AZ

Mətanət Ağamirli: "Kənd təsərrüfatı gənclər üçün gəlirli sahəyə çevrilməlidir"

Əməkdar jurnalist Mətanət Ağamirli QHT.az-a verdiyi açıqlamada gənclərin kənd təsərrüfatı sahəsinə cəlb edilməsi və bu sahədə peşəkar bacarıqlarının artırılması istiqamətində həyata keçirilən təlim və inkişaf proqramlarının əhəmiyyətini vurğulayıb.

O, bu cür proqramların kənd icmalarının kənd təsərrüfatı sahibkarlığının genişlənməsində ciddi rol oynadığını bildirib:

"Azərbaycanda kənd təsərrüfatının gənclər üçün cəlbedici və gəlirli sahəyə çevrilməsi üçün xüsusilə son bir ildən bəri davamlı proqramlar həyata keçirilir. Bunun nəticəsidir ki, kənd təsərrüfatı hazırda hökumət üçün öncül sahələr sırasındadır. Tətbiq edilən yeni inkişaf üsulları, müxtəlif dəstək mexanizmləri, kənd təsərrüfatına subsidiyaların ayrılması, dövlət və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən maarifləndirmə layihələri əlbəttə ki, nəticə verəcəkdir. Mən dəqiq statistikanı deyə bilmərəm, amma bu gün bölgələrdə 15-20 il öncə ilə müqayisədə qadınlar və gənclər daha aktiv fəaliyyətdədirlər. Bu, təsadüfdürmü? Əlbəttə ki, yox, çünki inkişaf davamlı bir prosesdir".

Mətanət Ağamirli həmçinin bölgələrdə və kəndlərdə yerli icra orqanlarının bürokratik əngəllər və şəxsi mənafeləri aradan qaldıraraq, gənclərin motivasiyası və rahat fəaliyyəti üçün şərait yaratmalı olduqlarını vurğulayıb:

"Hesab edirəm ki, ən müasir mexanizmlərlə maarifləndirmə və dəstək proqramları daha intensiv şəkildə davam etdirilməli, bölgələrdə və kəndlərdə yerli icra orqanları bürokratik əngəllər və şəxsi mənafeləri aradan qaldırmalı, gənclərin motivasiyası və rahat fəaliyyəti üçün şərait yaradılmalıdır."

 

Pərvanə Fərhadqızı

Seçilən
4
qht.az

1Mənbələr