AZ

Azərbaycançılıq qalib Azərbaycan dövlətinin əsas mənəvi dayağı kimi yaşamaqdadır

Dövlətin varlığını təsdiqləyən amillərdən biri məhz ideologiyadır. İdeologiyası olmayan millətin dövlətçiliyindən də söhbət gedə bilməz. Məhz ideologiya millətin varlığını təsdiqləyir. Milli ideologiyasını qoruyub saxlamağı bacaran millət dövlətçiliyini də təsdiqləmiş olur. Milli ideologiyamızın əsas tərkib hissəsini azərbaycançılıq və dövlətçilik təşkil edir. Və azərbaycançılıq ideologiyası xalqımızın həyatında xüsusi önəm kəsb edir. 

Mövzuya münasibət bildirən Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri, politoloq Vüqar Qədirov bildirib ki, Azərbaycançılıq ideologiyası xalqımızın çoxəsrlik tarixi-mədəni yaddaşının, milli azadlıq mübarizəsinin, dövlətçilik gələnəklərinin və dil-din birliyinin zəminində formalaşmış strateji ictimai-siyasi təfəkkürün nəticəsidir:

“Onun ideoloji konturları ilk dəfə XIX yüzilin sonları – XX yüzilin əvvəllərində, özəlliklə Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli və s. kimi aydınların əsərlərində öz ifadəsini tapdı. Bu ideya Azərbaycanın yalnız coğrafi yox, həm də milli-mədəni bütövlüyünü təcəssüm etdirirdi.

Azərbaycançılıq sonucda yalnız bir ideologiya deyil, həm də milli varlığın, xalqın öz kimliyini tanıması və tanıtması yolunda mənəvi-siyasi dirəniş konsepsiyasıdır. Bu ideya tariximizin sarsıntılı dönəmlərində – çarizmin, sovetlərin və müstəqilliyin ilk illərində xalqın birləşdirici dayağına çevrilmişdir. 1990-cı illərin əvvəllərində məhz azərbaycançılıq ideyasının dirçəldilməsi müstəqilliyin qorunmasında əsas dayaqlardan birinə çevrildi”.

Politoloqun fikrincə, Azərbaycançılıq ideologiyası çoxölçülü və çoxqatlıdır. Birlik sədri bildirib ki, bu ideologiya özündə bir çox dəyərləri birləşdirir:

“Bu ideologiya özündə milli birlik və vətəndaş həmrəyliyini, Azərbaycanın dövlət dili olan Azərbaycan türkcəsinin qorunması və inkişafını, bütün vətəndaşların – milliyyətindən, dinindən, məzhəbindən asılı olmayaraq – bərabər hüquqlarla cəmiyyətin və dövlətin inkişafında iştirakını ehtiva edir. Bu ideologiya, eyni zamanda tarixi yaddaşın bərpası və milli mədəni irsə sahib çıxmasını, Azərbaycanın bütövlüyünün və suverenliyinin qorunmasını, multikulturalizm və tolerantlıq prinsiplərini, Qafqazda və Avrasiya məkanında milli-mədəni identikliyin qorunması ilə qlobal proseslərə açıq inteqrasiya kimi dəyərləri özündə birləşdirir. Azərbaycançılıq həm də siyasi kimlik məsələsidir – hansı partiyadan, ideoloji baxışdan, sosial təbəqədən olmasından asılı olmayaraq, hər kəsin Azərbaycan dövlətinin varlığına və gələcəyinə sahib çıxması zərurətini ifadə edir.

Vüqar Qədirov açıqlamasında 15 iyunda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin azərbaycançılıq ideyasını çoxmillətli respublikada monolitliyi təmin etmək üçün dövlətçiliyin qurtuluş fundamenti hesab etmək olarmı sualına münasibət bildirərkən bu istiqamətdə görülən tədbirlərə də toxunub:

“Şübhəsiz ki, 15 İyun – Milli Qurtuluş Günü təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də Azərbaycançılıq ideologiyasının dövlət siyasətinin mərkəzinə çevrildiyi gündür. Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, güclü dövlətçilik təfəkkürü və milli birliyə çağırışı, o dövr üçün həyati əhəmiyyət kəsb edən strateji addım idi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri azərbaycançılıq ideologiyasını sadəcə siyasətin bir elementi yox, həm də mənəvi-psixoloji dirçəliş formulu kimi təsbit etdi.

Heydər Əliyev üçün azərbaycançılıq həm də milli varlığın davamlılığı, azərbaycanlı kimliyinin formalaşması və xalqın bütövlüyü naminə zəmin yaratmaq demək idi. Ölkəmizdə bu ideya çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bunlar Milli Ordunun yaradılması və dövlət atributlarının bərpası, multikulturalizm siyasətinin rəsmi ideologiyaya çevrilməsi, milli-mənəvi irsin qorunması və təbliği, o cümlədən ədəbi-mədəni dəyərlərin reabilitasiyası, vətəndaş cəmiyyətinin formalaşması üçün hüquqi əsasların yaradılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli şüurun yüksəldilməsi, diaspor siyasətinin qurulması və xaricdə yaşayan azərbaycanlıların milli kimlik ətrafında səfərbər edilməsi kimi mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Müdrik dövlət xadimi üçün azərbaycançılıq təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində – daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Bütün bunlar çoxmillətli, müxtəlif konfessiyalı bir ölkədə daxili sabitliyi, siyasi bütövlüyü və ideoloji monolitliyi bərqərar etdi. Heydər Əliyev azərbaycançılığı dövlətin ideoloji dayağına çevirməklə ölkəni parçalanmaq təhlükəsindən xilas etdi.

Azərbaycançılığın dövlət siyasəti səviyyəsinə yüksəldilməsini göstərən ən bariz cəhət bu ideologiyanın bərabərlik, humanizm kimi əsas prinsiplərinin Konstitusiyanın müddəalarında öz əksini tapmasıdır.

Görülən işlərin nəticəsi olaraq, bu gün azərbaycançılıq ideologiyası cəmiyyətimizdə harmoniya və sabitliyin, sağlam ictimai münasibətlərin möhkəm əsasını təşkil edir.

Azərbaycançılıq ideyası həmçinin möhtəşəm Qələbəmizi şərtləndirən amildir. Birlik sədri qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsində qazanılmış şanlı Zəfər, təkcə hərbi gücün deyil, eyni zamanda ideoloji bütövlüyün – azərbaycançılığın təntənəsi idi:

“Azərbaycançılıq millət və dövlət arasındakı psixoloji bağın, sosial təbəqələr arasındakı vətəndaş həmrəyliyinin və müxtəlif etnik qrupların eyni dövlət bayrağı altında birləşməsinin ideya kodudur.

Məhz bu ideya sayəsində Azərbaycan Ordusunun sıralarında təkcə azərbaycanlılar deyil, talışlar, ləzgilər, avarlar, tatlar, ruslar və digər xalqların nümayəndələri də əsgər kimi savaşa atıldılar. Çünki bu ideya onlara mənsubiyyət, qürur və ümid verdi.

Cənab Prezident İlham Əliyev bu xətti uğurla davam etdirərək, azərbaycançılığın çağdaş çağırışlar fonunda inkişafını təmin etdi. Mübarək “Dəmir yumruq” təkcə hərbi iradənin simvolu deyildi – o həm də xalqın ideoloji birliyinin, milli məfkurə ətrafında sıx birləşməsinin metaforasına çevrildi”.

Politoloq bildirib, azərbaycançılıq bu gün də qalib Azərbaycan dövlətinin əsas mənəvi dayağı kimi yaşamaqdadır. Vətənini sevən, dilinə yiyə duran, tarixini və mədəniyyətini yaşadan hər bir gənc bu ideologiyanın canlı daşıyıcısıdır.

Elnurə İSAXAN

 

 

Seçilən
2
herbiand.az

1Mənbələr