Mitsubishi Heavy Industries Maritime Systems şirkəti “Yubetsu” freqatını Yaponiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verib. Bundan sonra Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin bayraq qaldırma mərasimi keçirilib.
Herbiand.az bildirir ki, bu, Yaponiya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Moqami” sinifli 8-ci gəmidir.
Bu sinifdən olan qalan gəmiləri kimi yeni freqat da çayın adını daşıyır. “Yubetsu” çayı Yaponiyanın şimalındakı Hokkaydo adalarından keçir.
“Yubetsu” zenit, qanadlı və gəmi əleyhinə raketlərdən istifadə üçün nəzərdə tutulmuş Amerika Mk.41 şaquli buraxılış sistemi ilə təchiz edilmiş seriyadan olan ikinci esminesdir.
Freqatın çatdırılma dəyəri təxminən 47,4 milyard yen (326 milyon ABŞ dolları) təşkil edib.
Freqatın gövdəsinin uzunluğu 132,5 metr, eni 16,3 metrdir. CODAG tipli birləşmiş dizel-qaz turbinli elektrik stansiyası ilə təchiz edilib. Lakin böyük gəmi üçün ekipajın sayı nisbətən azdır - 90 nəfər. Bu da bortda yüksək səviyyədə avtomatlaşdırma sayəsində mümkün olub.
Freqat BAE Systems şirkətinin 127 mm-lik Mk.45 artilleriya qurğusu, 400 km-ə qədər mənzilə malik “Tip-17” gəmi əleyhinə raketlər, 12,7 mm-lik pulemyotlarla uzaqdan idarə olunan döyüş modulları, 324 mm-lik “Tip-12” torpedaları və minalarla silahlanıb. Göyərtədə bir çoxməqsədli helikopter, eləcə də minalarla mübarizə üçün müxtəlif sualtı pilotsuz aparatlar ola bilər.
Bəxtiyar CƏFƏRLİ