İyunun 18-də Qarabağ qazisi, “Tutu” ləqəbli Rüxsarə Cumayevanın 60 illik yubileyi münasibətilə xüsusi tədbir təşkil olunub.
Musavat.com xəbər verir ki, yubiley mərasimində millət vəkilləri, şəhid anaları, qazilər, tanınmış ictimai və mədəniyyət xadimləri, həmçinin Rüxsarə Cumayevanın döyüş yoldaşları iştirak ediblər.
Tədbirdə iştirak edənlər yubilyarı təbrik edib, ona can sağlığı, uzun ömür və yeni uğurlar arzulayıblar. Çıxışlarda Rüxsarə xanımın həm döyüşlərdə göstərdiyi şücaət, həm də müharibədən sonrakı ictimai fəaliyyətləri xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Razi Nurullayev Rüxsarə Cumayevanın şəxsi həyat şəraiti ilə bağlı məsələyə də toxunub. Deputat bildirib ki, Rüxsarə xanımın evində bir neçə dəfə olub və onun mənzil şəraiti ilə yaxından tanışdır:
"Rüxsarə xanım sahəsi 9-10 kvadrat metr olan mənzildə ağır şəraitdə yaşayır. Mən bu məsələni dəfələrlə aidiyyəti dövlət qurumları qarşısında qaldırmışam, Milli Məclisdə də bu barədə danışmışam. Lakin təəssüf ki, bu günə qədər konkret nəticə yoxdur. Onun mənzil şəraitinin indiyə qədər yaxşılaşdırılmaması ciddi ədalətsizlikdir. Bu, yalnız Rüxsarə xanıma qarşı deyil, bütövlükdə cəmiyyətimizin müharibə iştirakçılarına olan münasibətinə kölgə salır".
Deputat əlavə edib ki, yaxın günlərdə Rüxsarə Cumayevanın mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələni bir daha müvafiq nazirliyin diqqətinə çatdıracaq və bu istiqamətdə təcili addımların atılması üçün rəsmi müraciət göndəriləcək.
Yubiley mərasimində musiqi nömrələri səsləndirilib, göstərdiyi fəaliyyətlərə görə fəxri fərmanlar təqdim olunub. Gecənin sonunda qonaqlarla birlikdə xatirə fotoları çəkilib.
Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com




