"Cybernews" şirkətinin tədqiqatçıları internetdə açıq şəkildə yayılan 16 milyarda yaxın istifadəçi adı və paroldan ibarət misilsiz məlumat sızmasını aşkar ediblər.
Valyuta.az "Forbes"ə istinadən xəbər verir ki, bəzi mütəxəssislər bu insidenti tarixdəki ən böyük məlumat sızması adlandırırlar. Bildirilir ki, bu məlumat bazası müxtəlif informasiya oğurlayan proqram təminatları vasitəsilə tədricən toplanıb.
Sızan arxivə "Apple", "Google", "Facebook", "GitHub", "Telegram", sosial şəbəkələr, VPN xidmətləri və dövlət platformaları kimi müxtəlif onlayn xidmətlərə aid milyardlarla hesabın avtorizasiya məlumatları daxildir. Qeyd olunur ki, bu istifadəçi adı və parollarının əksəriyyəti yenidir və daha əvvəl ictimaiyyətə açıqlanmayıb.
"Forbes" yazır: “Bu məlumat bazasında yer alan məlumatlar demək olar ki, istənilən onlayn xidmətə çıxış imkanı yaradır”.
Məlumat sızması ilə əlaqədar olaraq kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadəçilərə bütün onlayn hesablarının parollarını dərhal dəyişməyi, parol menecerlərindən istifadə etməyi və imkan daxilində çoxamilli identifikasiya (MFA) sistemini aktivləşdirməyi tövsiyə edirlər.
Xatırladaq ki, daha əvvəl Rusiya Gününə görə Rusiyada Ukrayna yönümlü haker hücumlarının sayında dəfələrlə artım qeydə alınıb.
Paşa Məmmədli