AZ

Düşüncələrimin bütöv Azərbaycan şairi

ain.az, 525.az portalına istinadən məlumat verir.

Gülyaz ƏLİYEVA

Şair, dramaturq, filologiya üzrə fəIsəfə doktoru, professor, 1991-ci ildən ömrünün sonun qədər Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialına rəhbərlik etmiş Ənvər Əhməd Xankəndi Dövlət Pedaqoji İnstitutunda mənim  müəllimim olub. O, Xankəndi Pedaqoji İnstitutunun, demək olar ki, bütün tələbələri tərəfindən ən çox sevilən müəllimlərindən idi. Ənvər müəllimi bütün tələbələrə sevdirən cəhəti səmimiliyi, təbiiliyi, təəssübkeşliyi idi. Onun üçün bir nömrəli önəmli məsələ mənəviyyat məsələsi idi. Övladlarında da, tələbələrində də, xalqda da birinci növbədə bunu görmək istəyir, mənəvi üstünlüyə yüksək dəyər verirdi. Xankəndidə olanda söhbətlərində tez-tez qonşu millətlə bizim mənəvi dəyərlərimizi müqayisə edər, nə qədər yüksək mənəvi dəyərlərə sahib bir xalq olduğumuzla qürur duyardı...

Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağ müharibəsi zamanı bir çox müsahibələrində də qələbəmizin təmin olunmasında mənəviyyatın əsas rol oynayacağını dəfələrlə söyləyərək: "Biz içimizi təmizləyib, qeyrətimizi oxvarlayıb, ən azından işğaldan qabaqkı ruhumuza, qayıtmalıyıq", - deyirdi. Şair deyirdi ki, millət bu biabırçı işğalla barışmamalı, öz döyüş ruhu və əzmini qaldırmalı, birinci növbədə mənəviyyat pas atmamalıdır: "Qılıncdan, tüfəngdən, topdan qabaq millətin mənəviyyatı ovxarlanmalıdır. Ruhumuz dirçəIməsə və bunun fonunda vətənpərvərlik hissi güclənməsə, Qarabağı qaytara bilmərik", - deyirdi. O, müharibə ilə bağlı söhbətlərində həmişə inamla söyləyirdi ki, əgər imkan versələr, Azərbaycanın qeyrətli oğulları, silahı olmasa belə, rusun tankının lüləyini qollarının gücü ilə qanırıb əyərlər. Haqsızlığa dözməyən şair millətin haqq səsini ifadə edərək yazırdı:

Həqiqəti görən gözlər göz-görəti tökülməsin,

Qana-qana, bilə-bilə qanmaza diz çökülməsin.

Kəlisalar qızıllanıb, məscidimiz sökülməsin,

Qoyma qala ulu yurdun Göyçə viran, Azərbaycan!

Öz oğluna, öz qızına qalıb güman, Azərbaycan!

Ə.Əhməd hər zaman müharibəni udmağın yolunun xalqın oğul və qızlarının gücü, Azərbaycan əsgərinin qeyrətli hücumları ilə mümkün olacağına inanır və bunu təbliğ edirdi. O, "Bu qılınc qınında pas ata bilməz" şeirində yazırdı:

...Qardaş, Qarabağsız ruhumuz qandı,

İçək Göyçə andı, Zəngəzur andı!

Qələbə tarixin yazılmayıbsa,

Düşmənin məzarı qazılmayıbsa,

Əgər qəbir-qəbir itirsə vətən...

Əgər bu millətin oğlusansa sən,

Bu qılınc qınında pas ata bilməz.

Əgər Ələsgərin ruhu yandısa,

Əgər dünya belə səni dandısa,

Əgər ucalmırsa qeyrət heykəlin,

Əgər əsirdirsə neçə qız-gəlin...

Bu qılınc qınında pas ata bilməz!

Aprel döyüşləri şairin fikrinin doğruluğunu bir daha təsdiq etdi. Aprel döyüşlərindəki qələbə xalqın içində mürgüləyən döyüş əzmi və özünə inamı dirçəltdi. Xəstə olmasına baxmayaraq, Aprel döyüşləri zamanı o da bir əsgər kimi qələmə sarılaraq millətin döyüş ruhunu qaldırmağa xidmət etdi, öz sözləri ilə desək, qələmi ilə düşmənə ölüm hökmü yazdı:

Üçrəngli bayrağımı bağrım üstə sıxıram,

Qarğa qonan zirvəyə qartal kimi çıxıram.

Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan,

Tətik çəkən əlindən öpəcək Azərbaycan!

...Eşit, general oğlan, millətin haqq səsini,

Öz qanınla bərpa et, Vaqifin türbəsini.

Mən də bir əsgər kimi döyüşməyə hazıram,

Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..

Yarım qalmış Aprel döyüşləri, həqiqətən də, millətin ölməkdə olan döyüş ruhunu, əzmini artırdı, vətənpərvərlik hissini gücləndirdi və 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizi təmin etdi. Həmin vaxt şair yazırdı:

Elə bu an, bu saat vətən andı içilir,

Düşmənin öz kəfəni öz qanından biçilir.

Daş qəfəslər əriyir, nəfəsinin odundan,

İgid komandirlərim, şeirimizin adından

Sizə alqış deyirəm,

Qələbə istəyirəm, qələbə istəyirəm.

...Gedir, gedir ordumuz, hücum əmri qətidir,

Qarabağ başdan-başa vətənin cənnətidir.

Ənvər müəllim, bu şeirləri yazan zaman ağır xəstə idi. Amma o, susqun dayana bilmirdi. O bu şeirləri o zaman yazırdı ki, həmin vaxtlar "dünyaca məşhur" xalq şair və yazıçıları ağızlarına su alıb, qəbir kimi lal, qəbir kimi dinməz dayanmışdılar. Ya da öz doğma torpaqlarımızın azadlığı naminə müharibə aparılmasını "barbarlıq", adlandırır,  Avropanın qınağına düşməkdən qorxur, əsim-əsim əsirdilər. Həmişə xalqın içində və yanında olan şair isə yazırdı:

Döyüşə hər atılış, hər vuruş haqdır indi,

Ey vətən, o torpağın hər zərrəsi sənindi,

Cahangirlər böyüdən bu ulu xalq mətindi,

O yer, o yurd, o dağlar bizim məmləkətindi.

...Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir.

Bu haqqın son çağırışı qələbə təntənəsidir.

Ənvər Əhməd təpədən-dırnağa torpağa, yurda, xalqa bağlı şair, Azərbaycançılıq məfkurəsinin daşıyıcısı idi. Onun hələ 70-80-ci illərdə yazdığı şeirləri bu gün də öz aktuallığını, dəyərini itirməyib. Şairin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. 1986-cı ildə rus şairi Yevgeni Yevtuşenkonun:

"Mənə gərək deyildir,

heç nəyin yarısı,

Mənə verin, mənimdir

Göylərin də hamısı,

yerlərin də hamısı", - şeirinə cavab kimi yazdığı şeirdə deyirdi:

Salam, Rusiyanın kürən şairi,

Sinəsindən od püskürən şairi.

Heç nəyin yarısını istəmədin sən.

Üstümə gün doğdu istəklərindən...

Dünyadan böyükmüş istəyin, andın.

Sən bu dünyaya bütöv inandın.

Oxudum şerini, düşündüm, yoldaş.

Mənim də istəyim közərəydi kaş...

Vətən həsrətliyəm a şair, vallah.

Gözümün yaşları Kürdü, Arazdı,

Qurusun dibindən o əlləri ki,

Mənim xəritəmi yarımçıq yazdı..

Yarımçıq nə varsa ona yadam mən,

Qor altda közərən gizli odam mən.

İstərəm hirsimi çırpım daşlara,

Vətənim bölünüb, ürəyim para.

SSRİ-nin qılıncının dalının da, qabağının da kəsdiyi, şairlərin beynəlmiləl havasına oynadığı bir vaxtda o,  Rusiya şairinə ittiham dolu cəsarətli xitabını davam etdirərək müraciətlə deyirdi:

Sizin Smelyakov gör bir nə yazır:

"Baxıram, susuram, fikirləşirəm.

Bəlkə də, boğardı məni kədər, qəm.

Mənim Rusiyamın bircə hissəsi

Bölünüb, yad eldə qalsaydı əgər".

Nə qədər məmnundur şairin səsi,

Sözə bax, Rusiyanın bircə hissəsi

Bölünsə, şairin ürəyi partlar!

Mənim də bölünmüş qibləgahım var!

Göz açıb yarımçıq gördüm Vətəni.

Tarix qınamazmı bunu edəni!?

Ey bütöv istəkli şair yoldaşım,

Bütövlük istəyir torpağım, daşım!.

Zaman hansı haqla yolumu kəsib?

Təbrizə çatmayan qolumu kəsib?

Tarix kimliyimə çoxdan qol çəkib.

Babək qılıncını qınından çəkib.

Oxunsun BMT kürsülərindən:

Bütöv istəyirəm Vətənimi mən!

Şairin bu bütövlük arzusu elə həmin dövrdə rəssam olmaq istəyən oğlu İlhama xitabən yazdığı başqa bir şeirində də öz əksini tapıb:

- Oğul səni and verirəm,

Şah İsmayıl Xətainin

Fatehlik ünvanına,

Çaldıranda tökülən

qılınc-qılınc qanına.

Sən atayın arzusunu,

istəyini duy barı,

Yaramızın üstündən

axan lilli suları

Torpağı bəbəyindən

tökülən qan kimi çək,

Bu torpağı, bu yurdu

Bütöv bir can kimi çək!

Hələ o vaxt bütöv Azərbaycan eşqi ilə alışıb-yanan şairin  "Azərbaycan" şeiri də çox təsirlidir.

Baş qoyaraq dizin üstə tarix boyu can vermişik,

Qətrə-qətrə doğranmışıq, Araz-Araz qan vermişik.

Sızlayanda ürəyimiz ağ günə güman vermişik,

Qaldırmısan haqq səsini, birlik, vüsal Azərbaycan!

Meydan-meydan ucalırsan, ucal, ucal, Azərbaycan!

Bu nə candır gəzdiririk, baş o yanda, bədən burda?

Namərdə bax, göz dikibdi dahiləri doğan yurda,

Dövran yaman dövr eyləyir, tülkü meydan sular qurda

Başın üstə tufan gəzir, məğrur dayan, Azərbaycan!

Şəhriyarın haraylayır, "oyan, oyan", Azərbaycan!

O tayına, bu tayına qurban olum, Azərbaycan!

Onu da demək istəyirəm ki, Ə.Əhmədin şeirlərində ən çox bəyəndiyim cəhətlərdən biri də onların dilidir. Şair öz fikrini son dərəcə təbii, sadə, canlı xalq danışıq dilinə yaxın ifadələrlə poetik şəkildə çatdırır. Unudulmaqda olan sözləri məharətlə şeirinə gətirir. Onun şeirlərinin dilini mən M.V.Vidadinin dil və üslubuna çox yaxın sayıram. O da Vidadi kimi qoşa sözlərdən məharətlə istifadə edərək şeirlərinə xüsusi bir ahəng, ritm verirdi. Şairin şeirlərinin dili mənə həm də "Kitabi-Dədə Qorqud" dastanlarının dilini xatırladır, leksikası baxımından da el-oba, elat sözlərini şeirlərində poetikləşdirirdi. Məsələn: "Qətrə-qətrə doğranmışıq, Araz-Araz qan vermişik"; "Əgər qəbir-qəbir itirsə vətən"; "Zəli kimi nəyin varsa sorub-sorub apardılar"; Şəhriyarın haraylayır, "oyan, oyan", Azərbaycan!";

"Meydan-meydan ucalırsan, ucal, ucal, Azərbaycan!"; "Yaramızın üstündəki dirəkləri sökə-sökə"; "Canımın gözündə qan damar-damar"; "Qana-qana, bilə-bilə qanmaza diz çökülməsin" və s.

Ənvər Əhməd özündə uzun illərdən bəri Qarabağ ağrısını, sızıltısını, nisgilini daşıyan  əzəmətli, möhtəşəm, yeriyən bir Qarabağ heykəli idi... Varlığında, düşüncəsində, ruhunda Qarabağ simvollaşırdı... Qarabağın azad edilməsi, Şuşanın yağı düşmənlərdən təmizlənməsi, Cıdır düzündə Vaqif Poeziya Günlərinin, Xarıbülbül musiqi festivalının keçirilməsi qəlbi həmişə xalqla bir vuran şairin də milli ruhunu dirçəltmiş, mənəvi dünyasını nurlandırmışdı. Onun ən böyük arzularından biri də Xankəndidə Qarabağ Universitetinin açılması idi. Bu gün Xankəndi şəhərində Qarabağ Universiteti artıq 1 ildir ki fəaliyyətini davam etdirir. Heyif ki, bu günləri görmək Ənvər müəllimin qisməti olmadı. Halbuki bu günIəri görmək onun da haqqı idi. Çünki o da Şuşada Xankəndi Universitetini yaşatmaq üçün digər müəllim və tələbələrlə birgə nə qədər stress, sarsıntı keçirmiş,  sağlığını itirmişdi..

Kaş ki, heç oImasa, bir gün, bir saat yenidən Şuşanı, Xankəndini görə biləydi... Buna baxmayaraq, bu gün inanıram ki, şairin ruhu şaddır. Çünki canından da artıq sevdiyi Qarabağ azad, Xankəndidə xaincəsinə çıxarıldığımız institut isə ermənilərsizdir - Qarabağ İnsitutudur. O institutun içərisində gəzdikcə sanki tribunadan yenə Ənvər müəllimin, mühazirələrini dinləyir, şair Ənvər Əhmədin Azərbaycanımızı bütöv görmək arzusu ilə alışıb-yanan odlu-alovlu şeirlərinin səsini eşidirəm.

Ənvər müəllim mənim  düşüncəmdə məhz bu cür - bütöv Azərbaycan şairi kimi qalıb! İnanıram ki, gün gələcək, şairin bu arzusu da gerçəkləşəcək!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
525.az

1Mənbələr