AZ

Bu göstərdi ki, quru sərhədlərin bağlı qalması doğru idi — Deputat

“Hazırda gedən proseslər Azərbaycanın quru sərhədlərinin bağlı olmasının doğru addım olduğunu göstərdi”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, sərhədlərin bağlanması ilk dövrlərdə koronavirus pandemiyası ilə əlaqədar idisə, sonrakı dövrdə bu, geosiyasi vəziyyətlə bağlı idi:

“Azərbaycanın həm cənub, həm də şimalında hərbi əməliyyatlar təhlükəsi qaldığına görə, Azərbaycan quru sərhədlərini bağlamalıydı. Amma bu, heç də sərhədlərin tam bağlanması demək deyildi. Bu gün gedən proseslər Azərbaycanın doğru addım atdığını göstərdi. Bu, qonşu ölkələrlə istər-istəməz müəyyən problemlərin yaranmasına səbəb olacaqdı. Azərbaycan bu problemlərdən, hərbi əməliyyatlara cəlb edilməkdən qurtuldu. Azərbaycan həmçinin həm Rusiya, həm də İranla mehriban qonşuluq münasibətində olmaq istədiyini göstərdi”.

Deputat qeyd edib ki, əgər Azərbaycan yaşam üçün təhlükəli ölkə olsaydı, bu gün bir çox dövlətlər Azərbaycandan İranda qalan vətəndaşlarının təxliyəsinə kömək etməsini xahiş etməzdilər:

“Rusiya vətəndaşlarının təxliyəsindən sonra bu ölkənin XİN sözçüsü Mariya Zaxarova, XİN rəhbəri Sergey Lavrov Azərbaycana təşəkkür etdi. Dünən isə Vladimir Putin Azərbaycanla iqtisadi əlaqələrin perspektivindən danışdı. Bunlar hamısı göstərir ki, Azərbaycan sərhədlərini bu dövrlərdə bağlı saxlamaqla düzgün addım atıb.

Azərbaycanın xarici siyasəti həmişə ölkəmizin milli maraqlarına, regionda sülh və əmin-amanlıq ölkəsi kimi qalmasına, münaqişələrə həll yolunda kömək etmə istiqamətində yönəlib. Bunlar hamısı nəticəsini verir”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
1
1
demokrat.az

2Mənbələr