AZ

Gənc gizirin dillərdən düşməyən qəhrəmanlıq salnaməsi - Bir gecədə dünyanı mat qoyan döyüşçü

Bakı, 19 iyun, AZƏRTAC

Bu gün Azərbaycanın Milli Qəhrəmanı şəhid gizir Mübariz Ağakərim oğlu İbrahimovun şəhidlik zirvəsinə yüksəlməsindən 15 il ötür.

AZƏRTAC xəbər verir ki, düz 15 ildir Mübarizin doğulub-böyüdüyü Biləsuvar rayonunun Əliabad kəndindəki ata ocağı insanların ziyarətgahına çevrilib.

Mübarizin şəhadətinin təməli olan bu ocaq insanların onu daha yaxından tanıması, həyatının bütün illərini pillə-pillə öyrənməsi üçün bir məkandır.

Mübariz İbrahimovun dünyaya gəlməsindən bir neçə il sonra torpaqlarımızın işğal altına düşməsi, xalqımıza verilən zülmlər qəhrəmanın öz yolunu seçməsinə rəvac vermişdi. Mübariz elə uşaq yaşlarından qərar vermişdi: bütün bunların qisası mütləq alınmalı idi. O, böyüdükcə içində Vətənə olan sevgi, düşmənə olan nifrət böyüyürdü. Həqiqi hərbi xidməti uğurla başa vuran Mübariz hələ Vətən qarşısında borcunu tam ödəmədiyini düşünüb, valideynlərinin xeyir-duasını alaraq gizirlik məktəbini keçib, ordu sıralarına geri döndü. Onun qisas planı bir başqa idi. Həmin gün artıq vədə yetişmişdi. 2010-cu il iyunun 18-i gecə Mübariz İbrahimov üçün qisas gecəsi idi...

Həmin gecə Azərbaycan ordusunun əfsanəvi giziri təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çoxsayda əsgər və zabitini gözlənilməz həmlə ilə tərk-silah edir. Sonra isə düşmənin silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür, düşməni ağır itkilərə məruz qoyur. Amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Bir hərbçinin o qədər canlı qüvvəni məhv etdiyini həzm edə bilməyən düşmən qəhrəmanın nəşini vermək istəmirdi. Ancaq onun nəşinin düşmən tərəfdən alınması bir neçə aydan sonra mümkün oldu. 2010-cu il noyabrın 7-də Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırıldı.

Mübariz İbrahimov bir gecədə bir ordunun gücünü nümayiş etdirmişdi. Qəlbində çağlayan Vətən eşqi, içini yeyən intiqam hissi ona elə bir qüvvə bəxş etmişdi ki, qarşısında dünya da dayansaydı, onu yarıb keçəcəkdi. 22 yaşlı gizir özündən sonra yetişən nəslin qəhrəmanlıq simvoluna çevrildi. Onun şücaəti ölkənin hüdudlarından kənarlarda da dildən-dilə dolaşmaqdadır. Dünyanı heyran qoyan gənc Azərbaycan giziri təkbaşına düşmənə “Torpaqlarımızı tezliklə azad edəcəyik!” mesajını vermişdi. Mübarizin uğrunda can verdiyi üçrəngli Bayrağımız bu gün Azərbaycanın bütün azad edilmiş torpaqlarında qürurla dalğalanır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta 2020-ci il oktyabrın 4-də Azərbaycan Bayrağı sancılıb.

 

 

Seçilən
0
1
azertag.az

2Mənbələr