AZ

Azərbaycana kütləvi turist axını yalnız bu yolla mümkün ola bilər...


Akif Nəsirli: “Süni yaradılmış torpaqlarda kazinoların leqal fəaliyyətinə icazə verilməsi ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcək”

Müasir dünyada ölkələrə turistlərin cəlb edilməsi üçün müxtəlif yollardan istifadə olunur. Turistlər ölkələrə təkcə gəzməyə, onların tarixi, mədəniyyəti ilə tanış olmaq üçün getmir, həm də əylənməyə gedir. Bir çox ölkələrdə turistləri cəlb etmək üçün xüsusi ayrılmış yerlərdə kazinolar fəaliyyət göstərir ki, bu da oyun həvəskarlarının o ölkələrə marağını artırır. Sirr deyil ki, Azərbaycandan da kazino həvəskarları başqa ölkələrə üz tuturlar və orda əylənirlər.

Bu gün dünyada iqtisadiyyata gəlir gətirən sahələrdən biri turzimdir və turizmin inkişafı üçün xüsusi ayrılmış ərazilərdə kazinonun fəaliyyəti məqbul sayılır.

Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək. Bununla bağlı “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur. Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, qanuna yeni fəsil əlavə olunur, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılır.

Beləliiklə, süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. O cümlədən, kazino oyunları yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə cavab verən yerlərdə keçirilə bilər.

Kazino oyunlarının keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə bilər.

21 yaşına qədər şəxslərin kazino oyunlarında birbaşa və yaxud dolayı iştirakına yol verilmir.

Qeyd edək ki, qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardır və bu rəqəmin ilbəil artması proqnozlaşdırılır. 2023-cü ildə dövriyyə 540 milyard dollar olub, 2024-cü ildə isə 580 milyard dollar yüksəlib. 2028-ci ilə qədər dövriyyənin həcminin 745 milyard dollara çatacağı proqnozlaşdırılır.

Təbii ki, Azərbaycana gələn turistlərin marağını nəzərə alıb turizm infrastrukturunun daha da inkişaf etdirilməsi, əlavə istirahət və əyləncə obyektlərinin açılması aktualdır. Çünki bölgə dövlətlərində bu əyləncə növünün leqal fəaliyyətinin o ölkələrin turizm həyatına töhfələr verdiyi məlumdur.

Biz ötən yazılarımızdan birində də qeyd etmişdik ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik ölkə olsa da, turizm gəlirlərinə görə daha öndədir. Ekseprtlərə görə, bunun əsas səbəblərindən biri kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda qumar sektorunun dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, xüsusilə də Azərbaycandan gəlir. Qazaxıstanda kazino biznesi ölkəyə xeyli gəlir gətirir. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Qazaxıstanda qumar və mərc fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2,85 milyard ABŞ dollar təşkil edib. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib.

Özbəkistan 2025-ci ildə qumar oyunları üçün lisenziyalar verməyə başlayıb. Çünki rəsmi məlumata görə, 2023-cü ildə Özbəkistan vətəndaşları onlayn oyunlara təxminən 1 milyard dollar xərcləyiblər. Qeyri-rəsmi hesablamalara görə isə, bu rəqəm 7-8 milyard dollardır. Özbəkistanda kazinolar leqallaşdırıldıqdan sonra bu sahədən əldə olunan illik gəlirin 2 milyard dollara çatacağı proqnozlaşdırılır.

2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib.

Hətta BƏƏ-də uzun illər qadağan olan kazinoların fəaliyyətinə icazə verilir, 2027-ci ildə ilk kazinonun açılması gözlənilir

Azərbaycanda isə kazinoların işləməməsinin turizm sektoruna ciddi zərbə vurduğu məlumdur. Onların fəaliyyəti Azərbaycana üst seqment turistləri cəlb etməklə ölkədə turizmin daha çox inkişafına təkan verəcək. Bu həm yeni iş yerlərinin açılmasına, həm də ölkə iqtisadiyyata böyük töhfə verəcək.

Qeyd olunduğu kimi, Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək. Ekspertlər hesab edir ki, bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər.

Süni yaradılmış torpaqlarda kazinoların leqal fəaliyyətinə icazə verilməsi Azərbaycanda turizmin inkişafına necə təsir göstərə bilər?

“Həm daha çox sayda turist cəlb edə bilərik, həm də büdcəmizə daha çox gəlir gələr”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, bütün dünyada kazinolar fəlaiyyət göstərir, dövlət büdcəsinə vergi şəklində çox böyük məbləğdə vəsait ödəyirlər: “Azərbaycanda da əhalinin bir qisminin kazino əyləncəsinə ehtiyacı var, onlar öz maraqlarını ya xarici ölkələrdə təmin edirlər, ya da Azərbaycanın daxilində qanunsuz fəaliyyət göstərən kazinolarda, mərc oyunlarında iştirak edirlər.

Azərbaycanda kazinoları leqallaşdırmamaqla biz o seqmenti, həm də ölkəyə gələn turistləri itiririk. Üstəlik də, o əyləncəyə ehtiyacı olan insanlar başqa ölkələrə gedir, nəticədə də ölkəmizdən böyük pul axını baş verir. Kazino fəaliyyətinə qarşı qadağaların aradan qaldırılması, kazinoların fəaliyyətinin leqallaşdırılması həm büdcəyə böyük gəlir gətirəcək, həm vətəndaşlarımızın marağını təmin edəcək, həm də xarici turistlərin sayının artmasına əhəmiyyətli dərəcədə şərait yaradacaq. Ölkəmizdə xüsusi ayrılmış yerlərdə kazinoların fəaliyyətinə icazə verməklə, həm daha çox sayda turist cəlb edə bilərik, həm də büdcəmizə daha çox gəlir gələr”.

A.Nəsirli qeyd etdi ki, üstəlik də Azərbaycanda kazinolar leqallaşarsa, bura səyahət edən insanların sayı daha da artacaq. O vurğuladı ki, elə turistlər var Azərbaycana gəlmək istəyir, amma burda kazinoların fəaliyyətinin leqal olmadığını görüb gəlməkdən imtina edirlər, Gürcüstanı, Ermənistanı və başqa ölkələri seçirlər: “Kazinoların fəlaiyyətini leqallaşdırmaqla həm turizm seqmentini stimullaşdıra, həm də turistlərin ödənişləri əsasında dövlət büdcəsinə külli miqdarda vəsait cəlb edə bilərik. Sirr deyil ki, ölkəmizdə kazinoların faəliyyət göstərməməsi nəticəsində həm turizm sektoruna ciddi ziyan dəyir, həm də dövlət büdcəmiz böyük gəlirlərdən məhrum olur. Bu baxımdan hesab edirəm ki, süni yaradılmış torpaqlarda kazinoların leqal fəaliyyətinə icazə verilməsi ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcək”.

Əli TURABOV

Seçilən
4
baki-xeber.com

1Mənbələr