AZ

Türkiyә İndoneziyaya KAAN döyüş tәyyarәsi ixrac edәcәk

Türkiyənin beşinci nəsil döyüş təyyarəsi KAAN, ölkənin texnoloji gücünü və strateji etibarlılığını təsdiqləyən, eyni zamanda beynəlxalq arenada maraqla qarşılanan böyük bir ixrac müqaviləsi ilə gündəmə gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə verdiyi açıqlamada 48 ədəd KAAN təyyarəsinin İndoneziyaya satılacağını bəyan etdi. Bu müqavilə, təkcə tarixi bir sənəd deyil, eyni zamanda Türkiyənin müdafiə sənayesində keçdiyi yolu və əldə etdiyi uğuru nümayiş etdirir.

Bu razılaşma, eyni zamanda Türkiyənin inkişaf etmiş və döyüşə tam hazır texnologiyalarına beynəlxalq etimadın artdığını göstәrir.

Prezident R.T.Ərdoğan rəsmi sosial media hesabında etdiyi paylaşımda bu ifadәlәrә yer verib: “Dost və qardaş İndoneziya ilə imzaladığımız razılaşma çərçivəsində 48 ədəd KAAN təyyarəsi İndoneziyaya ixrac ediləcək”. Bununla yanaşı, KAAN-ın istehsalında Endoneziyanın yerli imkan və qabiliyyətlərindən də istifadə ediləcəyi qeyd olunub.

İki ölkə arasında keçirilmiş bir sıra yüksək səviyyəli diplomatik görüşlərdən sonra əldə edilən bu müqavilə, Türkiyə müdafiə sənayesi məhsullarının təkcə əlçatan alternativlər deyil, eyni zamanda etibarlı və yüksək texnoloji səviyyəyə malik vasitələr kimi qəbul edilməsində əhəmiyyətli bir dəyişiklik yaradır.

Ölkə başçısı R.T.Ərdoğan: “Yerli və milli müdafiə sənayemizin göstərdiyi inkişafı və çatdığı nöqtəni ortaya qoyan bu müqavilənin həm Türkiyə, həm də İndoneziya üçün xeyirli olmasını arzu edirəm. Anlaşmanın imzalanmasında göstərdiyi siyasi iradə ilə önəmli rol oynayan dəyərli həmkarım, İndoneziya prezidenti Prabovo Subiantoya salamlarımı və təşəkkürlərimi bildirirəm. Müdafiə Sənayesi Rəhbərliyimiz və TUSAŞ başda olmaqla KAAN-ın istehsalında və bu tarixi ixrac rekordunun gerçəkləşdirilməsində əməyi keçən bütün qurumlarımızı təbrik edirəm”, – deyə vurğulayıb.

Dünyanın tələb etdiyi döyüş təyyarəsi

Beşinci nəsil çoxfunksiyalı döyüş təyyarəsi KAAN, Türkiyə aviasiya mühəndisliyinin zirvəsini təmsil edir. Yüksək manevr qabiliyyəti, aşağı radar izi və süni intellektlə dəstəklənən aviyonik sistemi ilə yeni nəsil platforma kimi fərqlənir.

Həm hava-hava, həm də hava-yer əməliyyatlarında üstün performans üçün dizayn edilən KAAN Türkiyənin müdafiə texnologiyalarında strateji müstəqillik hədəfini əks etdirir.

KAAN layihəsinin mərkəzində Türkiyə Havacılıq və Kosmos Sənayesi (TUSAŞ) dayanır. Şirkətin baş direktoru Mehmet Demiroğlu təyyarənin inkişaf və performans xəritəsinin artan qlobal marağa necə cavab verdiyini “TRT World”a verdiyi müsahibədə izah edib: “KAAN bizim qürur mənbəyimizdir. Bu təkcə TUSAŞ-ın deyil, bütün Türkiyənin uğurudur. Hal-hazırda iki prototip montaj mərhələsindədir. Bu ilin sonunda birini, gələn ilin əvvəlində digərini tamamlayaraq uçuşlara başlayacağıq. Gələn il üç təyyarə və bir yer platforması ilə çox sürətli bir uçuş kampaniyası həyata keçirəcəyik.” M.Demiroğlu həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinə tam miqyaslı təhvilatların 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başlanacağını bildirib.

Qeyd edək ki, TUSAŞ 2034-cü ilə qədər 500 ədəd KAAN təyyarəsi istehsal etməyi planlaşdırır. Bu hədəf, həm beynəlxalq tələbatın, həm də platformaya olan daxili etimadın göstəricisidir.

Bundan əlavə M.Demiroğlu TUSAŞ-ın ötən il təxminən 3 milyard dollar olan dövriyyəsini 2025-ci ildə 4,3 milyard dollara çatdırmaq hədəfi ilə yeni bazarlara daxil olduğunu qeyd edib. TUSAŞ hazırda 16 minə yaxın əməkdaşı ilə ABŞ, Avropa və Asiya bazarlarında fəal şəkildə fəaliyyət göstərir.

M.Demiroğlu hәmçinin deyib: “Biz “Boeing”, “Airbus” və “Spirit Aerosystems” kimi qlobal aviasiya nəhəngləri ilə yaxından işləyirik və 400-dən çox qabaqcıl istehsal sistemi ilə dəstəklənirik.”

“TF35000” mühərriki: Etimadı gücləndirən texnologiya

Beşinci nəsil bir döyüş təyyarəsinin qlobal etibar qazanması üçün onun hərəkət sistemi də uyğun səviyyədə olmalıdır. Məhz bu nöqtədə TUSAŞ Motor Sanayii AŞ (TMS) tərəfindən hazırlanan “TF35000” mühərriki diqqət cəlb edir.

TMS-nin baş direktoru Mahmut Akşit “TRT World”a verdiyi eksklüziv müsahibədə mühərrikin əhəmiyyətini belə izah edib: “KAAN sadəcə bir hava vasitəsi deyil, tamamilə yerli imkanlarla inkişaf etdirilən bir sistemdir. TRMOTOR ilə birgə təyyarənin əsas detalı olan “TF35000” mühərrikini tamamilə milli imkanlarla hazırlayırıq. “TF35000” təkcə bir mühərrik layihəsi deyil, bu, yüksək temperatur materiallarından sınaq infrastrukturuna, istehsal imkanlarından mühəndislik keyfiyyətinə qədər bir milli ekosistemin qurulması deməkdir. Beləliklə biz təkcə beşinci nəsil bir döyüş təyyarəsi ixrac etmirik, eyni zamanda Türkiyənin inkişaf etdirdiyi və istehsal etdiyi ən kompleks və həyati əhəmiyyətli komponenti də ixrac etmiş oluruq. Bu, strateji texnoloji müstəqilliyə doğru atılmış dönüş yaradan bir addımdır.”

KAAN-ın strateji əhəmiyyəti

Müdafiə təhlilçisi Arda Mevlütoğlu KAAN-ı qlobal miqyasda etibarlı məhsul edən faktorları müstəqil baxışla qiymәtlәndirәrәk “TRT World”a müsahibəsində deyib: “KAAN hələ test mərhələsində olan beşinci nəsil bir döyüş təyyarəsidir. 2030-cu illərin əvvəlində tam əməliyyat xidmətinə daxil olması gözlənilir. Tam hazır olduqda, Türkiyə Hava Qüvvələrinin əsas zərbə gücünü təşkil edəcək. İndoneziya ilə əldə olunan razılaşma güclü strateji mesajdır. Belə bir platformanı əldə etmək uzunmüddətli etimad və tərəfdaşlıq tələb edir və bu razılaşma Türkiyənin aviasiya sənayesinə olan artan etibarı göstərir.”

Prototipdən güc simvoluna

KAAN-ın 2024-cü ilin fevralında baş tutan ilk uçuşu həm texnoloji, həm də simvolik baxımdan mühüm dönüş nöqtəsi oldu. Adı prezident R.T.Ərdoğan tərəfindən 2023-cü ildəki “İstiqbalın Yüz ili” tədbirində açıqlanmış və o zamandan bəri Türkiyənin yeni müdafiə dövrünün simvoluna çevrilmişdir.

Prezident R.T.Ərdoğan mövzu ilә bağlı deyib: “Biz sadəcə bir müdafiə müqaviləsinin deyil, suveren aviasiya gücünün doğuluşuna şahidlik edirik”, – deyib.

Qeyd edək ki, 55-ci Paris Aviasiya Sərgisində Türkiyənin aparıcı pilotsuz uçuş aparatları istehsalçısı “Baykar” İtaliyanın “Leonardo” şirkəti ilə yeni nəsil pilotsuz sistemlərin inkişafı üçün birgə müəssisə qurdu. Bu əməkdaşlıq da Türkiyə mühəndisliyinə edilən etimadın daha bir göstəricisi kimi qiymətləndirilir.

Döyüş təyyarələrindən pilotsuz sistemlərə, milli istehsalatdan qlobal təqdimat platformalarına qədər Türkiyə artıq təkcə silah istehsal etmir – prezident R.T.Ərdoğanın ifadə etdiyi kimi, “suveren bir aviasiya gücü” inşa edir.

Seçilən
6
veteninfo.az

1Mənbələr