Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakıda“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilmiş Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər ediblər.
Səfər iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qubada ucaldılmış abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra iştirakçılar Quba “ASAN xidmət” mərkəzinə gələrək burada vətəndaşlara göstərilən xidmət və mərkəzin fəaliyyəti ilə tanış olublar.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq ziyarət edilib, məzarlıq önünə gül dəstələri qoyulub.
Ziyarət zamanı iştirakçılara ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları, habelə Quba soyqırımı məzarlığı haqqında məlumat verilib. Kütləvi məzarlığın 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edildiyi, bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinin aparıldığı bildirilib. Qeyd olunub ki, tədqiqatlar nəticəsində kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Daha sonra iştirakçılar memorial kompleksdə xatirə dəftərinə öz təəssüratlarını qeyd ediblər.
Yekunda qonaqlar yerli media nümayəndələrinə verdikləri müsahibələrində vaxtilə burada törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərdən təəssüf hissi keçirdiklərini, şahidi olduqları faktların ölkələrində, eləcə də təmsil olunduqları beynəlxalq təşkilatlarda geniş təbliğ edəcəklərini vurğulayıblar.