525.az saytına istinadən ain.az xəbər verir.
Günel İMRAN
Ümrə səfərimdən yeddi ay keçib... Kəbədən qayıtdığım gündən bəri bu ziyarətim haqda yazmaq istəmişəm. Lakin hər dəfəsində kompüterimdəki "Ümrə" faylını açanda yazmaq üçün sözlər kifayət etmirdi. Elə yazılar var ki, öz zamanını gözləyir.
Bir neçə gün əvvəl kitab alarkən, yeni nəşr olunmuşlar arasında Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi" adlı kitabını görəndə onu dərhal oxumaq istədim. Mirmehdi Ağaoğlu nəsrimizin istedadlı yazıçılarından biridir. Kitabın ilk səhifəsini oxuyanda artıq öz ziyarət günlərim gözümün önündə canlandı, bu yolu onunla birlikdə yenidən addım-addım qət etdim. Həcc və Ümrə ziyarətinə hazırlaşırsınızsa, "Həcc gündəliyi" kitabı sizə çox gözəl bələdçi olacaqdır. Əgər artıq bu ziyarətə gedib qayıtmısınızsa, oxuyarkən o yerlərə, o günlərə bir daha dönəcəksiniz. Bu kitab sizin həqiqi yol yoldaşınız olacaq.
Ümrə səfərinə getmək qərarına gəldikdən sonra qəlbimi fərqli bir həyəcan bürümüşdü. Hələ gedib görməsəm də, Allahın evi üçün çox darıxırdım. Kəbə ilə ilk görüşümüzü xəyal edəndə gözlərim yaşarırdı. Eyni zamanda, bu müqəddəs səfərə hazırlaşarkən beynimi saysız suallar məşğul edirdi. Həmin günlərdə onlarla Ümrə videosuna baxdım, materiallar oxudum, tanışlarımla ziyarətləri barədə uzun-uzadı söhbətlər etdim. O vaxtlar "Həcc gündəliyi" kimi bir kitabı oxumağı çox istəyərdim.
Kitabın müəllifi Mirmehdi Ağaoğlunun yaradıcılığında Quran motivləri əsasında yazdığı əsərlər xüsusi yer tutur. O, əsərlərində qədim mətnlərə postmodern yanaşma ilə toxunur və bu mətnlər çağdaş insanın düşüncə dünyasına nüfuz edir. Mirmehdi Ağaoğlu yaradıcılığında yaradılış, inam, şübhə və nəfs kimi mövzular mərkəzi yer tutur. O, bu mövzular vasitəsilə oxucunu varlıq və yaradılış barədə düşünməyə, öz-özünə sual verməyə sövq edir. Müəllifin əsərlərindəki obrazlar, hadisələr insanın daxilində baş verən mənəvi mübarizə - inamla tərəddüd, imanla nəfs arasında get-gəlləri əks etdirir.
Yazıçının "Nuhun xarratı" əsərinin baş qəhrəmanı təkgöz Memeso, inamla tərəddüd arasında qalan, imanına şübhə edən bir insan obrazıdır. Onun nəfsinə uyması və peyğəmbərin xəbərdarlıqlarına etinasız yanaşması, nəticədə ailəsinin fəlakəti ilə nəticələnir. Müəllif bu obraz vasitəsilə inamın sınağını, şübhənin və nəfsin doğurduğu faciəni dərindən göstərir.
Ömrümdə belə isti görməmişəm...
"Həcc gündəliyi" kitabının üz qabığında yazılmış "Allahı sevməyin 56-cı dərəcəsi" ifadəsi məndə sual qarışıq maraq oyatmışdı. İlk baxışda bu ifadə metaforik bir bənzətmə kimi görünür. Ancaq kitabı oxuyanda məlum oldu ki, bu ifadə eyni zamanda müəllifin Həcc ziyarətində olduğu o günlərində Məkkədə havanın temperaturunda rekord hədd 56 dərəcə istilik qeyd alınıb. Burada müəllif bir zəvvarın Allah sevgisinin "sınağını" ifadə edir. İnsanın 56 dərəcə isti havaya fiziki dözümlülüyü onun Allaha sevgisinin və imanın gücünü simvolizə edir.
Kəbə evini ilk dəfə görəndə hansı hissləri keçirdim? İzahı çətindir... Cavab verə bilmirəm... Bu sətirləri yazarkən belə o an yaşadığım duyğuları təsvir etməyı çalışıram, yenə heç nəyə bənzədə bilmirəm.
Kəbə evini ilk gördüyümdə yazıçının yazdığı cümlələrin eynisini hiss etmişəm. Sətirlərdə o anı xatırlayıram. Elə bil zaman dayanmışdı. Donub qalmışdım. Həmin anın möhtəşəmliyini sözlə təsvir etməkdə acizəm. Yazıçı bu səmimi duyuğularını oxucu ilə bölüşərək hər bir zəvvarın keçirdiyi hissləri çatdırıb.
Burda olacağım iki həftə ərzində o qədər çox insan görəcəm ki... Ömrüm boyu görmədiyim qədər... Həyatda tanıdığım nə qədər insan varsa, hamısının oxşarı qarşıma çıxacaq...
Bu cümlələri oxuyarkən sözlərin təsirinə qapıldım. Sufilərə görə, tanıdığın insanlara bənzəyən simalar -
əslində, ilahi gözəlliyin müxtəlif təcəssümüdür. İnsan həyat yolunda qarşılaşdığı hər kəsdə özündən bir parça, Allahdan bir işarə görür. Bu səbəbdən müəllifin "hamısının oxşarı qarşıma çıxacaq" ifadəsi, varlığın birliyini dərk edən sufinin halını xatırladır. Bunun ən bariz nümunəsini isə Həcc ziyarətində görmək mümkündür. Dünyanın müxtəlif yerlərindən gələn, dilləri, irqləri, mədəniyyətləri fərqli olan milyonlarla insan eyni məqsədlə, eyni niyyətlə Kəbəyə üz tutur. Onların hər birin fərqli həyat hekayəsi, taleyi olsa da, eyni mənəvi yolda birləşirlər.
Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi" əsəri bədii-publisistik kitab olmaqla yanaşı, müəllifin şəxsi mənəvi təcrübəsini oxucusu ilə bölüşdüyü avtobioqrafik əsərdir. Gündəlik janrında əsər-bədii ədəbiyyatın özünəməxsus və fərdi təcrübəyə əsaslanan formalarından biridir. Mirmehdi Ağaoğlu keçirdiyi duyğuları, müşahidələrini və düşüncələrini məkan və zaman ardıcıllığı ilə oxucuya təqdim edir. Bu gündəlik sözlə çəkilmiş şəkildir. Yazıçı Həcc ziyarətində gördüklərini və hisslərini yazı dili ilə yüksək peşəkarlıqla bir fotoqraf kimi kitabda əbədiləşirdirməyi bacarıb.
Nimdaş geyimli yaşlı bir qadın ayağını çəkə-çəkə yeriyir. Onun axsaq ayağındakı qətiyyət çox adamın qəlbində yoxdur. Bu qadın həqiqi inam nümunəsidir.
Müəllif, Həcc zaman qarşılaşdığı və tanış olduğu insanları yüksək müşahidə qabiliyyəti və bədii ustalıqla oxucuya təqdim edir. O, insanların zahiri görkəmini deyil, həm də onların daxili dünyasını, Həcc səfəri boyunca yaşadıqları mənəvi dəyişiklikləri də oxucu ilə bölüşür. Bu insanlar müəllif üçün sadəcə zəvvar deyil, imanın, əzmin, inamın təcəssümüdür.
Oralar üçün darıxırdım. Elə darıxırdım, elə darıxırdım... mənə elə gəlir, insan dünyada heç kəs üçün elə darıxmır. Bu darıxmaq həmişəlik mənimlə qalacaq!
Kitabın son səhifəsində yazılan bu cümlələr mənə o qədər tanış, doğmadır ki... Mirmehdi Ağaoğlunun bu cümlələri hər bir zəvvarın qəlbinin səsidir. Kəbəni bir dəfə görən insanın qəlbində o müqəddəs məkan üçün əbədi darıxmaq hissi yaşayır. Mən də Kəbə üçün üçün darıxıram...
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.