AZ

Tanınmış plastik cərrahlar qanunsuz fəaliyyət göstərir? — RƏSMİ AÇIQLAMA

Mediada yayılan məlumatlara görə, bir neçə tanınmış plastik cərrah fəaliyyətinə icazə verilmədiyi halda, hələ də Bakıdakı klinikalarda çalışmaqda davam edir. Məlumatda Könül Ağamirova, Şövkət Əliyeva, Səkinə Xudiyeva və Səbinə İsmayılovanın adı çəkilir.

Demokrat.az məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu göndərib. Verilən məlumata görə, qurum məsələ ilə bağlı yoxlamalar aparmaqdadır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna əsasən lisenziyalı özəl tibb müəssisələrinə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Hər hansı bir fəaliyyət subyektində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün zərərçəkən tərəfindən mütləq olaraq təsdiqedici sənədlərlə AEM-ə müraciət etməlidir”.

Məlumata görə, nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir:

“Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin:

210.1.-ci maddəsində Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə,

215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə,

215.4-cü maddəsinə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək bildirir ki, özəl tibb müəssisələrində rast gəlinən qanunsuz hallarla və ya şikayətlərlə bağlı aşağıdakı əlaqə kanalları vasitəsilə məlumat verə bilərlər:

“Bir pəncərə” sektoru
Qaynar xətt: (012) 596 05 20
Elektron poçt: [email protected]
Rəsmi veb-sayt: www.pharma.az – “Müraciət” bölməsi

Daxil olan müraciətlər hərtərəfli araşdırılır və zərurət yaranarsa, qeyd olunan tibb müəssisəsində və ya aptek təşkilatında plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
4
demokrat.az

1Mənbələr