ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Kremlin ruporu Vladimir Solovyov Rusiya dövlət kanalındakı təxminən 4 dəqiqəlik çıxışında həm Ermənistanın baş naziri Nikol Paşinyanı təhqid edib, həm də ona ünvanlanmış “Artsaxı müdafiə edə bilmədin” deməklə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb, bizə dil uzadıb. Solovyov Paşinyanı ona görə təhqir edib ki, baş nazir ruisyalı televiziya aparıcısının dostu, erməni işadamı Samvel Karapetyanı həbs edib.
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Solovyovu və onun arxasında dayanan gücü Paşinyanın paylaşdığı status da qəzəbləndirib:
"Baş nazir Karapetyanı nəzərdə tutaraq, “bu sizin üçün Kaluqa vilayətinin Aşağı Tapr kəndi deyil. Bura Ermənistandır. Dövlətin dadı ağzınızda qalacaq” statusunu paylaşıb. Erməni radikallar Paşinyanı tənqid edərkən, onu türk adlandırırlar. Solovyov daha uzağa gedərək Paşinyanın ismini belə tələffüz edib: “Türkol”. O “türkol” və “xain” ifadəsini Rusiyanın dövlət kanalında bir neçə dəfə təkrarlayıb.
Nikol Paşinyana erməni xalqının əksər hissəsi səs verərək, onu iki dəfə baş nazir seçib. Solovyov hər dəfə Paşinyanı təhqir edəndə, ona səs verən erməniləri də təhqir etmiş olur. Buna baxmayaraq, Solovyov bir tərəfdən də təhqir etdiyi xalqa Paşinyanı devirmək mesajı göndərib: “Siz bu xainə necə dözürsünüz?”
Kremlin Solovyova bir dəfə xəbərdarlıq etməsi kifayətdir ki, rusiyalı aparıcı tərəfdaş ölkənin baş nazirini təhqir etməsin. Ancaq görünür, Solovyova təlimat elə Kremldən verilib. Rusiya hakimiyyəti bir tərəfdən Paşinyanla ortaq məsələləri müzakirə edir, digər tərəfdən Solovyovun dili ilə ona dəyənəyini göstərir. Paşinyan da bunun fərqindədir. Təsadüfi deyil ki, Paşinyan parlamentin son iclasında “2022-ci il oktyabrın 6-da Praqa bəyannaməsinin imzalanmasından sonra biz daha "forpost ölkə” deyilik” ifadəsini işlədib. Aydındır ki, Paşinyan Rusiyanı nəzərdə tutub".
Politoloq onu da xatırladıb ki, Nikol Paşinyan Praqada Qarabağın Azərbaycan ərazisi kimi tanıyıb:
"Bu tanınma Kremlin planlarını pozub. Praqa görüşünə qədər Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Azərbaycana dil uzadaraq “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” açıqlamasını səsləndirirdi. Kreml sahibi Vladimir Putinə görə, Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla məsələyə nöqtə qoydu. Orası elədir, ancaq Kreml sahibi və onun televiziyadakı ruporları hələ də Azərbaycanın qələbəsini həzm edə bilmədiklərini biruzə verirlər".
Aygün,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.