BAKI, 19 iyun. TELEQRAF
Bu ilki suallar əvvəlki sertifikasiya imtahanı suallarına nisbətən çətin idi.
Bunu dünən sertifikasiya imtahanı vermiş Zaqatala rayonu, Cimcimax kənd ümumi orta məktəbinin riyaziyyat müəlliməsi Tünzalə Zöhrabzadə Teleqraf-a açıqlamasında deyib.
O, imtahanda 55 bal toplayıb.
Tünzalə müəllimənin sözlərinə görə, builki imtahanda suallar heç də asan olmayıb:
“Əvvəlki sertifikasiya imtahanlarının suallarını işləmişdim. Bu dəfə imtahan sualları onlara nisbətən çətin idi. Həndəsə sualları cəbr suallarından çox idi. Bu düşündürücü suallar da, təbii ki, vaxt aparırdı”.
Tünzalə müəllimə imtahandakı metodika suallarının isə çox asan olduğunu vurğuladı:
“Metodika sualları asan idi. 10 sualdan 9-nu düzgün yazdım”.
Əlaqə saxladığımız ingilis dili müəllimlərinin əksəriyyəti imtahan suallarının çətin olmadığını dedilər. Müəllimlərin çoxu 50-dən yuxarı nəticə göstərdiklərini və sualların məktəb proqramını tam əhatə etdiyini bildirdilər.
Azərbaycan dili və ədəbiyyat müəllimləri nədən narazıdır?
Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə bağlı vəziyyət isə heç ürəkaçan deyil. Əlaqə saxladığımız müəllimlərin əksəriyyəti imtahandan aşağı nəticə göstərdiklərini dedilər. Demək olar ki, bütün müəllimlər eyni şeyi dedi: “İlk on üç sual həddən artıq çətin idi, vaxt apardı, digər sualları işləməyi çatdırmadım”.
Azərbaycan dili və ədəbiyyat müəllimləri dünəndən bəri sosial şəbəkələrdə narazılıqlarını dilə gətirirlər. Onların sözlərinə görə, imtahanda 8 mətn salınacağı deyilsə də, 13 mətn olub. Bütün mətnlər orijinal variantdan salınıb. Üslub isə həddən artıq çətin olub.
Qeyd edək ki, dünən riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı fənlərindən sertifikasiya imtahanı keçirilib.
Ölkə üzrə sertifikasiya imtahanlarında 18 müxtəlif şəhər və rayonlarda, ümumilikdə 39 imtahan mərkəzində 2019 nəfər müəllim iştirak edib, 95% davamiyyət qeydə alınıb.