Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş cüdo üzrə dünya çempionatında bu gün fərdi yarışlara yekun vurulub.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin heyətində son olaraq tatamiyə Uşangi Kokauri çıxıb.
Təəssüf ki, onun medal qazanmaq cəhdləri faydasız qalıb. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 finalda İqor Vraçarı (Serbiya), ardınca Andi Qrandanı (Kuba) məğlub edib. O, 1/8 finalda Minur Ertuqdan (Türkiyə) üstün olub. Kokauri dördüncü görüşünü Quram Tuşişviliyə (Gürcüstan) qarşı keçirib və rəqib qələbə qazanıb. Uşangi təsəlliverici qarşılaşmada Lukaş Krpaleki (Çexiya) mübarizədən kənarlaşdırıb. O, bürünc medal uğrunda Temur Raximovla (Tacikistan) güləşib. Təmsilçimiz vazari xalı ilə öndə olsa da, sona 8 saniyə qalmış ippon fəndinə düşüb. Nəticədə Uşangi dünya çempionatını 5-ci pillədə başa vurub.
Bununla da Azərbaycan millisinin üzvləri mundialın fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanmışdılar. Dünya çempionatına sabah baş tutacaq qarışıq komanda yarışı ilə yekun vurulacaq.
Yeri gəlmişkən, dünya çempionatında fərdi mübarizənin son günündə bayraq təslimetmə mərasimi baş tutub. Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı təntənəli surətdə 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.
Bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli qəbul edib. Mərasimə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, Beynəlxalq Cüdo Federasiyasının baş katibi Liza Allan və digər rəsmilər qatılıblar.
Qeyd edək ki, növbəti dünya çempionatı gələn il iyulun 9-dan 16-dək Bakıda keçiriləcək. Fərdi yarışlar 9–15 iyulda, qarışıq komanda yarışı isə 16 iyulda təşkil olunacaq. Bakı bu mötəbər turnirə ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə baş tutmuşdu.