AZ

Şahin Mustafayev: Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükünü artırmağı davam etdirmək niyyətindədir

Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsulları tədarükünün həcmini artırmağı davam etdirmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Rusiya-Azərbaycan" panelində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu istiqamətdə rusiyalı tərəfdaşları ilə konstruktiv qarşılıqlı əlaqələrin davam etdirilməsinə ümid edirlər.

Ş.Mustafayevin sözlərinə görə, Rusiyanın 2014-cü ildə qeyri-dost ölkələrdən məhsul idxalına embarqo tətbiq etməsindən sonra Azərbaycan Rusiya tərəfinin sorğusu ilə tədarük həcmini əhəmiyyətli dərəcədə artırıb, həmçinin ixrac potensialının inkişafına sərmayə qoyub.

"Azərbaycan Rusiya bazarının ehtiyaclarına cavab olaraq əhəmiyyətli investisiyalar yatırıb və kənd təsərrüfatı məhsullarının tədarükünü xeyli artırıb", - o qeyd edib.

Baş nazirin müavini əlavə edib ki, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq Azərbaycan və Rusiya arasında münasibətlərdə əsas istiqamət olaraq qalır: "2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 10,78 % təşkil edib. Bu isə Rusiyaya respublikanın xarici iqtisadi tərəfdaşları arasında üçüncü yeri tutmağa imkan verib".

Ş.Mustafayev xatırladıb ki, iki ölkə arasındakı əməkdaşlıq, qarşılıqlı investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və azad ticarət haqqında sazişlər də daxil olmaqla, imzalanmış 270-dən çox sənəddən ibarət möhkəm hüquq-müqavilə bazasına əsaslanır.

Seçilən
4
report.az

1Mənbələr