AZ

Şuşa artıq təkcə Azərbaycanın deyil, Ümumtürk dünyasının mədəni simvollarından birinə çevrilib

2020-ci ildə qazandığımız möhtəşəm Qələbə təkcə  Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, həm də milli kimliyimizin, tariximizin və mədəni ruhumuzun dirçəlişi oldu. Qarabağ torpaqlarının işğaldan azad olunması ilə yalnız şəhər və kəndlərimiz deyil, həm də xalqımızın yaddaşı, irsi və qüruru yenidən oyandı.

Milli Məclisin deputatı Pərvin Kərimzadə İki sahil.TV-yə müsahibəsində bildirib ki, Şuşada Milli Qurtuluş Gününün qeyd olunması, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasının və  dahi rəhbərin müəyyən etdiyi inkişaf yolunun nə qədər doğru və sarsılmaz olduğunu bir daha sübut edir. Bu, həm də Azərbaycan dövlətçiliyinin, milli birliyimizin və ərazi bütövlüyümüzün rəmzi olan Şuşadan bütün dünyaya verilən güc və həmrəylik mesajıdır.

- Pərvin xanım, Qarabağın dirçəlişi təkcə infrastrukturla bağlı deyil, həm də milli ruhun yenidən doğuluşudur. Sizcə, bu ruh Şuşada necə hiss olunur?

2020-ci ildə əldə edilən tarixi Zəfərdən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu proses ilk baxışdan infrastrukturun yenilənməsi, yolların, məktəblərin, xəstəxanaların tikintisi kimi texniki layihələrlə yadda qalsa da, əslində, Qarabağın dirçəlişi yalnız maddi deyil, həm də mənəvi və ideoloji yüksəlişdir. Bu yüksəlişin simvolik mərkəzlərindən biri isə şübhəsiz ki, Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşadır. Şuşa həm tarix, həm də ruhdur. Burada atılan hər bir addım, hər bir daşın yerinə qoyulması yalnız şəhərin fiziki yenilənməsi deyil, həm də xalqımızın yaddaşının, kimliyinin və milli qürurunun yenidən bərpasıdır. Şuşanın küçələrində dolaşarkən, Vaqifin məqbərəsinin qarşısında dayanarkən və ya Bülbülün ev muzeyini ziyarət edərkən hiss olunan duyğu, sadəcə bir şəhərin abadlaşması deyil, həm də xalqın öz tarixinə, mədəniyyətinə, irsinə qovuşmasıdır. Burada keçirilən mədəniyyət tədbirləri -“Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”  bir daha sübut edir ki, Şuşa artıq təkcə Azərbaycanın deyil, Ümumtürk dünyasının mədəni simvollarından birinə çevrilib. Bu tədbirlərdə iştirak edən hər bir insan Şuşada yenidən doğulan milli ruhun bir parçası olur. Şuşada tikilən hər bina, çəkilən hər yol sadəcə inşaat deyil-bu, tarixlə gələcəyin birləşdiyi, milli iradənin, dözümlülüyün və Vətən sevgisinin simvoludur. Ruhun dirçəlişi də elə buradan başlayır- xalqın bu torpaqlara qayıdışı, bu torpaqlarda yaşaması, işləməsi və yaratması ilə.  Deyərdim ki,  Qarabağın dirçəlişi yalnız fiziki mənzərəni dəyişmir, milli ruhun dirilməsi, özünüdərkin və qürurun ən yüksək ifadəsinə çevrilir. Bu ruh isə ən bariz şəkildə Şuşada hiss olunur-şəhərin səsində, daşında, nəfəsində. Bu ruh bir daha göstərir ki, Qarabağ Azərbaycandır - təkcə coğrafi yox, həm də ruhən.

- 15 iyun - Milli Qurtuluş Günü çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi tədbirdə geosiyasi çağırışlar vurğulandı. Bu gün dünyada və regionda baş verən prosesləri, artan təhlükəsizlik risklərini nəzərə alsaq, sizcə, Azərbaycan bu mürəkkəb beynəlxalq şəraitdə hansı strateji mövqeyi tutur?

- 15 İyun - Milli Qurtuluş Günü təkcə tarixi bir dönüş nöqtəsi deyil, həm də Azərbaycanın müasir inkişaf yolunun təməlidir. Bu gün biz Ümummilli Lider Heydər Əliyevin siyasi irsini, onun müstəqil Azərbaycan dövlətini quran və möhkəmləndirən uzaqgörən siyasətini daha dərindən qiymətləndirməliyik. Yeni Azərbaycan Partiyasının təşkil etdiyi tədbir çərçivəsində də bu mövzu ətrafında geniş müzakirələr aparıldı və bir daha sübut olundu ki, Azərbaycan bu gün regionda və dünyada geosiyasi baxımdan strateji bir mərkəzə çevrilib. Hazırda beynəlxalq münasibətlər sistemində dərin dəyişikliklər müşahidə olunmaqdadır. Qlobal səviyyədə artan gərginlik silahlı münaqişələr, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı risklər fonunda regionumuzda da təzyiqlər artır. Məhz belə bir dövrdə Azərbaycan özünün balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti ilə seçilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən xarici siyasət kursu nəticəsində ölkəmiz həm regional liderə çevrilib, həm də qlobal miqyasda etibarlı tərəfdaş imicini formalaşdırıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və kommunikasiya layihələri, xüsusilə Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP kimi enerji kəmərləri ölkəmizin geosiyasi əhəmiyyətini artırır. Azərbaycan bu gün Şərqlə Qərb, Şimalla Cənub arasında strateji tranzit ölkə funksiyasını uğurla yerinə yetirir. Eyni zamanda, postmüharibə dövründə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam təmin olunması istiqamətində qətiyyəti həm bölgə ölkələri, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmağa başlayıb. Bütün bu faktlar Azərbaycanın yalnız iqtisadi və enerji baxımından deyil, həm də siyasi və təhlükəsizlik baxımından əvəzolunmaz mövqe tutduğunu göstərir.

Bu mürəkkəb dövrdə Azərbaycanın əsas üstünlüklərindən biri də çevik diplomatiyası və etibarlı tərəfdaşlarla qurduğu çoxşaxəli əməkdaşlıq münasibətləridir. Türk Dövlətləri Təşkilatında oynadığı aparıcı rol, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və digər beynəlxalq qurumlarla bərabərhüquqlu münasibətləri Azərbaycanın qlobal diplomatik çəkisini xeyli artırmışdır.

- Şuşa Bəyannaməsi artıq tariximizə mühüm siyasi sənəd kimi düşüb. Sizcə bu Bəyannamə iki qardaş dövlətin-Azərbaycan və Türkiyənin gələcək münasibətlərində hansı strateji istiqamətləri müəyyənləşdirir?

- Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri zamanın sınağından uğurla çıxmış və bu gün müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu münasibətlərin siyasi-hüquqi təməlini daha da möhkəmləndirən və tariximizə strateji əhəmiyyətə malik sənəd kimi düşən Şuşa Bəyannaməsi, sözün əsl mənasında, iki qardaş dövlətin gələcək münasibətlərinin yol xəritəsidir. Bu Bəyannamə 2021-ci il iyunun 15-də  Azərbaycan xalqı üçün olduqca rəmzi olan Milli Qurtuluş Günündə Şuşada imzalanmışdır. Təkcə bu fakt sənədin mənəvi və tarixi dəyərini bir qədər də artırır. Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri artıq bu sənədlə "bir ordu, bir iradə" çərçivəsində strateji müttəfiqliyə çevrilmişdir. Şuşa Bəyannaməsi yalnız iki ölkə arasındakı əməkdaşlığın genişlənməsini deyil, eyni zamanda, regionda yeni geosiyasi düzənin əsasını qoyur. Sənəddə təhlükəsizlik, müdafiə sənayesi, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlıq konkret şəkildə əks olunub. Bu isə o deməkdir ki, Azərbaycanla Türkiyənin münasibətləri artıq yalnız siyasi platformada deyil, bütün sahələrdə inteqrasiya xarakteri daşıyır. Bəyannamədə yer alan ən mühüm məqam isə qarşılıqlı hərbi yardım məsələsidir. Bu, təkcə iki ölkənin hərbi güc birliyini deyil, həm də ortaq maraqlara qarşı yönələn istənilən təhdidə birgə cavab veriləcəyini ortaya qoyur. Regionda baş verən proseslər fonunda bu müddəanın əhəmiyyəti daha da artır.  Eyni zamanda, mədəniyyət, təhsil, gənclər siyasəti kimi sahələrdə nəzərdə tutulan əməkdaşlıq istiqamətləri ortaq dəyərlərin qorunub saxlanmasına, yeni nəsillərin qardaşlıq ruhunda yetişməsinə zəmin yaradır. Deyərdim ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində tarixi bir mərhələni başlatmaqla yanaşı, Cənubi Qafqaz və daha geniş coğrafiyada yeni siyasi reallıqların formalaşmasına səbəb olmuşdur.

- Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “yaşıl enerji zonası” konsepsiyaları tətbiq olunur. Bu yanaşmaların ölkənin digər bölgələrinə də nümunə ola biləcəyini düşünürsünüzmü?

- 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə yalnız torpaqlarımızın işğaldan azad olunması ilə deyil, həm də yeni bir inkişaf mərhələsinin başlanması ilə yadda qaldı. Bu mərhələnin əsas xüsusiyyətlərindən biri isə məhz azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində tətbiq edilən “ağıllı şəhər” və “yaşıl enerji zonası” konsepsiyalarıdır.  Əminliklə deyə bilərəm ki, bu yanaşmalar yalnız bərpa və quruculuq işlərinə texnoloji əsas vermir, həm də Azərbaycanın gələcək inkişaf modeli üçün bir nümunəvi təcrübə bazası yaradır. Qarabağda icra olunan layihələr dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanın innovasiya və ekoloji tarazlıq prinsipinə söykənən gələcəyinə doğru irəlilədiyini sübut edir. “Ağıllı şəhər” konsepsiyası-enerji effektivliyi, rəqəmsal infrastruktur, nəqliyyatın optimallaşdırılması, ictimai xidmətlərin elektronlaşdırılması və ətraf mühitə minimal təsir kimi meyarlara əsaslanır. Bu texnologiyaların işğaldan azad olunmuş ərazilərdə tətbiqi Azərbaycanın rəqəmsal transformasiya gündəliyini reallaşdırmaqla yanaşı, bölgənin uzunmüddətli dayanıqlı inkişafına zəmin yaradır. “Yaşıl enerji zonası” anlayışı da təkcə alternativ enerji növlərinə keçid deyil, həm də qlobal çağırışlara-iqlim dəyişikliyi ilə mübarizəyə, karbon emissiyalarının azaldılmasına verilən milli töhfədir. Kəlbəcər, Laçın, Zəngilan və Cəbrayıl kimi bölgələrdə günəş və külək enerjisi layihələrinin reallaşdırılması bu baxımdan xüsusi önəm daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu strateji modellər ölkənin digər bölgələrində də tətbiq edilə biləcək uğurlu nümunələrdir. Hesab edirəm bu model zamanla bütün bölgələrimizdə reallaşdırılaraq ölkəmizin inkişafında mühüm rol oynayacaq.

- Pərvin xanım, tarixi və dini abidələrin bərpası məsələsinə xüsusi önəm verilir. Sizcə, bu addımlar Qarabağın kimliyini bərpa etmək baxımından nə qədər əhəmiyyətlidir?

- Bəli, dövlət başçımızın  rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi çoxşaxəli və kompleks xarakter daşıyır. Bu siyasətin əsas istiqamətlərindən biri də tarixi, dini və mədəni abidələrimizin bərpasıdır. Hesab edirəm ki, bu addımlar təkcə memarlıq və tarixi yaddaşın bərpası deyil, həm də Qarabağın əsl kimliyinin, milli-mədəni ruhunun yenidən dirçəldilməsinə xidmət edir. 30 ilə yaxın işğal dövründə erməni vandalizmi nəticəsində Qarabağın mədəni irsi demək olar ki, məhv edilmişdi. Məscidlərimiz təhqir olunmuş, qəbiristanlıqlarımız dağıdılmış, Alban və İslam abidələri saxtalaşdırılaraq mənimsənilməyə çalışılmışdır. Bu cür barbarlığa qarşı Azərbaycanın apardığı mədəni mübarizə bərpa və rekonstruksiya prosesi təkcə fiziki quruculuq deyil, həm də mənəvi intibahdır.

Xüsusilə Şuşada, Ağdamda, Zəngilanda, Hadrutda, Laçında aparılan işlər-məscidlərin, türbələrin, alban kilsələrinin, tarixi evlərin və muzeylərin bərpası Qarabağın öz ruhuna qayıdışını simvolizə edir. Bütün bu addımlar beynəlxalq ictimaiyyətə də bir mesaj verir. Qarabağ əsrlərdir Azərbaycan mədəniyyətinin beşiyi olub və bu gün də onun təbii davamıdır.  Bildiyimiz kimi, mədəni irsin bərpası həm də insan amilinə söykənir. Qarabağa qayıdacaq hər bir vətəndaşımız öz evini, məktəbini, məscidini, ata-baba ocağını yenidən görəcək. Bu, onların öz doğma yurduna məxsusluq hissini gücləndirəcək, sosial və mənəvi bağlarını möhkəmləndirəcək. Eyni zamanda, Azərbaycanın bu abidələri bərpa etməsi multikultural və tolerant dəyərlərə sadiqliyinin parlaq göstəricisidir. Bir sözlə, Qarabağın kimliyi yalnız torpaqla deyil, həmin torpaqda yaşanan tarixi, dini, mədəni yaddaşla bağlıdır. Biz bu kimliyi bərpa etməklə, həm də gələcək nəsillərə əsl Qarabağ həqiqətlərini ötürürük.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”

Seçilən
27
ikisahil.az

1Mənbələr