İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə və raketdən müdafiə arsenalı tükənir.
Herbiand.az bildirir ki, bu barədə Amerikanın Military Watch Magazine portal yazıb.
“İsrailin iyunun 13-də İranla başladığı cəmi beş günlük hərbi əməliyyatdan sonra raketdən müdafiə sistemlərinin nəzərəçarpacaq dərəcədə çatışmazlığı İranın ballistik raketlərinin İsrail hədəflərini daha effektiv şəkildə vurmasına imkan verib”, - portal qeyd edib.
İyunun 17-də Washington Post qəzetinin məlumatlı mənbəsi etiraf edib ki, İsrailin hava hücumundan və raketdən müdafiə sistemləri “artıq yüklənib”. Mənbənin sözlərinə görə, indi İsrailin raket əleyhinə müdafiə sistemi ələ keçirilən hədəflərin prioritetini seçməkdə daha qənaətcil və seçici olmalıdır.
Üstəlik, Military Watch Magazine vurğulayıb ki, hərbi analitiklərin ümumi qənaətinə görə, İran İsrailin hədəflərinə zərbələrin miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək üçün ələ keçirilməsi çətin olan yüksək dəqiqlikli raketlərin daha təkmillərindən istifadə etməyə başlamaq imkanına malikdir.
“Artıq iyunun 18-də SEPAH yeni “Fəttah” ballistik raketindən istifadə edərək tarixdə ilk zərbəsini endirdi. Bu raket hipersəs olduğundan tutmaq demək olar ki, mümkün deyil”, - MWM qeyd edib.
Nəşr vurğulayıb ki, hətta İranın münaqişənin ilk günlərində istifadə etdiyi köhnə ballistik raketlər də İsrailin hava hücumundan müdafiə sistemində bir çox problem yaradıb və onların qarşısını almaq çətinliklərə səbəb olub.
Sonda Military Watch Magazine belə qənaətə gəlib ki, İranın raket arsenalının 30 ildən artıq müddətdə toplanmış nəhəng ölçüsü və təkmil imkanları İrana qarşı hava hücumları kampaniyası dayandırılana qədər İsrailə daha böyük dağıntılar gətirməyə səbəb olacaq.
Üstəlik, nəşrin vurğuladığı kimi, İsrailin hava hücumundan müdafiə sisteminin uğursuzluğu, şübhəsiz ki, böyük və uzun sürən münaqişə vəziyyətində bütün dünyada hərbçilərin raketdən müdafiə sisteminin effektivliyinin çox sürətlə yenidən qiymətləndirilməsinə səbəb olacaq.
Bəxtiyar CƏFƏRLİ