Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin ölüm və ölümə səbəblərin statistikasını açıqlayıb. Məlumata görə, 2024-cü ildə ölkə üzrə ümumilikdə 489361 nəfər həyatını itirib. Bu rəqəmin 54,8 faizi kişi, 45,2 faizi qadındır. Əvvəlki 2023-cü ildə ölənlərin sayı 526416 olaraq qeyd edilib.
Hafta.az-ın yazdığına görə, hər min nəfərə düşən ölüm sayını göstərən ölüm nisbəti 2023-cü ildə mində 6,2-dən 2024-cü ildə mində 5,7-yə enib. Başqa sözlə, 2023-cü ildə hər min adamdan 6,2-si həyatını itirdiyi halda, bu nisbət 2024-cü ildə 5,7-yə düşüb.
Ən yüksək ölüm göstəricisinə malik vilayət mində 10,4 ilə Kastamonu, onu Sinop (mində 10), Ədirnə və Balıkəsir (mində 9,7) və Artvin (mində 9,6) izləyir. Ən aşağı ölüm nisbəti mində 2,2 Hakkaridə olub. Hakkarini Şırnak (mində 2,4) və Van (mində 2,9) izləyib.
2024-cü ildə ölümlərin 36 faizi qan dövranı sistemi xəstəlikləri səbəbindən baş verib. Bu qrupu 16,3 faizlə şişlər (xoş və bədxassəli) və 15 faizlə tənəffüs sistemi xəstəlikləri izləyib.
Qan dövranı sistemi xəstəlikləri arasında aşağıdakı ölüm halları baş verib:
42,9 faizi ürəyin işemik xəstəlikləri, 23,9 faiz digər ürək xəstəlikləri, 18,3 faizi serebrovaskulyar (beyin damarı) xəstəliklər.
Bu qrupa görə ölüm nisbətinin ən yüksək olduğu vilayət 50,7 faizlə Çanaqqala olub. Onu 46,9 faizlə Karabük, 43,9 faizlə Balıkəsir və 41,8 faizlə Çorum izləyib. Ən aşağı nisbət 26,6 faizlə Kilisdə görülüb. Kilisi 29,9 faizlə Van, 30,9 faizlə Kayseri və 31 faizlə Gümüşhanə izləyib.
Şişlərin törətdiyi ölümlərin alt səbəbləri araşdırıldıqda ən çox rast gəlinən səbəblər 29,1 faizlə qırtlaq, nəfəs borusu, bronx və ağciyərin bədxassəli şişlər olub.
Digər mühüm ölüm səbəbləri bunlar olub: Yoğun bağırsağın (kolon) bədxassəli şişləri 8 faiz, limfa və qan hüceyrələrindən qaynaqlanan şişlər 7,8 faiz.
Bu xəstəliklərdən ölüm nisbətinin ən yüksək olduğu vilayət 21,7 faizlə Ağrı, ikinci yerdə 21,4 faizlə Bingöl, 20,7 faizlə Ankara və 20,3 faizlə Vandır. Ən aşağı nisbət yenə 10,1 faizlə Kilisdə görülüb. Kilisi 10,9 faizlə Şanlıurfa, 11 faizlə Çorum və 11,4 faizlə Şırnak izləyib.
2023-cü ildə 9731 körpə ölümü qeydə alındığı halda, 2024-cü ildə bu rəqəm 8475-ə enib. Buna uyğun olaraq, körpə ölümü, yəni min diri doğuşa düşən körpə ölüm nisbəti mində 10,1-dən 9-a düşüb.
Eynilə, 5 yaşadək uşaqların ölüm nisbəti 2023-cü ildə mində 14,7, 2024-cü ildə mində 11,1 olaraq hesablanıb.