AZ

“Made in Azerbaijan” brendinin keyfiyyət göstəricisi

Ayxan Qədəşov: Sərbəst satış sertifikatı yerli məhsulların beynəlxalq bazarlarda daha etibarlı şəkildə tanıdılmasına və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir

Ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektoru üzrə ixrac imkanlarının artırılması, xarici investisiyaların cəlb edilməsi və startap ekosisteminin təşviqinə dəstək göstərilir. Bu istiqamətdə “Azexport.az” portalı Azərbaycanda sərbəst satış sertifikatı vermək hüququna malik yeganə qurumdur. Bu sertifikat qeyri-neft sektoru üzrə istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə yeni bazarlara çıxmasına töhfə verir.

Məlumat üçün bildirək ki, bu günlərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı tərəfindən yenidən Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstan Respublikasına ixracı üçün sərbəst satış sertifikatları təqdim olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının rəhbəri Ayxan Qədəşov mövzu ilə bağlı “İki sahil”ə bildirib ki, ümumilikdə sərbəst satış sertifikatı Azərbaycan Respublikasında istehsal edilən və daxili bazarda satışda olan məhsulların xarici ölkələrə ixracı üçün təqdim olunan rəsmi sənəddir: “Bu sənəd məhsulun Azərbaycan qanunvericiliyinə uyğun şəkildə istehsal edildiyini, aidiyyəti dövlət qurumlarının nəzarətindən keçdiyini və mövcud texniki və sanitar-epidemioloji tələblərə cavab verdiyini təsdiqləyir.”

Qeyd etmək yerinə düşər ki, sertifikat Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən Azexport.az portalı tərəfindən təqdim olunur. Bu sənəd xüsusilə qida məhsulları, kosmetika, tibb ləvazimatları, alkoqollu içkilər və digər istehlak mallarının ixracı zamanı alıcı ölkələrin tələbi ilə təqdim edilir.

Azexport.az portalının rəhbəri vurğulayıb ki, bu sertifikat təkcə hüquqi sənəd deyil, həm də “Made in Azerbaijan” brendinin keyfiyyət göstəricisidir: “O, yerli məhsulların beynəlxalq bazarlarda daha etibarlı şəkildə tanıdılmasına və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Məsələn, Avropa İttifaqına üzv ölkələrə ixrac zamanı bu sənəd, məhsulun Avropa tələblərinə uyğunluğunu göstərmək üçün faydalı olur. Eyni zamanda, Yaxın Şərq, Asiya, Afrika və Latın Amerikası ölkələrində də bu cür sənədlər tez-tez tələb oluna bilir. Qeyd etmək lazımdır ki, ölkələr arasında bu tələblər dəyişə bilər və bəzi hallarda istisnalar mümkündür. Buna görə də ixrac zamanı hər bir ölkənin konkret tələbləri diqqətlə araşdırılmalıdır.”

Ayxan Qədəşov qeyd edib ki, Azexport portalı yalnız bu sənədin verilməsi ilə kifayətlənmir: “Biz eyni zamanda sahibkarlara strateji dəstək göstərir, onların məhsullarının yeni bazarlara çıxışı üçün lazımi informasiya, məsləhət və koordinasiya xidmətləri təqdim edirik. Məqsədimiz yerli istehsalçının ixrac imkanlarını genişləndirmək və Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac potensialını artırmaqdır. Qeyd etmək istərdim ki, 2018-ci ildən etibarən ümumilikdə 761 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Bu sənədin təqdim olunması sayəsində əvvəllər ixrac üçün texniki və inzibati maneələrin mövcud olduğu 100-dən çox ölkəyə, o cümlədən Avropa, Körfəz, Asiya və Amerika qitəsi ölkələrinə Azərbaycan məhsullarının çıxışı daha da asanlaşıb. Sərbəst satış sertifikatını əldə etmək istəyən sahibkarlar www.azexport.az portalına daxil olaraq elektron formada müraciət edə bilərlər.”

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr