə məxsus səhifədə paylaşımlar etdim. Nəticədə gördüm ki, vətəndaşlar öz problemlərinin işıqlandırılması üçün mənə müraciət edirlər”.

“Arvadını pul müqabilində cinsi əlaqədə olmaq üçün təşkil edib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sosial şəbəkələrdə əsas problemlərdən olan narkotik vasitələr və qadın alveri ilə mübarizəyə başlayıb:

“Mənim məqsədim sosial, faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin problemlərini, ölkəyə müxtəlif yollarla gətirilib, xüsusən də gənclərin və yeniyetmələrin bəlasına çevrilmiş narkotik alverçilərini, gənc qadın və qızları əxlaqsız yollara çəkməklə onların üzərindən pul qazanan qadın alverçilərini qınaq predmetinə çevirməklə cəmiyyəti məlumatlandırmaq olub.

Artıq videobloger kimi fəaliyyət göstərdiyim bir vaxtda Camal (adlar şərtidir – red.) adlı bir şəxs əlaqə saxlayaraq, Bilgəh qəsəbəsindəki evlərin birində satışa hazırlanan 4 kiloqram psixotrop maddə metamfetamin olduğunu bildirdi. Mən dərhal hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə əlaqə saxladım, bu barədə məlumat verdim və həmin yerə getdim.

Söhbət əsnasında məlum oldu ki, Camal öz arvadını ev sahibinə pul müqabilində cinsi əlaqədə olmaq üçün təşkil edib. Lakin həyat yoldaşının iş müddəti 2 saatı keçdiyi üçün mənim vasitəmlə cəzalandırmaq istəyib.

Camaldan nə ilə məşğul olduğunu soruşdum. Açıq-aydın şəkildə qadın ticarəti ilə məşğul olduğunu bildirdi. Camaldan polisdən qorxub-qorxmadığını soruşdum. Camal öz himayədarının adını çəkərək, aylıq həmin şəxsə “patent” ödədiyini bildirdi.

Bir gün sonra Camalın barəsində məlumat topladım və bununla bağlı hazırladığım materialı paylaşdım. Daha sonra Camalın arvadı əlaqə saxladı və paylaşdığım materialı sosial şəbəkələrdən silməyimi istədi”.

“Pulu “şirinlik” kimi göndərdiyini dedi”

Cəmilin ifadəsinə görə, “Panda” ləqəbli Pərinin haqqında ona material verilib: “Bu material üzərində işləyərkən belə bir paylaşım edəcəyimi “İnstagram”da storidə göstərdim. Hazırladığım materialı yaymaq istədim.

Rasim adlı şəxs zəng edərək Pərinin şəhid və qazi ailələrinə yardım etdiyini və bir neçə ailəni himayəsinə götürdüyünü bildirdi. Mən Pəri ilə əlaqə saxladım, bu barədə məlumatı ondan dəqiqləşdirdim. Bir neçə gün sonra Rasim mənimlə görüşmək istədiyini dedi.

Görüş zamanı Rasim cibindən pul çıxardı, avtomobilimdəki su qabı yerinə qoydu və pulu Pərinin “şirinlik” kimi mənə göndərdiyini dedi. Mən Rasimə Pəridən pul istəmədiyimi söylədim və Pəriyə zəng edib pulu nə üçün göndərdiyini soruşmasını istədim. Rasim isə bu pulun “şirinlik” olduğunu bildirdi. Mən isə Rasimə dedim ki, pul sənindir, götür. Rasim 1000 manat puldan 500 manatı özünə götürdü, sağollaşaraq getdi. Mən Rasimin pulun hamısını götürmədiyini gedəndən bir az sonra bildim”.

“Pişik hədiyyə etdim”

Cəmil bildirib ki, bu görüşdən bir neçə gün sonra tanışı Vüsalla Nərimanov rayonu ərazisində restoranların birində yemək yeyib: “Həmin vaxt Rasim zəng edərək görüşmək istədiyini dedi. Olduğumuz ünvanı öyrənib yanıma gəldi.

Yeməkdən sonra qərarlaşdırdıq ki, Rasim 3 əxlaqsız qadın dəvət edəcək, mənə isə hoteldə istirahət üçün 3 nömrə otaq götürəcək. Mən Rasimin əxlaqsız qadınları kimin vasitəsilə çağırdığını bilməmişəm. Hoteldə olan zaman qadınları Pərinin göndərdiyini bilmişəm. Çağırılanlara görə Rasimin kimə nə qədər pul ödəməsnindən də xəbərim olmayıb.

Sonradan Pəri ilə münasibətim yarandı. Ondan qadın alverçiləri, satılan qadınlar barəsində məlumatlar almışam, sonradan isə həmin məlumatı dəqiqləşdirmişəm.

Pəri ilə cəmi bir dəfə əyani görüşdüm. Ona “Britaniya” cinsindən olan pişik hədiyyə etdim. Bunu pul müqabilində deyil, sadəcə hədiyyə verdim”.

“Əxlaqsız qadınların pulunu ödəmişəm”

Cəmil ifadəsində göstərib ki, 2023-cü ilin mart ayında Türkiyədə olan zaman onun “İnstagram” səhifəsi bağlanıb: “Ona görə də Pəridən 400 manat borc pul istədim. Pəri istədiyim pulu bank hesabıma köçürdü.

Əgər məqsədim şikayətçinin iddiasını sadəcə rədd etmək olsaydı, aldığım 400 manatı da inkar edərdim, yaxud Türkiyədən qayıtdıqdan sonra nağd olaraq ona verdiyimi deyərdim. Pərinin mənə göndərdiyi əxlaqsız qadınların pulunu ödəmişəm. Pərinin mənə jesti o olub ki, özünə çatan pulu məndən istəməyib. Mənim zərərçəkmiş şəxslə heç bir əlaqəm və münasibətim olmayıb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəmil 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət tərkibi olmadığını deyib və bəraətverici əsasla hökm çıxarılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilib.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayəti təmin olunmayıb.

Seçilən
16
9
bizimshow.az

10Mənbələr